Onlayn ictimai-siyasi qəzet
İngilis müdafiə nazirinin müavini İrəvanı Kremlin “cavab tədbirlərindən” qorumağa hazır olduqlarını bəyan edib; Mİ-6 rəhbərinin Paşinyanla intensiv görüşləri fonunda bu açıqlama Moskvada hiddətlə qarşılanıb - regionu nə gözləyir?
Bəllidir ki, Rusiya Qərbə üz tutacağı təqdirdə Ermənistanı “Ukrayna ssenarisi” ilə hədələyir: bu o deməkdir ki, Kreml Paşinyanın siyasətinə cavab olaraq Ermənistana qarşı hərbi rıçaqlardan istifadə etməyə hazırdır.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmaq və Avropa Birliyinə daxil olmaq planları sürətlə regionu Qərblə Rusiya arasında münaqişəyə doğru sövq edir. Digər aparıcı Qərb ölkəsi Böyük Britaniya da bu geosiyasi münaqişə prosesinə qoşularaq Ermənistanı Rusiyanın “cavab tədbirləri”ndən qorumağa hazır olduğunu bəyan edib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu sözləri parlamentdə Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi deyib. O, Londonun “Rusiyadan gələn təhlükəyə” qarşı Ermənistanı dəstəkləməyə hazır olduğunu bildirib. Müdafiə nazirinin müavini Ermənistanın KTMT üzvlüyünü dondurmaq qərarını tanıdığını və bu vəziyyətlə əlaqədar Böyük Britaniyadan yardım planlaşdırdığını bildirib. Britaniya parlamentinin sorğusuna cavab olaraq Hippi vurğulayıb ki, London bu məsələdə İrəvanı dəstəkləmək üçün Avroatlantik müttəfiqləri ilə əməkdaşlıq edəcək. Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin Ermənistana dəstək verməsi ilə bağlı bəyanatları Qərbin respublikanı Rusiyaya qarşı alətə çevirmək istəyini təsdiqləyir. “Hippinin bəyanatı təsdiq edir ki, Qərb Ermənistanı regionda tutduğu, Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyir”, - deyə bəyanatda bildirilir.
Bildirək ki, Böyük Britaniya Ermənistanla təhlükəsizlik üzrə məsləhətləşmələrə ötən ilin payızında başlayıb. Bu məqsədlə Ermənistan rəsmiləri Londona, Britaniya diplomatları isə İrəvana səfər ediblər. Keçən ay Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya Xarici İşlər Nazirliyinin kəşfiyyat rəhbəri ilə görüşüb. Mİ-6 rəhbərinin İrəvana da səfərləri olub və Paşinyanla görüşüb. Kəşfiyyat şefinin baş nazirlə danışıqlar aparması Britaniyanın Ermənistanı müdafiə etməsi və məlumatlandırmasından xəbər verir. Rusiyadan olan ekspertlər isə hələ də hesab edirlər ki, ola bilsin, Ermənistan “Moskvadan əhəmiyyətli subsidiyalar və digər dividentlər əldə etmək” üçün “Qərbə inteqrasiya ilə Moskvanı şantaj edir”. Digər ekspertlərə görə, məsələ daha ciddidir və Ermənistan hakimiyyətinin hazırkı kursunun arxasında iqtisadi mülahizələr deyil, Qərbin “Rusiyanı regiondan sıxışdırıb çıxarmaq” məqsədləri dayanır. “Budur, ingilislər də gəlir! Paşinyanın Mİ6-nın direktoru ilə görüşməsi əbəs deyil”. Martın 11-də politoloq İqor Korotçenko sosial şəbəkə hesabında qeyd edib. “Hər gün daha çox Qərb lideri Ermənistanın Qərbə inteqrasiyası mövzusundan danışır. Bunun da məqsədi İrəvanı Qərbə doğru addımlar atmaq məsələsində ruhlandırmaq və onu Rusiya ilə müttəfiq strukturlarından əl çəkməyə sövq etməkdir”. Bunu isə rus analitik Andrey Areşev deyib. Onun sözlərinə görə, Qərb İrəvana Ermənistan ətrafında konsolidasiyanın nə qədər böyük olduğunu göstərmək istəyir: “Lakin reallıqda bu konsolidasiya Ermənistanın xeyrinə deyil, Rusiyanı zəiflətməyə yönəlib. Böyük Britaniya hər zaman Azərbaycanı daha fəal dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Həmişə belə olub. Bəli, Böyük Britaniya Ermənistanı Rusiyadan ayrılmaq və İranla münasibətləri dərinləşdirməmək istəyini dəstəkləyəcək və təşviq edəcək. Bununla belə, İrəvana real dəstək Ermənistanın Azərbaycana qarşı təhlükəsizliyinə dəstəyi və hərbi potensialının inkişafını nəzərdə tutur. Özünü Ermənistanın AB-də ən yaxın müttəfiqi kimi göstərən Fransa belə İrəvana bəzi texnikalar təqdim edir və onların sırf müdafiə xarakterli olduğunu konkret olaraq bildirir. Böyük Britaniyaya gəldikdə isə həddən artıq məhdudlaşdırıcı hallar var, Böyük Britaniya Azərbaycanın müttəfiqi olub və qalır, müharibədə Bakını dəstəkləyib”.
Azad Məsiyev
Bəli, Böyük Britaniya Azərbaycanla ən yaxşı tərəfdaşlığa malikdir. Bakı-London əlaqələri yüksək səviyyədədir. İngilislərin Cənubi Qafqazda İrəvanla da yaxınlaşmaq səyləri göstərir ki, rus analitiklərin sözlərində həqiqət payı var. Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb koalisiyası Cənubi Qafqaza daxil olmaq istəyir: “Ukrayna ssenarisi Ermənistan üzərindən həyata keçirilir. Bir vaxtlar Zelenskiyə də oxşar xəbərdarlıqlar edilmişdi. İndi Qərb müttəfiqləri Ukraynanın qələbəsini mümkün saymadıqlarını etiraf edirlər. Hazırda Ermənistanı da qızışdırırlar. Ancaq Qərb dövlətlərinin regiona daxil olması bölgə ölkələrinin maraqlarına uyğun deyil. Çünki burada Türkiyə, İran da var, təkcə Rusiyanı narahat edən məsələ deyil. Ümumilikdə hədəf Rusiyanın Ermənistanda hərbi varlığına son qoymaq və onun yerinə gəlməkdir. Qərbin regionda apardığı siyasət qaynar ocaqların yaranmasına səbəb olacaq. Həmçinin Qərb Ermənistana görə Azərbaycana təzyiq etməyə çalışacaq”.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlunun qənaətinə görə, Paşinyan Rusiyanın çətirindən qurtulmağa çalışınca və Qərbə yaxınlaşmaq istəyini daha gur səsləndirdikcə Kremlin Cənubi Qafqazdakı son forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirməyə başlaması və bunların içərisində hərbi müdaxilə planının olduğu istisna deyil. “Rusiya iki il əvvəl Ukraynaya qarşı müharibəni "denasifikasiya" bəhanəsi ilə, yəni rusları qorumaq adı altında başlamışdı. Rusiya Ermənistanı nəzarətə götürmək üçün də bəhanə tapa bilər. Misal üçün, Rusiya Ermənistana “iki ölkə arasında mövcud sazişləri qorumaq məqsədilə” müdaxilə edə bilər. Bu halda Ermənistan ordusunun Ukrayna ordusu kimi Rusiya ilə savaşacağı ehtimalı azdır. Təslim olacaqlar. Bəziləri soruşa bilər ki, buna beynəlxalq reaksiya necə olacaq? Bu, Kremlin vecinə də deyil. Məgər Kreml Ukraynaya qarşı işğalçı müharibəyə qərar verəndə beynəlxalq reaksiyanın necə olacağını nəzərə almışdımı? Kreml Nikol Paşinyanı devirmək istəyərsə, Ermənistandakı hərbi bazasının və yerli radikalların xidmətlərindən istifadə edəcək. Bundan sonra da Kreml “Qarabağ klanı” vasitəsilə Ermənistanda müvəqqəti hökumət formalaşdıracaq", - deyə politoloq belə proqnozlaşdırır.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ