Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar dünya mediasının diqqətində olan məsələlərdən biri də BRİKS adlandırılan qurumun genişlənməsidir. Avqustun 24-də Cənubi Afrikanın Yohannesburq şəhərində Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS birliyinin XV sammiti başa çatıb. Görüşün əsas nəticəsi altı yeni dövlətin: Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiyanın BRİKS-ə qəbul edilməsidir. Onlar 2024-cü il yanvarın 1-dən birliyin tamhüquqlu üzvü olacaqlar.
Uzun illər əvvəl amorf bir birlik kimi elan edilən BRİKS-in birdən-birə genişlənmə yoluna qədəm qoyması bir çox analitiklər tərəfindən Çin və Rusiyanın G7-yə qarşı yeni güc mərkəzi formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Rusiya mətbuatı BRİKS iqtisadiyyatına dair göstəriciləri gen-bol yaymaqla, birliyi Qərbin dünyadakı hegemonluğuna qarşı duruş gətirəcək əsas mərkəz kimi təqdim etməkdədir.
Reallıq nədir: BRİKS həqiqətən Qərbin, Rusiya rəsmi təbliğatının qeyd etdiyi kimi, G7 ölkələrinin qarşısına əsas rəqib kimi çıxacaq gücdədirmi?
İlk baxışdan, BRİKS əzəmətli görünür: dünya ərazisinin 25 faizi, əhalisinin 40 faizdən çoxu, qlobal ÜDM-in 25 faizindən çoxu, faydalı qazıntı ehtiyatlarının mühüm hissəsi və sair. Lakin bu birliyə daxil olan ölkələrdən yalnız Çin texnologiyalar və kapital baxımından G7-yə yaxınlaşa bilib. Qalan ölkələr, o cümlədən gələn ilin yanvarından üzv sayılacaq 6 ölkənin heç biri bu sahədə G7-nin 10 faizi qədər potensiala malik deyil.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, yaxın 5 ildə qlobal iqtisadiyyat 3 faiz böyüyəcək. Çin qlobal iqtisadi artımda əsas rola malik olacaq. Onun bu göstəricidə payı ABŞ-ınkından 2 dəfə çox olacaq. "Bloomberg"in fondun rəqəmlərinə əsasən apardığı hesablamalara görə, 2028-ci ilədək Çin qlobal iqtisadi artımın 22,6 faizini təmin edəcək. Bu artımın daha 12,9 faizini Hindistan təmin edəcək. ABŞ-ın qlobal iqtisadi artıma töhfəsi isə 11,3 faiz olacaq.
Gözləntilərə görə, yaxın 5 ildə qlobal iqtisadi artımın 40 faizini Çin, Hindistan, Braziliya və Rusiya təmin edəcək.
Bəs bu qlobal iqtisadi artımın həcmi nə qədər olacaq? 2022-ci ildə qlobal ÜDM-in həcmi 101,56 trilyon dollar təşkil edib. Onun 45 faizi G7 ölkələrində istehsal olunub. Qlobal ÜDM-də BRİKS ölkələrinin payı cəmi 25,3 faiz təşkil edib. BVF-nin proqnozları doğrularsa, növbəti 5 ildə qlobal ÜDM-in həcmi 3 faiz - yəni 3,05 trilyon dollar artacaq. Fondun qlobal artımda gözlədiyi payları ölkələrin ÜDM-lərinin üzərinə əlavə etsək, aydın olar ki, 5 ildən sonra qlobal ÜDM-in həcmi 104,61 trilyon dollar təşkil edəcək. Bu zaman onun 44,3 faizi G7 ölkələrinin, 25,7 faizi BRİKS-in payına düşəcək.
Halbuki 2007-ci ildə Goldman Sachs 2032-ci ilədək BRİKS ölkələri ÜDM-nin G7 ölkələri ÜDM-i ilə bərabərləşəcəyini proqnozlaşdırmışdı. Lakin hazrıkı inkişaf tempi ilə bu, qeyri-real görünür.
G7 ölkələrinin iqtisadi potensialı ABŞ istisna olmaqla, bir-birinə yaxındır, qarşılıqlı ticarətdə bərabərlik var. Lakin bu gün faktiki olaraq BRİKS “Çin və digər ölkələr” formatındadır. Birliyin iqtisadi göstəricilərinin çox mühüm hissəsi Çinindir. Hindistanı çıxmaq şərtilə, blok daxilindəki ticarəti “Çinin digər ölkələrlə ticarəti” adlandırmaq daha doğru olar.
Digər tərəfdən, Hindistan var gücü ilə Qərblə iqtisadi əlaqələri dərinləşdirməkdədir. Başqa yolu da yoxdur, çünki getdikcə artan istehsalın əsas bazarı Qərbdir.
BRİKS üzvlərinin siyasi münasibətləri də kifayət qədər təlatümlüdür. Birliyin iki əsas üzvü olan Hindistanla Çinin arasında həll olunmamış və son illərdə getdikcə kəskinləşən ərazi mübahisəsi var. 2020-ci ildən bəri 3 dəfə Çin və Hindistan sərhədçiləri arasında münaqişə yaranıb, hətta Hindistan əraziyə hərbi qüvvələr yeridib.
Bugünlərdə - BRİKS-in toplantısı keçirilən ərəfədə Çin özünün hesab etdiyi ərazilərlə birlikdə xəritəsini çap edib. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəritədə Himalay dağlarında Hindistanın xeyli ərazisi Çininki kimi göstərilib. Bundan əlavə, Çinin Rusiya ərazilərinə də iddiaları var. Məlum xəritədə Rusiya ilə Çinin bölüşdürdükləri bəzi ərazilət tamamilə Çin ərazisi kimi qeydə alınıb.
Hindistan Xarici İşlər Nazirliyi artıq xəritə ilə bağlı Çinə rəsmi etirazını bildirib. "Bloomberg" Hindistan XİN nümayəndəsi Arindam Bağçıya istinadən xəbər verir ki, Çinin bu addımı ölkələr arasında gərginliyi artırmağa xidmət edir: “Biz Çinin bu iddialarını tamamilə rədd edirik. Çünki onların heç biri hüquqi-tarixi əsası yoxdur. Çin tərəfinin belə addımları sərhəd məsələsindəki problemlərin həllini daha da çətinləşdirir”.
Hindistandan fərqli olaraq Rusiya onun ərazilərini özününkü kimi təqdim etdiyinə görə hələ ki Çinə heç bir mövqe bildirməyib. Belə görünür ki, heç bildirməyəcək də. Çünki Qərbin ən ağır sanksiyaları ilə üzləşən, bütün növ müasir texnologiyalardan kənarlaşdırılan Moskva üçün Pekin faktiki olaraq yeganə nəfəslikdir. Rusiya Qərbin almadığı neftinin mühüm hissəsini Çinə satır, qazını da ora yönəltmək üçün uzunmüddətli planlar qurur. Digər tərəfdən, Çin hazırda Rusiya sənayesini Qərbin qadağan etdiyi texnologiyalarla təmin etmək imkanında olan yeganə dövlətdir. Bu baxımdan, Moskvanın Pekinin ərazi iddiaların hansısa sərt cavabı verəcəyi gözlənilmir. Bəzi məlumatlara əsasən, Rusiyanın Uzaq Şərq əyalətləri artıq çinlilərlə sıx şəkildə məskunlaşmaqdadır. Bir çox analitiklər bunu Çinin yumşaq işğalı kimi dəyərləndirirlər. Rusiya isə bu prosesi dayandırmaq gücündə deyil.
BRİKS daxilində ortaq valyutanın yaradılması ilə bağlı müzakirələr getdiyi bildirilir. Birliyin 2015-ci ildə yaratdığı bank - Yeni İnkişaf Bankı (New Development Bank, NDB) hazırda böyük böhran yaşayır. İştirakçı-ölkələr ilkin mərhələdə vəsait ayırdılar banka, mühüm bir qismini bank özü bazardan cəlb etdi. Əldə olunan vəsaitləri isə əsasən infrastruktur layihələrinə yönəltdi.
Bu ilin iyununda məlum olub ki, qarşılıqlı ticarətdə dollardan uzaqlaşmağa çalışan BRİKS-in əsas ümid yeri olan NDB-nin maliyyə problemləri var. Belə ki, bank öhdəliklərini icra etmək üçün böyük həcmdə dollara ehtiyac duyur. Bankın maliyyə bazarlarından cəlb etdiyi vəsaitləri qaytarmaq üçün yetərincə dolları yoxdur.
Digər maraqlı məqam budur ki, NDB Qərbin sanksiyaları başlayan kimi Rusiya ilə bütün əlaqələri kəsib. Hazırda Bank faktiki olaraq Səudiyyə Ərəbistanından asılı vəziyyətdədir: yalnız Ər-Riyadın köməyi ilə dollar likvidliyini təmin edə bilir.
Nəhayət, BRİKS-in gələcəyi üçün daha böyük bir təhdid Çin iqtisadiyyatındakı artım prosesinin yavaşımasıdır. 2023-cü ilin ikinci rübündə ölkə iqtisadiyyatı birinci rüblə müqayisədə 0,8 faiz genişlənib. Kəskin lokdaunların olduğu ötən ilin ikinci rübü ilə müqayisədə illik artımın 6,3 faiz olması beynəlxalq analitik mərkəzlər üçün gözlənilməz hesab edilir: çünki gözləntilər 7 faizdən yuxarı idi.
Əgər bu sürət saxlanarsa, ilin yekununda Çində cəmi 3 faizlik iqtisadi artım qeydə alınacaq ki, bu da 2000-ci illərdən bəri pandemiya ili istisna olmaqla, ən aşağı göstəricilərdən biri olacaq.
Bundan əlavə, son statistik göstəricilər Çində iqtisadi aktivliyin azaldığını, yaxın gələcək üçün pessimist əhvalın formalaşdığını göstərir. Bu isə uzun müddətdir davam edən Çin möcüzəsinin başa çatması kimi qiymətləndirilməkdədir.
BRİKS-ə daxil olan yeni ölkələrin birliyin iqtisadi potensialını artıracağı real görünmür: İran çoxillik sanksiyalar üzündən iqtisadi baxımdan ildən-ilə geriləyir, Braziliya böyük korrupsiya skandalları ilə məşğuldur, Argentinanı iflasdan BFV təzə xilas edib, Misir daxildəki qarşıdurmalardan hələ də qurtula bilməyib, Efiopiya dünyanın ən kasıb ölkələrindən biridir. Yeni üzvlərdən yalnız Səudiyyə Ərəbistanının BRİKS-ə hansısa töhfəsinin dəyməsi mümkündür. Rusiya mənbələrinin qlobal neft hasilatında əsas payı olan Səudiyyənin BRİKS-ə qoşulmasını bazara nəzarət kimi təqdim etmələrinə rəğmən, Ər-Riyadın G7 ilə kəskin konfliktə getməsi mümkün deyil. Ən azı ona görə ki, ərəblər öz məhsullarını satmaq üçün normal bazarlardan məhrum olmaq niyyətində deyillər.
BRİKS-in vahid valyutasının yaradılması ideyası üzv ölkələrin yaxınlaşma, qarşılıqlı əməkdaşlıq səviyyəsi baxımından yaxın onillikdə belə real görünmür. Avropa Birliyi kimi oturuşmuş əməkdaşlıq formatına malik birlik vahid valyutasını 30 ildən sonra yaratdı. Avronun dünya maliyyə sistemində yerini tutması isə daha 10 ilə yaxın vaxt apardı. Hindistanla Çinin kəskin rəqabətinin olduğu bir vaxtda BRİKS hansı valyutanı vahid valyuta kimi müəyyənləşdirə biləcək? Yaxud üzv ölkələrin iqtisadi-sosial-maliyyə göstəriciləri arasında uçurum olduğu bir halda hansı meyarlarla vahid valyutaya keçiləcək? Ən nəhayət, kim o valyutaya etimad göstərib onunla hesablaşmalar, yaxud yığım edəcək?
Analitiklərə görə, Səudiyyə Ərəbistanının BRİKS çərçivəsində aktivlik göstərmək, xüsusilə də Qərbdəki tərəfdaşlarını qıcıqlandıracaq addımlar atması real deyil.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ