Onlayn ictimai-siyasi qəzet
“Konsert mənim üçün tamaşaçı ilə bir toxunuşdur, təmasdır, aldığım və ötürə bildiyim enerjidir. İndi sosial şəbəkə, yəni “YouTube”, “Instagram”, “TikTok” dövrüdür. Misal üçün, klip çəkdirib, sonra da adını çəkdiyim platformalarda yayımlamaq olar. Yəni bu görüşlər tamaşaçı ilə onsuz da var. Düşünürəm ki, sosial şəbəkələr ən yaxşı vasitədir. Amma canlı konsert və canlı toxunuşun mənim üçün özəl mənası var”.
Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova konsert məşqindən əvvəl media nümayəndələri ilə görüşündə deyib.
Jurnalistlərin suallarını cavablandıran sənətçi 8 Mart – Beynəlxalq Qadınlar Günündə Bakı Konqres Mərkəzində verəcəyi konsertlə bağlı bu fikirləri səsləndirib:
“Çox istəyirəm ki, gənc nəsil mənim 20-30 il əvvəl ifa etdiyim mahnıları yeni oranjemanda tanısın. Səhnəyə çıxdığım gündən - yəni 1988-ci ildə ilk konsertim olanda “Qubanın ağ alması”, “Getmə, getmə, gözəl yar”, “Aman ovçu” mahnılarını oxumuşam. Bu mahnıları məndən 50 il əvvəl də oxuyan sənətkarlarımız var idi. Onlar bu mahnıları öz tərzlərində ifa etmişdilər – xalq tərzində. Mən isə bu nəğmələri estrada üslubunda tamaşaçılara çatdırdım.
İndi də oxuduğum mahnıları istəyirəm yeni oranjemanda ifa edim. İstəyirəm ki, Cavanşir Quliyev, Faiq Sücəddinov, Eldar Mansurov, Nailə Mirməmmədli, Xanım İsmayılqızı kimi bəstəkarların bəstələdiyi və tərəfimdən oxunan həmin mahnıları gənc nəslin nümayəndələri də tanısınlar”.
Brilliant Dadaşova illər əvvəl mərhum Xalq artisti Mirzə Babayevin də iştirak etdiyi Moskva konserti ilə bağlı xoş xatirələrini bölüşüb:
“Mərhum Xalq artisti Mirzə Babayev illər əvvəl Moskvanın “Ostankino” zalında verdiyim konsertə gəlib çıxmışdı. Hətta o vaxt o dedi ki, qızım, gərək mənim də adımı yazardın afişaya. Cavab verdim ki, ağlıma gəlməzdi ki, afişada başqa birinin adı ola bilər. Çünki yalnız öz adımla tamaşaçı ilə görüşə öyrəşmişəm. Həmin konsert çox gözəl keçmişdi. Hətta onu da səhnəyə çıxartmışdım və biz birgə duetimizi oxumuşduq”.
Xalq artisti bildirib ki, o zaman Mirzə Babayevlə birgə ABŞ-yə konsert verməyə gedib:
“Sadəcə Moskvada deyil. Belə ki, Vaşinqtondakı konsertə Mirzə Babayevlə birgə getmişdik. O zaman mən mədəniyyət nazirini məcbur etmişdim ki, Mirzə Babayevi o konsertə salsın. Onlar söylədilər ki, Mirzə Babayev yaşlı insandır və bu səbəbdən Amerikaya gedib çıxa bilməz. Cavab olaraq söylədi ki, bu məsuliyyəti mən öz üzərimə götürürəm. Onun yanında özüm olacağam. Beləliklə, biz Amerikaya getdik və orada konsert proqramı ilə çıxış etdik. Mirzə Babayev orada səhnəyə çıxanda tamaşaçılar tərəfindən gur alqış və coşğu ilə qarşılanmışdı”.
“Yenidən Moskvada konsert verməyi düşünürsünüzmü?” sualına müğənni belə cavab verib:
“Həmin konsertdən sonra mən Moskvada daha bir neçə dəfə konsert proqramı ilə çıxış etmişəm. Sonuncu konsertim “Crocus City Hall”da olub. Təbii ki, daha əvvəlki konsertlərim Mirzə Babayevlə olduğu üçün daha çox yaddaşıma həkk olunub”.
Brilliant Dadaşova ermənilərin onun mahnısını oğurlamasına da münasibət bildirib:
“Musiqi azaddır. Bütün dünya mahnılarımızı öyrənsin, amma müəllifi, hansı xalqa məxsus olduğunu qeyd etsinlər. Onları da qınamaq olmur, bəlkə də qeyd edə bilmirlər. Biz rahatıq, qalib gəlmişik. Qalib xalqıq. Biz barışmaq da istəyərik, çünki torpaqlarımızı aldıq. Ərazi bütövlüyümüzü bərpa etdik. Anlayışlı xalqıq. Biz hər şeyin yaxşı olmasını istəyirik”.
Könül İbrahim
Video: Rafət Şahbazov
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ