İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Bakıda iməcilik var - sovet ənənəsi, yoxsa...

Deputat və tanınmış şəxslər BŞİH-nin bugünkü tədbirinə dəstək verdilər

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə bu gün- may ayının 25-də paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır. “Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq” deyə, məlumatda bildirilir. 

İməcilik MDB ölkələri arasında sovet dönəmindən qalmış, kapitalist ölkələrinə xas olmayan bir ənənədir. İməcilik sözünün mənası öz istəyi ilə istirahət günlərində təmizlik, abadlıq işləri aparmaq deməkdir. Naxçıvanda Vasif Talıbov hakimiyyəti illərində hər həftənin istirahət günləri iməciliklər keçirilib. Naxçıvan Ali Məclisinin rəsmi səhifəsində verilən məlumata görə, hər həftə 50 minə yaxın “könüllü” bu iməciliklərdə iştirak edib. Təmizlik işləri görmək üçün hər idarə və müəssisə üçün xüsusi ərazi təyin olunub. Hər kəs öz ərazisinə görə məsuliyyət daşıyıb. Vasif Talıbovun bu zorla keçirdiyi iməciliklər zaman-zaman həm mediada, həm də ictimai müzakirələrdə ciddi tənqid hədəfinə  çevrilib. Əlbəttə ki, hər bir sakin öz yaşadığı ərazidə səliqəli və təmiz olmasını istəyir. Amma bunu iməcilik şüarı altında etmək heç də birmənalı qarşılanmır. 

Fazil Mustafa yeni yaradılan universitetlərdən danışdı

Fazil Mustafa  

Deputat Fazil Mustafa bu cür iməciliklərin keçirilməsinin faydalı olduğunu qeyd edib: “Bəzən insanlarda belə bir fikir yaranır ki, ümumiyyətlə şəhərin təmizliyi, bununla bağlı məsuliyyət dövlət qurumlarının üzərinə düşür. Hesab edirəm ki, bu məsələdə insanları müəyyən dərəcədə ictimai fəallığa cəlb etmək lazımdır. Sosialist qaydalar bir qədər fərqli idi, bunu müxtəlif formalarda edirdilər. Hazırda bir və yaxud üç aydan bir belə bir tədbirin keçirilməsinin ziyanı yoxdur. Hesab edirəm ki, şəhərin təmizliyi üçün cəmiyyətimizin bu mövzuya həssaslığını artırmaq lazımdır.  Yəni 2-3 saatlıq iməcilik ilə insanın taleyində nə isə mənfi mənada dəyişməyəcək. Əksinə, vətəndaşlarımızın ağacəkmə kampaniyasında iştirak etməsi, təmizlik tədbirlərinə qoşulması çox müsbət tendensiyadır. Ona görə də biz bu məsələni norma şəkildə dəyərləndirməliyik”.

Sosioloq Əhməd Qəşəmoğlu da iməcilik tədbirlərinin tərəfdarı olduğunu deyib:"Anlaya bilmirəm ki, insanlar iməcilik adından niyə qorxur. Axı insanları aparıb, kiminsə həyətində işlətmirlər, bu iməcilik şəhərimiz üçündür.

Beləliklə, mən iməcilik tədbirlərinin tərəfdarıyam. Bəlkə də bunun üçün maarifləndirmə işi aparmalıdır. Bəzi insanlar bu məsələni birmənalı qarşılamır. İndi elə bir dövr yaranıb ki, insanların əksəriyyətində natamamlıq kompleksi artıb. Yəni kim nə edirsə, mütləq ona irad tutmağı özünün müsbət xüsusiyyəti kimi baxır. Beləliklə, çox istəyərdim ki, hər kəs  bu cür tədbirlərdə iştirak etsin. Burada heç bir pis iş yoxdur. Mən də yaşımın bu vaxtında əlimdən gələni etməyə hazıram".

Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” - Aydın Xan  Əbilov | KONKRET

Aydın Xan Əbilov

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə iməciliyin  sosializmə aid olması düşüncəsini yanlış hesab edir. 

Xatırladım ki, bir neçə il bundan əvvəl Vaşinqtonda ABŞ-ın vitse-prezidenti öz həyətinin qabağından qarı təmizləmədiyinə görə cərimələnmişdi. Çünki o vaxt  bələdiyyə qərar qəbul etmişdi ki, bələdiyyə və kommunal işçilər 1 metrdən çox yağan qarı təmizləyə bilmədiyinə görə bütün vətəndaşlar öz evinin qarşısındakı səkiləri təmizləməli idilər. Vitse-prezident də bunu etməmişdi, ona görə o cəzalandırılmışdı. İməcilik, təmizlik hər gün olmalıdır, nəinki icra hakimiyyətinin  şüarı ilə hansısa şənbə və yaxud bazar günləri. Gəlin Bakının vəziyyətinə baxaq, dövlət qurur, tikir, parklar salır, amma həyətlər, küçələr, səkilər xoşagələn vəziyyətdə deyil. Küçələrdə, səkilərdə, parklarda çeynənilib atılan saqqızlara, siqaret kötüklərinə, tum qabıqlarına rast gəlirik. Həmçinin məişət tullantılarını binalardan birbaşa həyətə atan vətəndaşlarımız var. Məgər bu şəhər bizim deyil? Bu küçələrdə, səkilərdə düşmənlər yaşayır? Doğrudur, şəhərin mərkəzi demək olar ki, hər zaman təmiz və səliqəlidir. Amma şəhərin kənar yerlərində bu cür təmizliyə az hallarda rast gəlirik.

Sovet dövründə iməcilik məsələsində məcburiyyət var idi. Bəlkə də indi də insanları məcbur etmək lazımdır ki, yaşadıqları ərazini səliqəyə salsınlar. 

Beləliklə, çox arzu edərdim ki, insanlarımız Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verib, gedib iməciliklərdə iştirak etsinlər". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR