İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, çox mühüm nailiyyətdir” - Etibar Əliyev

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı struktur baxımından mükəmməldir və geniş məlumatlarla zəngindir”.

Musavat.com xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib. 

O bildirib ki, məlumatda ən mühüm istiqamət kimi qarşıda duran vəzifələr daha aydın müəyyənləşdirilib.

Deputat qeyd edib ki, pozitiv istiqamətlərdən biri qanunvericilik sahəsində olan yeniliklərdir:

“Məsələn, Nazirlər Kabinetinin 2023-cü il 26 may tarixli 158 nömrəli qərarı ilə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupunun tərkibi, təşkili və fəaliyyət qaydası təsdiqlənib. İşçi Qrupunun yaradılmasını tezləşdirmək bu sahədə fəaliyyəti gücləndirəcək. Burada geniş inklüzivlik təmin edilməlidir. İşçi Qrupunun tərkibinə 1 millət vəkilinin daxil edilməsi koordinasiyanı əlverişli edə bilər. İnsan alveri insan alveri haqqında Birləşmiş Millətlər Təşkilatının protokolunda 3 elementli sistemdə təsvir olunur. İnsan alveri ilə məşğul olanların fəaliyyəti, vasitə və məqsəd. Məlumatda biz bu 3 elementin təsvirini aydın şəkildə görürük. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” başa çatır. Məlumatın Qarşıda duran vəzifələr paraqrafında 2025-2030-cu illəri əhatə edən növbəti konseptual sənəd layihəsinin hazırlanması göstərilir. Ümid edək ki, bu sənəd əvvəlki illərin təcrübəsinə söykənərək daha mükəmməl hazırlanacaq”.

E.Əliyev deyib ki, bu proses İşçi Qrupunun yaradılması ilə üst-üstə düşərsə, işlər daha rasional xarakter daşıyar:

“Eyni zamanda məlumatda dünyada insan alverinə qarşı mübarizənin tendensiyaları göstərilir. Ötən ilin məruzəsində qeyd edilmişdi ki, ABŞ Dövlət Departamentinin məruzələrində 2-ci qrupda yer almışıq, bu, çox mühüm nailiyyətdir. İnkişaf dinamikası məruzədən və KİV-lərin məlumatlarından açıq-aşkar görünür. Şəffaflıq elementi həm də insan alverinə qarşı mübarizənin səmərəliliyini göstərir. Eyni zamanda QRETA da (Avropada insan alverinə qarşı mübarizədə ekspert qrupu) insan alverinə qarşı mübarizə haqqında Avropa Şurasının konvensiyasının icrasının 3-cü qiymətləndirmə mərhələsi üzrə hesabatlarında ölkəmizin qanunvericilik, cinayət təqibi, qurbanların müdafiə edilməsi sığınacaqların maliyyələşdirilməsi və əməkdaşlıqla bağlı fəaliyyəti təqdir olunub. Hörmətli Seyfulla müəllim (Əzimov - red.) bu vacib məsələni qeyd etdi, lakin bu uğuru təkrarlamağı özümə borc bildim. Məlumatda mühüm məqamlardan biri insan alveri qurbanlarının respublikanın şəhər və rayonları üzrə bölgüsündə sərhəd rayonlarımızda belə qurbanların olmamasıdır. Bu, birmənalı şəkildə həm də aparılan maarifçilik işlərinin səmərəliliyindən xəbər verir”.

Deputat bildirib ki, orta məktəblərdə və kolleclərdə çoxsaylı maarifçilik tədbirlərinin, açıq dərslərin, dəyirmi masaların keçirilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir:

“Təhsil müəssisələrində dərslərə davamiyyətin yüksəldilməsi şübhəsiz ki, problemlərin aradan qaldırılmasının əsas göstəricilərindən biridir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı 512 şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlərin ümumilikdə 2 374 400 manat məbləğində cərimələnməsi mühüm fəaliyyət kimi qeyd olunmalıdır. Bu istiqamət ötən illərdəki məruzələrdə qaldırdığımız əsas məsələlərdən biri olub. Bütün bunlarla yanaşı, insan alveri və qanunsuz miqrasiyalarla bağlı uğur hekayələri də mövcuddur. Məsələn, məlumat ili ərəfəsində Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 12 nəfərin saxlanılması faktını deyə bilərəm. Həmin əcnəbilər öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Qanunsuz miqrasiya insan alverinə yol açan amildir. Əlbəttə ki, bütün bunlar sosial şəbəkələr üzərindən edilib”.

Deputat məlumatın lehinə səs verəcəyini qeyd edib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR