İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Musavat.com xəbər verir ki, bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək.

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.

Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR