İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Azərbaycanda ilin ən uzun gecəsi - Çillə gecəsidir

Bu gün ilin ən uzun gecəsi - payızın son və qışın ilk gecəsidir. Bu gecədən sonra gecələr qısa, gündüzlər uzun olur.

Belə ki, dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsi yaşanır. Bu gün 14 saat 51 dəqiqə gecə, 9 saat 9 dəqiqə gündüz olur. Dekabrın 21-dən etibarən günəş Azərbaycana 26.5 dərəcə bucaq altında düşür.

Bəzi ölkələrdə bu gecəni günəşin yenidən doğulması kimi qəbul edirlər. Şərq alimi Əbu Reyhan Biruni qışın başlanğıcı olan gecəsini “böyük bayram” adlandırıb.

Xristianlar bu gecəni “Məsihin doğulma bayramına” uyğun hesab edirlər. Yalda gecəsi böyük qış gündönümünün başlandığı gecəyə təsadüf edir və insanlar qədim adət-ənənəyə görə, bu gecəninin sonuna, yaxud səhərə qədər birlikdə yay və payız yeməkləri, qəlyanaltılar, xüsusən də nar və qarpız, meyvə və qoz-fındıq yeyirlər.

Qədim türklər qış fəslini 3 yerə bölürdülər - Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.

Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə "Böyük çillə" mərasimi keçirilir. Bununla da Novruz mərasimləri başlayır. Böyük çillə təxminən fevral ayının 1-2-si bitir.

Çillə gecəsinin ritualı hazırda Azərbaycanın bir çox bölgələrində unudulsa da, Naxçıvan ərazisində qalıb. Bu gecə Naxçıvan camaatı Çillə gecəsini qeyd etmək üçün bir yerə toplaşır, bu mərasim üçün payızın son aylarında dərilib saxlanılan meyvələri kəsirlər. Bu mərasimin icrası camaatın seçdiyi ağsaqqala həvalə olunur. Həmin ağsaqqal, el bilicisi xüsusən qarpız kəsiləndə onun içində olan zoğlara, əlamətlərə əsasən qışın necə keçəcəyi müəyyənləşdirir.

Həmçinin Çillə gecəsində əsasən xəmir xörəklərinin bişirilməsinə üstünlük verilir. Çillə bayramında Bakı ərazisində düşbərə, qutab, gürzə bişirilir. Naxçıvanda isə şirniyyat kimi 7 ləzin deyilən meyvə qurularından istifadə olunur. Adətən Novruz bayramında 7 növ dənli bitkilərdən istifadə olunur, buğdanın yetişməsinə üç ay qaldığı üçün Çillə mərasimində meyvə qurusundan istifadə olunur. Amma yenə də dominant rolda qarpız olur.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR