İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Gürcüstanı Ukraynanın taleyini yaşamağa məcbur edə bilər” - İLGİNC DETALLAR

Gürcüstanda gərginlik get-gedə artır. 29-30 noyabr tarixlərində Tiflisdə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) bu barədə məlumat yayıb.

Qurumun məlumatında bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar. Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb. Yayılan qeyri-rəsmi xəbərlərdə deyilir ki, Gürcüstan Müdafiə Nazirliyi də etirazçılara qoşulub.

Proses inqilabla nəticələnə bilərmi? Yoxsa artıq Gürcüstanda inqilab mümkün deyil?

YUSİF.jpg (286 KB)

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, hələ parlament seçkilərindən əvvəl Gürcüstanda vəziyyətin gərginləşəcəyi proqnozlaşdırılırdı və belə də oldu:

“Ermənistanı böyük ölçüdə ram etməyi bacaran Qərb Azərbaycana təzyiqlərin fayda vermədiyini gördükdən sonra bütün diqqəti Gürcüstan üzərinə cəmlədi. Əvvəl “Xarici agentlər haqqında” qanunu bəhanə edib Gürcüstan hakmiyyətinə təzyiq etməyə başladılar, bu, nəticə vermədikdə isə seçkini bəhanə edib hakimiyyəti dəyişmək üçün hərəkətə keçdilər. Lakin seçkilər onu göstərdi ki, Avropanın və ümumilikdə Qərbin bütün təzyiqlərinə baxmayaraq, Gürcüstan öz dövlət maraqlarından geri çəkilmədi.

Qərb tərəfindən uzun illər ərzində formalaşdırılan ictimai sektor və hazırda əsas müxalifət qismində iştirak edən qüvvələr də faktiki olaraq Qərbdən gələn sifarişləri icra edə bilmədilər. İndi isə Qərbin Gürcüstanda öz maraqlarını təmin edə bilməsi üçün yeni fürsət yaranıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və maliyyə yardımından imtina etdiyini bildirməsi yeni etiraz dalğasına səbəb olub. Şübhə yoxdur ki, baş verənlər Avropa İttifaqının ayrı-ayrı ölkələrə qarşı yanlış siyasətindən qaynaqlanır. Yəni başqa sözlə desək, kollektiv Qərb Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açılmasını istədiyi üçün ölkələrin daxili işlərinə müdaxilə yolunu seçib. Hər kəs başa düşür ki, burada məqsəd deyildiyi kimi Gürcüstan xalqının maraqları yox, məhz Qərbin öz maraqlarıdır”.

Politoloq qeyd edib ki, Avropa Parlamentinin noyabrın 28-də Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq haqqında qərarı və beynəlxalq ictimaiyyəti bu nəticələri qəbul etməməklə bağlı çağırışları da bunun tərkib hissəsidir:

“Problem ondadır ki, Qərb uzun illər ərzində Gürcüstanda ictimai sektora dəstək adı ilə külli miqdarda maliyyə vəsaiti xərcləyib və bununla da özünün çox güclü “5-ci kolon”unu formalaşdıra bilib. Onun nəticəsidir ki, bu gün Gürcüstan cəmiyyəti faktiki olaraq iki hissəyə parçalanıb. Belə demək mümkünsə, Gürcüstan artıq vətəndaş müharibəsi həddindədir. Bu isə Qərbin maraqlarına cavab verir. Ölkədə xaosa nail olmaq və bu fonda istəklərini əldə etmək.

Proseslərin gedişi onu göstərir ki, Avropa İttifaqı və ümumilkdə Qərb Gürcüstanda həyata keçirmək istədiklərinə nail olmaq üçün qan tökülməsinə belə razıdır. Aİ-nin artıq səlahiyyətləri bitmiş Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrellin bu günlərdə verdiyi açıqlamada Gürcüstanda xalqın azadlığına dəstək məqsədilə 120 milyon avro ayrılacağını bildirməsi də bunu sübut edir. Bir sıra diplomatların və rəsmi şəxslərin müxalifətə dəstək nümayiş etdirməsi və ümumiyyətlə, proseslərin bu cür davamı Gürcüstan dövlətçiliyini də zədələyə bilər”.

Yusif Bağırzadənin sözlərinə görə, indi hər şey hazırkı iqtidarın hansı addımlar atacağından asılı olacaq:

“Mövcud hakimiyyət xarici təzyiqləri, hətta sanksiyaları belə göz önünə alıb sərt addımlar atmalıdır. Ya da təzyiqlərə boyun əyib geri çəkilmək məcburiyyətində qalacaq. İkinci hal Gürcüstan üçün ağır nəticələrə səbəb olacaq. Çünki bu, Gürcüstanı Ukraynanın taleyini yaşamağa məcbur edə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR