Onlayn ictimai-siyasi qəzet
Ekspertlərə görə, hər hansı təşkilata qoşulmaq digər bir qütbdən uzaqlaşmaq anlamına gəlmir
Moskva Bakını BRİCS-ə qəbul olmaqda dəstəkləyir və Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın Kazanda oktyabrda keçiriləcək sammitinə dəvət edilib. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib.
Putinin Bakıya dövlət səfərindən sonra, Azərbaycan BRİCS-ə üzv olmaq istədiyini bəyan edib. BRİCS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə əməkdaşlığını daha da genişləndirmək üçün platforma ola bilər. BRİCS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər.
Üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzv dövlət” statusuna keçir və nəhayət, 4-cü mərhələdə BRİCS üzvü olan dövlət olur.
Rəhbər ölkə BRİCS-in aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır. Bundan sonra qurumun Sherpas adlanan qrupu (təşkilatlara üzv ölkələr arasında kommunikasiyanı həyata keçirir) hesab edərsə ki, “maraqlı” ölkə BRİCS-in əsas prinsip və kriteriyalarına uyğundur, o zaman onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir.
Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”ə dəyişir. Xarici işlər nazirləri “perspektivli üzv dövlət”i BRİCS liderlərinə tövsiyə edir.
BRİCS liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır.
Həmin ölkənin xarici işlər naziri və ya lideri bu qərarı əldə etdikləri vaxtdan üzv dövlət sayılır. Bəs, BRİCS-ə üzvlük Azərbaycanı Qərbdən uzaqlaşdıracaqmı? BBC-nin bu sualına cavab verən Elxan Şahinoğluya görə, BRİCS-ə üzvlüyü Azərbaycanı Qərbdən uzaqlaşdırmayacaq, çünki Bakı ABŞ-la, NATO ilə əməkdaşlıqda maraqlıdır. BRİCS hərbi təşkilat sayılmır. Buna görə də Qoşulmama Hərəkatının üzvü olmasına rəğmən, belə bir təşkilatda üzvlük Azərbaycan üçün maneə sayılmır.
Bəs ekspertlər “BRİCS-ə üzvlük Azərbaycanı Qərbdən uzaqlaşdıracaqmı” sualı haqda nə düşünürlər?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın harada dayanmasına Azərbaycan hökuməti qərar verir: “Hər hansı bir təşkilata üzv olmaq müstəqil dövlət kimi Azərbaycanın öz seçimidir. Bu məsələdə heç kim bizə nə yardımçı ola bilər, nə də yol göstərə bilər. Azərbaycan artıq illərdir bölgədə müstəqil siyasət aparan bir ölkə kimi tanınır. Avropa Birliyi İnsan haqları, demokratiya, söz azadlığı kimi alətlərdən istifadə edərək Cənubi Qafqazda Azərbaycanı özünün təsirinə almağa cəhd edir. Azərbaycanın baxışları isə kimlərinsə istəyinə deyil, reallıqlara söykənir və bu səbəbdən həmin baxışların kimlərinsə "standartlarına" uyğun gələ bilməməsi təbiidir. Müstəqilliyimizin ilk günlərindən Avropa Birliyinin, Amerika Birləşmiş Ştatlarının Azərbaycanla bağlı məsələlərin həllində - xüsusilə Qarabağ probleminin çözülməsində nümayiş etdirdikləri ikili standartlar hökuməti Qərblə əməkdaşlığın dərinləşdirilməsindən daşındırdı. Və sonda Azərbaycan Qərbi deyil, obrazlı desək, Şərqi seçmək qərarına gəldi. BRİCS-də birləşən nəhəng dövlətlərlə bir sırada dayanmaq Azərbaycana həm siyasi və həm də iqtisadi dividentlər gətirə biləcək.
Türkiyə on illər uzunu Avropa Birliyinin qapısını döydü, lakin “Qoca qitə”nin dövlətlər birliyi Türkiyəni müxtəlif bəhanələrlə bu birliyə üzv olmağa qoymadılar. Real olan isə budur ki, Avropa Birliyi Türkiyəni bundan sonra da heç vaxt öz ailəsinə üzv qəbul etməyəcək. Çünki Türkiyə bu birliyə üzv olmaqla indikindən daha güclü və daha qüdrətli ola bilər. Daha güclü Türkiyə isə “Qoca qitə”yə lazım deyil. Buna görə Türkiyə də BRİCS-ə üzv olmaq üçün müraciət edib.
Bu gün dünyada böyük güclərin böyük qarşıdurması fonunda Azərbaycanın harada dayanmasına Prezident qərar verir. ABŞ və Çinin başçılığı ilə formalaşan bu qütbləşmədə Azərbaycan öz seçimini BRİCS-in xeyrinə etdi. Çin kimi bir dünya nəhəngi ilə bir sırada dayanmaq az iş deyil".
Asim Mollazadə
Deputat Asim Mollazadə bu təşkilata üzvlüyün üstünlüklərindən söz açdı: “BRİCS-ə üzv olmaq hansısa bir hərbi birlikdə olmaq seçimi deyil. Bu təşkilata üzvlüyü qardaş Türkiyə də istəyir. Artıq bunun üçün müraciət də edib. Azərbaycanla çox sıx şəkildə əməkdaşlıq edən Cənubi Afrika Respublikası bu təşkilatın üzvüdür. Mənə elə gəlir ki, bu təşkilat Azərbaycanın iqtisadi əlaqələr sistemini genişləndirəcək və biz bölgədə çoxşaxəli əməkdaşlığı uğurla davam etdirəcəyik”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva Azərbaycanın bütün qütblərlə işləməkdə maraqlı olduğunu söylədi: “Azərbaycan BRİCS-ə qoşulmaqda maraqlıdır. Bu, müstəqil Azərbaycan dövlətinin iqtisadi maraqlarına cavab verən addım olacaq. Geridə qalan 18 il ərzində BRİCS özünü bir çox iqtisadi platformalarda doğruldub. Hazırda adıçəkilən təşkilata rəhbərlik Rusiyadadır. Bakı da bu fürsətdən yetərincə yararlanmaq istəyir. Üstəlik, Kreml də Avrasiya Gömrük İttifaqında görə bilmədiyi Bakını bu iqtisadi platformada görmək istəyir. Yeni böyük layihələrin reallaşdırılması baxımından təkcə Rusiya deyil, birliyin digər üzvləri də Azərbaycanı öz sıralarında görmək istəyir. Azərbaycan BRİCS-lə yanaşı, Qərb ölkələri ilə ticari əməkdaşlıqda maraqlıdır. Bizi hər şeydən öncə öz iqtisadi maraqlarımız düşündürür. BRİCS-ə qoşulmaq Azərbaycanı Qərbdən uzaqlaşdıra bilməz. Çünki uzun illərdir ki, Azərbaycanın ən çox ticarət dövriyyəsi elə Avropa Birliyi ölkələri ilədir. Britaniya, İspaniya, Macarıstan, Balkan ölkələri və digər Qərb çətiri altında olan dövlətlərlə ticari əməkdaşlığımız mövcuddur. Düşünürəm ki, bu əməkdaşlıqlar gələcək illərdə də davam edəcək. Hər hansı bir təşkilata qoşulmaq digər bir qütbdən uzaqlaşmaq anlamına gəlməməlidir. Biz bütün qütblərlə işləməkdə maraqlıyıq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ