Onlayn ictimai-siyasi qəzet
Adətən Leonid Brejnev həm xarici ölkələrin nümayəndə heyətlərini, həm də Kreml məmurlarını saat 11-dən sonra qəbul edib.
1969-cu ilin dekabrın 17-də isə baş katib öz “ənənə”sini pozaraq Siyasi Büronun üzvlərini kabinetinə daha tez dəvət edib. Məhz həmin gün üçün Siyasi Büronun iclası da planlaşdırılıb. Brejnev qeyri-rəsmi şəraitdə uzun-uzadı giriş etmədən birbaşa mətləbə keçib:
- Mən büro iclasından əvvəl sizi yanıma dəvət etdim ki, bir məsələ haqqında əvvəlcədən məsləhətləşək. Dörd gündən sonra İosif Stalinin 90 illik yubileyidir. Xruşovun Stalin qadağalarını hamınız görmüsünüz və yəqin ki, siz də 30 il SSRİ-yə rəhbərlik etmiş bir şəxsə tətbiq olunan qadağalara heç də haqq qazandırmırsınız. Mən təklif edirəm ki, yubileylə bağlı hansısa bir tədbir keçirilsin. Ən azı Stalin haqqında mərkəzi mətbuatda məqalə dərc olunsun. Ümumi razılığa gəldikdən sonra biz bu məsələnin müzakirəsini Siyasi Büronun iclasına çıxara bilərik.
Brejnevin bu təklifi büro üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Sözsüz ki, ictimaiyyətdə də uzun illərdən sonra Stalinin adının gündəmə gəlməsi həssas məsələ sayılıb.
Baş katibin təklifinə ilk olaraq Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi Mixail Suslov münasibət bildirib:
- Bu məsələ öz həllini çoxdan tapmalıydı. Təəssüf ki, Xruşovun Stalinə antipatiyası və qisas hissi buna imkan vermədi. Mən sizin hamınızı əmin edirəm ki, bir sıra xarici ölkələrin mətbuatında Stalinin yubileyi münasibətilə məqalələr olacaq. Bizim bu yubileyin üzərindən sükutla keçməyimiz isə Kommunist Partiyasının nüfuzuna mənfi təsir göstərəcək. Leonid İliçin təklifini həm məqsədəuyğun, həm də vacib sayıram.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı Brejnevin təklifinə fərqli prizmadan yanaşıb:
- Demək olar ki, biz hamımız partiyanın 20 və 22-ci qurultaylarının nümayəndələri olmuşuq. Həmin qurultaylarda Stalinin siyasi səhvləri haqqında bizim də tənqidi çıxışlarımız olub. Buna görə də belə hesab edirəm ki, onun 90 illik yubileyini xatırlamağa belə lüzum yoxdur. O ki qaldı qəzetdə məqalə verilməsinə, mən bununla razıyam. Amma bir şərtlə. Həmin məqalədə Stalinin əli ilə kimlərin və neçə nəfərin məhv edilməsini göstərməliyik...
Brejnev Podqornının münasibətini cavabsız qoymayıb:
- Nikolay Viktoroviç, siz həmin qurultaylarda kimin lehinə, kimin əleyhinə çıxış etmisiniz, bunu mən xatırlamıram. Amma mən təklif etdiyim məsələni müzakirə edərkən mövcud dövrdəki siyasi ab-havanı da nəzərə almalısınız və onu da xatırlamalısınız ki, biz Xruşovun buraxdığı səhvləri ona bağışlamadıq.
Siyasi Büronun üzvü, Ukraynanın birinci katibi Pyotr Şelest də Podqornıya qarşı çıxıb:
- Təbii ki, mənim məsələyə münasibətim yoldaş Podqornının fikirlərinə zidd olacaq. Stalin haqqında məqaləni mətbuata vermək lazımdır və vacibdir. Yığıncaqlarda, görüşlərdə bizə Stalinin 90 illik yubileyi ilə bağlı saysız-hesabsız suallar verilir, müraciətlər olunur. Heç olmasa xalqın bu marağını nəzərə almalıyıq. Bəli, Stalinin səhvləri olub. Amma onun xidmətləri də danılmaz faktdır axı. Biz tarixi təhrif edə bilmərik. İndi özünüz də şahid olursunuz ki, marşallar və generallar öz memuarlarında Stalin haqqında fikirlərini yazırlar, həm xidmətlərini, həm də nöqsanlarını. Biz də ümumi bir fikrə gəlib, onun istər partiya və dövlət qarşısındakı xidmətlərini, istərsə də buraxdığı səhvlərini şişirtmədən, qabartmadan mətbuatda işıqlandırmalıyıq.
Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin sədri Arvid Pelşe isə məsələyə daha kəskin münasibət bildirib:
- Stalin haqqında yaxşı nəsə deməyə heç bir əsas yoxdur. Onun xalqa, dövlətə vurduğu zərbələrin ağrıları bu gün də hiss olunur. 90 illik yubiley heç də təntənə demək deyil. Odur ki, onun haqqında hansısa bir məqalənin mətbuatda getməsini mənasız və yersiz sayıram.
Brejnevin təklifinə qarşı çıxanlar olsa da, Siyasi Büronun əksər üzvləri baş katibi dəstəkləyiblər. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin, DTK sədri Yuri Andropov, Mərkəzi Komitənin katibi İvan Kapitonov, Belarusiyanın birinci katibi Pyotr Maşerov, marşal Dmitri Ustinov Stalinin 90 illik yubileyi ilə əlaqədar mətbuatda məqalənin çıxmasına müsbət münasibət bildiriblər.
Sonda Brejnev qeyri-rəsmi yığıncağı yekunlaşdırıb:
- Belə başa düşdüm ki, büro üzvlərinin əksəriyyətinin məsələyə münasibəti müsbətdir. Biz büro iclasının ikinci hissəsində Stalinin 90 illik yubileyi ilə bağlı məsələni rəsmi olaraq gündəliyə salacağıq. Son qərarımız isə onunla bağlı mətbuatda məqalənin getməsi olacaq.
Beləliklə, məsələ iclasın gündəliyinə salınıb. Stalinlə bağlı məqalənin çap olunmasına nəzarət Mərkəzi Komitənin katibi Mixail Suslova tapşırılıb.
Bir ildən sonra, 1970-ci ildə Brejnevin təşəbbüsü ilə İosif Stalinin Qırmızı Meydandakı məzarı üstə büstü ucaldılıb.
Brejnevin Stalinə olan bu mərhəmətli münasibəti birmənalı qarşılanmayıb. Amma hər halda SSRİ-nin 30 illik bir tarixini yaradan İosif Stalini “yaşatmaqla” Brejnev tarixin özünü təhriflərdən qoruyub.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ