Onlayn ictimai-siyasi qəzet
COP29 gələcək iqlim təşəbbüsləri üçün möhkəm baza yaradıb.
Bu fikirləri AZƏRTAC-a verdiyi eksklüziv açıqlamasında Britaniya Parlamentinin İcmalar Palatasının deputatı Barri Qardiner deyib. Qardiner COP29-un nəticələrini və Azərbaycanın iqlim təşəbbüslərini yüksək qiymətləndirib.
O qeyd edib ki, Azərbaycan qısa zaman ərzində COP29-u yüksək səviyyədə təşkil etməklə yanaşı, tədbirə irimiqyaslı və iddialı gündəlik gətirərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Barri Qardiner COP29-un iqlim məsələlərində gələcək təşəbbüslər üçün möhkəm təməl yaratdığını və Belemdə keçiriləcək növbəti sammitin uğuru üçün əhəmiyyətli bir baza formalaşdırdığını vurğulayıb.
Qardiner Azərbaycanın tədbirin logistika və təşkilati işlərini yüksək səviyyədə həyata keçirdiyini deyib: “Parlament üzvləri və digər iştirakçıların sammitdə iştirakının asanlıqla təmin edilməsi, tədbirin peşəkar, eyni zamanda, effektiv idarə olunması Azərbaycanın təşkilatçılıq bacarığının və tədbirin uğurunun əsas göstəricilərindən biridir.
B. Qardiner Azərbaycan və Böyük Britaniya arasında yaşıl enerji sahəsindəki əməkdaşlıqdan da danışıb: “Böyük Britaniya Azərbaycanın ən böyük xarici sərmayədarlarından biridir. Əlaqələrin daha da genişləndirilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan davamlı enerjisini Avropaya ixrac edə biləcək “yaşıl dəhliz” layihəsi üzərində çalışır və bu təşəbbüs gələcək əməkdaşlıq üçün çox müsbət bir addımdır”.
O, həmçinin Böyük Britaniyanın dəniz külək enerjisi sahəsində qlobal lider olduğunu qeyd edərək, bu sahədə Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ