Onlayn ictimai-siyasi qəzet
“Silivri və Ereğli zəlzələləri bunun ən güclü sübutudur”
Türkiyənin tanınmış geoloqu, Erzurum Atatürk Universiteti Zəlzələ Araşdırma Mərkəzinin qurucusu və Jeologiya mühəndisi Dr. Mehmet Salih Bayraktutan, İstanbulda “böyük zəlzələ olacaqmı?” sualına nöqtə qoydu. Onun sözlərinə görə, Marmara dənizində baş verən son zəlzələlər bunun əksini göstərir.
Musavat.com xəbər verir ki, Bayraktutan İstanbulun Silivri rayonu ərazisində 23 Apreldə baş verən 6.2 bal gücündəki zəlzələ və daha sonra Tekirdağın Marmaraereğlisi sahillərində qeydə alınan 3.7 bal gücündəki təkanlar ilə bağlı açıqlamasında bölgədə enerji axınının qərbə doğru yönəldiyini bildirib.
Mütəxəssis qeyd edib ki, Van gölündən başlayaraq Yunanıstanın Saloniki şəhərinədək uzanan Şimali Anadolu fay xəttini yaxından təqib edir. O, 2007-ci ildə bölgədə apardığı tədqiqatlar zamanı sualtı boru kəmərlərinin keçdiyi əraziləri ROV (uzaqdan idarə olunan sualtı robot) vasitəsilə araşdırdığını və həmin ərazilər üzrə geotexniki hesabat hazırladığını söyləyib.
“Son 3-4 ildə bölgədə baş verən zəlzələlər, xüsusilə 6.2-lik əsas zəlzələdən sonra, şərqə deyil, qərbə doğru enerji hərəkəti olduğunu göstərir. Silivri və Ereğli zəlzələləri bunun ən güclü sübutlarıdır”, – deyə Bayraktutan bildirib.
O, uzun illərdir İstanbulda böyük bir zəlzələ baş verəcəyini gözləmədiyini bildirib:
“Əhali arasında panika yaratmaq, insanların psixologiyasını pozmaq, dövlətin şəhərsalma siyasətinə yanlış yön vermək – bunlar nə elmə, nə də etikaya uyğundur. Hətta bəzi tanınmış professorların bu tip fikirləri israrla təkrar etməsi və medianın da bunu tirajlaması ölkəmiz üçün böyük bədbəxtlikdir”.
Toğrul İSMAYIL,
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ