İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük əfvin müzakirəsi bitir - gerisayım başladı

Mayın 10-u mərhum prezident Heydər Əliyevin 100 illik yubileyidir. Yubiley ərəfəsində böyük əfv gözlənir. Məlumata görə, Əfv Məsələləri Komissiyası may əfvi üzrə müzakirələri başa vurmaq üzrədir. İndiyədək keçirilmiş 12 iclasın hər birində orta hesabla 100 müraciətə baxıldığı, daha 3 iclasın olacağı bildirilir.

Əfvetmə qərarı prezident sərəncamı ilə rəsmiləşir. Məhkumun cəzasının qalan hissəsindən azad edilməsi; cəza müddətinin azaldılması; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi mümkündür. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfvetmə barədə ərizələr Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Prezidentə təqdim olunur.

Əfv Məsələləri Komissiyasına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir. Üzvlər bu şəxslərdir: Fuad Ələsgərov, Gündüz Kərimov (Prezident Administrasiyasının şöbə müdirləri), Fikrət Məmmədov (ədliyyə naziri), Vilayət Eyvazov (daxili işlər naziri), Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi), Allahşükür Paşazadə (şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri), Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva (Milli Məclisin deputatları), Aynur Sofiyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini), Rəşad Məcid (Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri), Bəyimxanım Verdiyeva (“Xan Şuşinski” Fondunun rəhbəri), Mehriban Vəliyeva (Akademik Zərifə Əliyeva adına Liseyin direktoru).

Bəs məşhurlardan kimlərin müraciətinə baxılıb, onlardan kimlər əfvə düşə bilər?

Rəşad Məcid jurnalistlərin 3-cü binasından danışdı: “Bu hansı mənəvi əxlaqa  sığır?!”

Rəşad Məcid: “Həmin cinayətlərin əfv sərəncamına salınması uyğun görülmür... ”

Məsələ ilə bağlı Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid “Yeni Müsavat”a danışıb: “Bu il Əfv Məsələləri Komissiyası çox məhsuldar işlədi. Artıq  12 iclasımız olub,  ola bilsin ki, qarşıda daha iki və yaxud bir iclas keçirilsin. Əlbəttə ki, bu, qalan işlərdən asılıdır.

Komissiyanın işində yeni mexanizm qurulub. Məlum olduğu  kimi, əfvə fərdi müraciətlər əsasında məhkumların və yaxud onların yaxınlarının müraciəti əsasında baxılır. Qeyd edim ki, komissiyanın  hər iclasında təxminən 100-dən artıq müraciətlərə baxılır. Burada həm Prezident Administrasiyasındakı şöbə müdirlərinin münasibətləri, hüquq- mühafizə orqanlarının münasibəti əksini tapır. Eyni zamanda komissiyanın üzvləri də hansı işlərin müzakirə olunması  daha məqbuldur deyə öz təkliflərini verir".

Rəşad Məcid bildirdi ki, bir sıra cinayətlərin əfv sərəncamına salınması uyğun görülmür: “Bu xüsusən narkotik vasitələrlə bağlı işlərdir. Mən hər zaman bu fikirdə olmuşam ki, ehtiyatsızlıqdan törədilən,  məsələn, yol hərəkəti cinayətləri  ilə bağlı daha humanist, mərhəmətli yanaşmaq olar. Bu kimi hallarda əgər ortada barışıq varsa, şikayət yoxdursa, bu  müraciətlərə müsbət rəy verilir. Komissiyada da bu müraciətlərin hər birini yaxından araşdırır,  fikir bildirir, bəzən fikir müxtəlifliyi olur, sonda səsvermə ilə qəbul olunur.

Qeyd etdiyim kimi, Əfv Məsələləri Komissiyasının da bu vaxta qədər dərəcədə çox  məhsuldar iclasları olmamışdı. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş əfv sərəncamı müstəqillik tariximizdə olmuş ən böyük  əfv sərəncamlarından biri olacaq və daha çox insana şamil ediləcək, xeyli məhkum və onların yaxınları sevinəcək".

Rəşad Məcid ömürlük həbs  olunanların da müraciətlərinin olduğunu vurğuladı: “Bəli, ömürlük həbs olunanlarla bağlı şəxsən mənə də müraciət edənlər  var və Əfv Məsələləri Komissiyasında bu məsələlərə də baxılacaq. Ümumiyyətlə, əvvəlki illərdə də ömürlük həbslərlə bağlı müzakirələr gedirdi və aidiyyəti hüquq-mühafizə qurumlarının rəhbərləri də öz fikirlərini bildirirlər. Məlum olduğu kimi, ömürlük məhbusların 20 il həbs cəzası çəkdikdən sonra məhkəməyə yenidən  müraciət etmək hüququ var. Lakin bəzən onların  cinayətlərinə baxanda qandonduran  hadisələrin şahidi oluruq. Yəni burada bir neçə ölüm hadisəsi olur və yaxud elə məsələlər var ki, mərhəmətə də yer qalmır. Ona görə də  mən təklif edəcəyəm ki, ömürlük məhkum olunanlar 20 ildən sonra məhkəməyə müraciət edəndə məhkəmələr ictimaiyyətə açıq şəkildə keçirilsin. Qeyd edim ki, Əfv Məsələləri Komissiyasının fəaliyyəti nəticəsində ömürlük məhbusların cəzasını 25, hətta 15 ilə endirən hallar olub. Hesab edirəm ki, bu il də ömürlük məhbusların içərisində bu cür hallar olacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, budəfəki əfv sərəncamının əvvəlki illərlə müqayisədə daha möhtəşəm, yüksək səviyyədə olacağı gözlənilir: “Deyə bilərəm ki, hətta bizim gözlədiyimizdən də yüksək səviyyədə olacağını ehtimal edirik. O ki qaldı hansı məşhurların əfv oluna biləcəyinə, ad çəkmək istəməzdim, çünki bilirəm ki, sonra bu narazılıq yarada bilər. Hüquq müdafiəçiləri olaraq çıxışlarımızda demişik ki, elə bir əfv fərmanı olsun ki, həbsxanalarda bir nəfər də siyasi məhbus qalmasın”.

Novella Cəfəroğlu: “Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv  işləməliyik”

Novella Cəfəroğlu: “Xeyli sayda məşhurun əfv olunacağı gözlənilir, lakin... ”

Hüquq müdafiəçisi qeyd edib ki, bu dəfə ömürlük həbs olunan məhkumlarla bağlı xeyli müraciətlər olub: “Bu məsələni çox ciddi şəkildə qaldırmışıq, görək necə olur... Bir sıra ömürlük həbs olunanları azadlığa buraxmaq olar. Yəni 20 ildən çox cəza çəkənlər var ki, onlar azad oluna bilər və belə bir qanun da var. Ömürlük həbs olunanlar arasında müharibədə iştirak edənlər var. Məsələn, onların arasında 17 yaşında ömürlük həbs cəzası alan var. O, 20 ildən çoxdur ki,  həbsdədir. "Avroviziya" yarışması zamanı demişdi ki, hökuməti dəyişdirəcəyik. 17 yaşında uşaq məgər hökuməti dəyişdirə bilər? Onu ömürlük həbsdə saxlamağın mənası nədir? Həmçinin  “Tərtər işi”, “Gəncə işi” məsələsini də qaldırmaq istəyirik. Təsəvvür edin, eyni maddə ilə həbs olunanların yarısı artıq buraxılıb, lakin digərləri hələ də həbsdə qalıb.

Xüsusilə “Tərtər işi” məsələsində bizim çox ciddi iradımız var. Bəzən hansısa hakim heç bir qanuni əsas olmadan şəxslərə həbs cəzası verib, həmin hakimləri vəzifəsindən rədd etmək lazımdır ki, digər hakimlərə nümunə olsun, onlar öz vəzifələrini doğru, qanun çərçivəsində yerinə yetirsinlər".

Xalidə GƏRAY
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR