İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, “Əbədi sevgi”min etirafıdır” - Aqşin Abdullayev konsertə belə hazırlaşır

Əməkdar artist Aqşin Abdullayev fevralın 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Əməkdar artist konsertdən öncə Musavat.com-un suallarına cavab verib.

Müsahibəni təqdim edirik:

- Fevralın 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəksiniz. Konsertdə sevənlərinizi nələr gözləyir?

- Konsertdə 100 nəfərə yaxın böyük bir komanda çalışır. Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və mənim orkestrim olacaq. Bizim dəyərli aktyor və aktrisalarımız, xalq artistləri Həmidə xanım Ömərova, Sabir Məmmədov yer alacaq. “Talant” rəqs qrupunun çıxışları olacaq. Konsertin rejissoru Ülviyyə Könüldür. Dekorasiya, səslənmə, yəni hər şey ən yüksək səviyyədə olacaq.

- Duetlər olacaqmı, konsert repertuarınızda hansı mahnılar var?

- Duetlər olmayacaq. Çünki bu mənim solo konsertimdir. İstəmədim ki, başqa müğənnilərə görə gələnlər olsun. Konsertə gələn sırf mənim tamaşaçım olacaq. Tamaşaçılara sürprizimiz da var. Çox məşhur bir əsərimiz tam yeni, müasir elektron musiqi ilə sintez olunub. Açılışımız bununla olacaq. Konsertdə yeni mahnımı da ifa edəcəyəm.

- Niyə məhz ad olaraq “Əbədi sevgi”? Burada sənət sevgisindən, yoxsa cütlüklər arasındakı məhəbbətdən söhbət gedir?

- “Əbədi sevgi” repertuarımda olan ən sevdiyim mahnıdır. Musiqisi Ceyhun Allahverdiyevə, sözləri Maya Heydərqızına məxsusdur. Mən bu dünyada sevgi ilə yaşayıram. Sənətimi də, tamaşaçılarımı da çox sevirəm. Onlar üçün ən gözəl mahnıları ifa edirəm. Sənət sevgim əbədi sevgimdir. Bu konsert də “Əbədi sevgi”min etirafıdır.

- Adətən sənət adamları gəlir əldə etmədiyi üçün konsert verməkdən imtina edirlər. Konsert vermək istəyi necə yarandı?

- Mən də bu konsertdən gəlir əldə etməyi düşünmürəm. Bəlkə də zərər edəcəyəm. Əsas məqsədim tamaşaçılara sənətimi nümayiş etdirməkdir, onlara hesabat verməkdir. Gözəl musiqini təbliğ etməkdir niyyətim.

- Müğənni Murad Arif “Azərbaycanda konsert biznes deyil” deyərək konsert verməyin çətinliklərindən danışıb. Xalq artisti Röya da ona dəstək olub. Siz necə düşünürsünüz, konsert vermək çoxmu çətindir?

- Azərbaycanda konsertdən pul qazanmaq yoxdur. Konsert böyük məbləğ, böyük çalışqanlıq tələb edir, məsuliyyətdir. Biz konsert müğənnisiyik, mütləq konsert verməliyik. Konsert sənətkarın vizit kartıdır.

- Konsertdən gözləntiləriniz nələrdir? Maddi baxımdan gəlir əldə etməmək sizi narahat etmir?

- Gözləntim tamaşaçı sevgisi və alqışıdır. İnsanların gözəl ab-hava ilə oradan ayrılmasıdır. Hər zaman məni xatırlayanda bu konsert haqqında danışmasıdır. Bayaq dediyim kimi, maddiyyat mənim üçün vacib deyil. Mən tamaşaçıma qiymət verirəm, ən gözəl gecəni onlar üçün hazırlamışam. Əsas pul deyil, konsertin gözəl keçməsidir.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR