İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Yel çərşənbəsidir

Qədim inanca görə, təkcə küləyin qopması, təbiətin hərəkətə gəlməsi ilə bağlı deyil, həm də...

Novruzun mərhələlərindən biri - ilaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsi qeyd olunur. Xalq arasında bu günə bəzən “Küləkli çərşənbə” də deyilir. Bu ad təsadüfi deyil - çünki qədim inanclara görə, yel təbiətin nəfəsi, həyatın hərəkətverici qüvvəsidir. Hava ünsürünün canlanması ilə həyat da oyanır, baharın nəfəsi hiss olunur.

Novruzun çərşənbələri haqqında müxtəlif bölgələrdə fərqli adətlər və inanclar mövcuddur. Məsələn, Yel çərşənbəsi əksər bölgələrdə bu gün qeyd olunsa da, Naxçıvanda bu günə Torpaq çərşənbəsi deyilir. Bu müxtəlifliyin kökləri qədim türk və zərdüşti inanclarına gedib çıxır.

Folklorşünasların fikrincə, bu dörd çərşənbənin sıralaması ilə bağlı tam razılıq yoxdur. “Avesta” kimi qədim mənbələrə görə, yaradılışın ilkin mərhələlərində Ahura Məzda xaos içərisindən əvvəlcə suyu, sonra odu, daha sonra torpağı və sonda yeli yaratmışdır. Bu baxımdan bəzi tədqiqatçılar hesab edirlər ki, üçüncü çərşənbə torpağın oyandığı gün, sonuncu isə küləyin hərəkətə gəldiyi gündür.

Yel çərşənbəsinin adət-ənənələri

Yel çərşənbəsi ilə bağlı bir sıra maraqlı və bəziləri artıq unudulmuş adətlər var.

Məsələn, yüyət günü: Yel çərşənbəsinin vacib adətlərindən biridir. İnsanlar bu gün həm mənəvi, həm də fiziki təmizliyə diqqət edərdilər. Ev-eşik, həyət-baca süpürülər, təmizlik işləri görülərdi. İnanca görə, yel yalnız təmiz olan evlərə uğur gətirər, bərəkət daşıyar.

Cıdır falı: Kəndin gəncləri cıdır meydanına yığışar, hər kəs bir atı nişanlayıb ürəyində niyyət tutardı. Hansı gəncin seçdiyi at birinci gəlirdisə, onun niyyətinin gerçəkləşəcəyinə inanardılar. Bu adət qədim türklərin at kultu ilə bağlıdır - çünki at sürəti və gücü təmsil edirdi, yel kimi azad və coşğun idi.

Başmaq falı: Subay qızlar axşam evin qapısına arxaları həyətə dönərək sağ çiyinləri üstündən başmaqlarını atardılar. Başmağın burun tərəfi qapıya sarı düşərdisə, bu, həmin qızın həmin evdə qalacağına, əksinə düşərdisə, yaxın zamanda köçəcəyi - yəni ailə quracağı anlamına gələrdi.

Yel çərşənbəsi ilə bağlı artıq unudulmuş bir sıra şirniyyatlar var. Məsələn Yel çərşənbəsində bişirilən çökə adlı şirniyyat maraqlı adətlərdən biridir. Görünüşcə şəkərburaya bənzəsə də, üzərindəki naxışlar qədim mifoloji simvolları özündə əks etdirirdi. Çökə ilk növbədə evə gələn qonaqlara təqdim edilərdi - bu, bolluğun və qonaqpərvərliyin simvolu idi.

Xatırladaq ki, bu il xalq təqviminə görə, Yel çərşənbəsi martın 10-da qeyd edilir. Sonuncu ilaxır çərşənbə - Torpaq çərşənbəsi martın 18-də olacaq. Beləliklə, Yel çərşənbəsi yalnız küləyin qopması, təbiətin hərəkətə gəlməsi ilə bağlı deyil - bu, həm də insanın daxilən təmizlənməsi, ruhun yenilənməsi anlamına gəlir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR