Onlayn ictimai-siyasi qəzet
Məncə, Azərbaycanın Orta Dəhlizdə mövqeyi son dərəcə əhəmiyyətlidir. Enerji axınları baxımından Mərkəzi Asiya qazının mövcud boru kəmərləri vasitəsilə Avropa bazarına gətirilməsi, Azərbaycandan Avropaya təmiz enerjinin daşınması üçün yaşıl elektrik dəhlizi layihəsi kimi ambisiyalar mühüm əhəmiyyət daşıyır.
Bu sözləri Böyük Britaniyanın sabiq enerji və iqlim dəyişikliyi naziri, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi Çarlz Hendri AZƏRTAC-a özəl açıqlamasında deyib.
Sabiq nazir Londonda Xəzər Siyasət Mərkəzi tərəfindən keçirilən ikinci Xəzər Bağlantı Konfransında iştirak edib. O bildirib ki, Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə Avropa dəmir yolu şəbəkəsinə ticarət məhsullarının çıxarılması imkanları da vacib amildir. Orta Dəhlizin strateji əhəmiyyəti gələcəkdə daha da böyük olacaq.
O deyib ki, malların Asiya və Avropa arasında daha sürətlə daşınmasını təmin etmək üçün iqtisadi zərurət var: “Süveyş kanalındakı çətinliklər səbəbindən təhlükəsizlik zərurəti ön plana çıxır və buna görə alternativ yollar axtarırıq. Məncə, 2024-cü il dövlətlər, şirkətlər və insanlar üçün Qafqaz və Mərkəzi Asiyanı daha yaxşı tanıma imkanıdır. Bakının noyabr ayında COP 29-a ev sahibliyi edəcəyi faktı çox insanı ilk dəfə bu bölgəyə gətirəcək. Əminəm ki, onlar bu dinamik, həyəcanlı və canlı məkanın nə qədər möhtəşəm olduğunu anlayacaqlar”.
Sabiq nazir bildirib ki, Azərbaycanın karbon emissiyalarının azaldılması ilə bağlı hədəf və ambisiyaları çox diqqətəlayiqdir və Britaniya hökuməti Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyir: “Azərbaycanın karbon emissiyalarının azaldılması ilə bağlı hədəflər və ambisiyaları baxımından göstərdiyi səyləri nəzərə alsaq, orada baş verən həqiqətən həyəcanverici dəyişiklikləri görə bilərik. Bilirəm ki, Böyük Britaniya hökuməti və digər hökumətlər Azərbaycanı dəstəkləmək üçün çox çalışacaq ki, bu anın imkanlarından maksimum yararlanaraq ciddi irəliləyiş əldə etsinlər”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ