İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu cür hesabatın hazırlanması qurumun imicinə ciddi mənfi təsir edir”-Çingiz Qənizadə

 

 

“Biz ABŞ Dövlət Departamentinin bu cür anti-Azərbaycan hesabatlarına öyrəşmişik. Hər dəfə hesabatlar təqdim olunanda müxtəlif anti-Azərbaycan qüvvələrinin mənbələrinə istinad edilir. Aydın olur ki,  bu qüvvələr hətta ABŞ Dövlət Departamentinin hesabatlarına təsir etmək imkanına malikdir”.

Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Dini icmaların birgə sülh şəraitində yaşadığı, ibadət etdiyi ölkədir.  Bununla bağlı Azərbaycanda dəfələrlə müxtəlif beynəlxalq tədbirlər təşkil edilib. Belə olan halda, ölkəmizdə dini, mədəni abidələrə, irslərə münasibətin adekvat olmadığı iddiasının səslənməsi olduqca qərəzlidir. Bu cür hesabatın hazırlanması qurumun imicinə ciddi mənfi təsir edir. Rəsmi qurum Kornell Universitetinin, əslində isə erməni xeyriyyə ittifaqının və Ararat fondu kimi ekstremist təşkilatın maliyyəsi əsasında əldə olunan informasiyaya istinad edərək Azərbaycanda dini baxışlarına görə insanların həbs olunduğunu bildirən hesabat hazırlayırsa, bu, biabırçılıqdır. Yaxşı olardı ki, onlar yerində monitorinq aparsınlar. İşğal dövründə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına biganə yanaşılır. Buna baxmayaraq, Azərbaycana qarşı qərəzli iddialar səslənir”.

Ç.Qənizadə bildirib ki, Azərbaycanda dini radikalizmə meylli insanlar var: “Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktı da göstərdi ki, dindarlardan istifadə etməklə ictimai-siyasi sabitliyi pozmaq, ölkənin ictimai-siyasi quruluşunu dəyişmək niyyəti ilə yönəldilən insanlar var. ABŞ və digər ölkələrin İrana sanksiyalar tətbiq etdiyi dövrdə İrandan Azərbaycana gəlib demokratik ölkənin strukturunu dəyişdirmək, vəzifəli şəxslərə qarşı sui-qəsd törətmək şəxslərin həbsini dini inanca görə həbs kimi təqdim etmək və bunu tirajlamaq təəssüf doğurur. Hesab edirəm ki, anti-Azərbaycan meylli hesabatlar qərəzlidir. Bu hesabatların arxasında Azərbaycana qarşı ciddi siyasi təzyiqlərin elementləri görünür. Bu cür hesabatlar Azərbaycanın müstəqil siyasətinə heç bir təsir göstərə bilməz”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR