Onlayn ictimai-siyasi qəzet
Keçmiş baş nazirin təməlini 2016-cı ildə qoyduğu Toni Bler Qlobal Dəyişiklik İnstitutu (TBI) Azərbaycan hökumətinə noyabr ayında keçiriləcək COP29 iqlim danışıqlarında dəstəyini təklif edib.
Politico.eu portalı bu bilgini gizli danışıqlar haqda danışmaq yetkisi olmadığından, adlarının çəkilməsini istəməyən iki şəxsə istinadən açıqlayıb.
Sözü gedən iki mənbə “Boston Consulting Group” (BCG) və “Deloitte”un da rol almağa çalışdığını bildirib.
Konsaltinq şirkətləri və beyin mərkəzləri uzun zamandır BMT-nin iqlim konfransına ev sahibliyi edən ölkələrə yardım göstərir. BCG və TBI əməkdaşları ötən il Dubayda keçirilən COP28-ə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərində danışıqları aparan qurumda böyük vəzifələr tuturdu. “McKinsey & Company” də bu prosesə qatılmışdı.
BCG və “McKinsey”, eləcə də “Baker McKenzie” 10 ili aşan müddət boyunca BMT-nin bir çox iqlim konfranslarında mühüm və əsasən faydalı rol oynayıb. Onlar 200-ə yaxın ölkə arasında gedən mürəkkəb danışıqlara, minlərlə nümayəndənin qatıldığı bu tədbirlərə ev sahibliyi edən ölkələrə öz təcrübə və dəstəklərini veriblər.
TBI öz açıqlamasında BƏƏ-yə verdiyi dəstək barədə bunları yazıb:
“Biz COP28-i dəstəkləmək üçün strateji və siyasi biliyimizi tam ödənişsiz təklif etdik, axı faydalı dəyişikliyin əldə olunmasına kömək etmək istəyirik. Biz öz dəstəyimizə ödəniş istəmədik və almadıq”.
TBI sözçüsü bunları deyib:
“Hazırda bizim COP29-la bağlı Azərbaycan hökuməti ilə müqaviləmiz yoxdur, ancaq həmişə demişik ki, biz hökumətlərə COP-la bağlı işlərində yardım etməkdən məmnun olarıq”.
Toni Bler Qlobal Dəyişiklik İnstitutunun (TBI) iqlim dəyişikliyi və ictimai səhiyyə kimi sahələrdəki fəaliyyəti Blerin öz beynəlxalq imicini yeniləməsinə kömək göstərib. Britaniya siyasətini 2007-ci ildə tərk edən Bler TBI-ı yaratmazdan öncə bir neçə hökumətlə əməkdaşlıq edib.
Bler Azərbaycan Prezidenti İlham Əliyevlə də yaxın münasibət qurub. 2014-cü ildə o, BP-nin rəhbərlik etdiyi, Azərbaycanın Xəzər dənizindəki qaz mədənlərindən İtaliyanın cənubuna kəmər çəkilməsinə çalışan konsorsiuma müşavir təyin edilib.
Avropa Komissiyası bu yaxınlarda Cənub Qaz Dəhlizini “Aİ-nin qaz təchizatının diversifikasiyası üçün mühüm marşrut” adlandırıb. Ötən il Azərbaycan Aİ-nin ümumi qaz idxalatının 3 faizini təmin edib.
(Azadlıq Radiosu)
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ