Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, dünən "Səbail"in iki vəzifəli şəxsinin yaxın qohumları döyülüb.
Hadisə Premyer Liqanın 33-cü turu çərçivəsində "Qəbələ" ilə keçirilən matçdan sonra qeydə alınıb.
Olayın məğzi artıq redaksiyamıza məlumdur. Belə ki, elitanı tərk etməyi dəqiqləşmiş komandaya uduzmaqları (2:3) "dənizçilər"in azarkeşlərinə pis təsir göstərib.
Onların bir qrupu final fitindən sonra Şahin Diniyevin ünvanına təhqiramiz ifadələr işlədiblər.
Həmin vaxt tribunada baş məşqçinin qardaşı oğlu və klubun Müşahidə Şurasının (MŞ) üzvü İxtiyar Asyabinin oğlu da olub. Cütlük narazı fanatlardan söyüşü kimə söydüklərini soruşub.
Qarşı tərəf cavabında Ş.Diniyevin adını çəkib, beləcə, mübahisə yaranıb. Komandanın avrokuboklara vəsiqə şansını itirməsindən təsirlənmiş tərəfdarlar sözügedən iki nəfərə fiziki təzyiq göstərib. Kənar şəxslərin köməyi ilə aranı sakitləşdirmək mümkün olub.
Qalmaqalla bağlı hansı tədbirin görüləcəyini və zərərçəkmişlərin son halını öyrənmək məqsədilə "Səbail" ilə əlaqə saxladıq.
Bizə bu haqda ətraflı məlumat veriləcəyi vəd olunsa da, sonra klubdan heç bir reaksiya verilmədi. (sportinfo.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ