Onlayn ictimai-siyasi qəzet
“Tutaq ki, şagirdin biri hiperaktivdir və dərsə qulaq asmır, dinləmir. Müəllim anlamalıdır ki, bu uşaq “tərbiyəsiz” deyil, sadəcə, özündən asılı deyil və bunun diaqnozu var. Həqiqi müəllim o şəxsdir ki, bu fərqlilikləri başa düşür və onlara pozitiv yanaşır”.
“Kaspi” qəzetinin müsahibi xüsusi təhsil ehtiyacı olan uşaqları dəstəkləməyi hədəfləyən pedaqoq, Böyük Britaniyada Edinburq Universitetinin magistrantı, “George Heriot's School”da müəllim işləyən azərbaycanlı Rəvanə Şıxəlidir.
Onun sirri hamıya mümkünsüz görünən xəyallarına inanıb, ardınca getməsidir. Çünki onun üçün uzaq, mümkün olmayan heç nə yoxdur. İstəyirsə, deməli, bacaracaq. Elə bu əzmi onu Şirvandan Birləşmiş Krallığa qədər aparıb.
Şirvanda üçuşaqlı ailənin ortancıl övladı olaraq dünyaya gəlib. Atası ingilis dili müəllimi olduğu üçün övladlarına bu dili kiçik yaşlardan öyrətməyə başlayıb. Rəvanə uşaqlıqdan fəallığı ilə seçilib, müəllimlərinin sevimlisi olub. Özünü şanslı şagird adlandırır və karyerasını ilk müəllimi olan atasına və digər müəllimlərinə borclu olduğunu deyir. Məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinə, ingilis dili müəllimliyi ixtisasına qəbul olub. İkinci kursdan isə təhsilini SABAH qruplarında davam etdirib. Azərbaycanda özəl məktəblərdən birində müəllim işləyib, təcrübə qazandıqdan sonra Dövlət Proqramı ilə Böyük Britaniyanın Edinburq Universitetində İnklüziv təhsil üzrə təhsilini davam etdirir. Rəvanə həm də Böyük Britaniyada ölkə üzrə ən böyük məktəblərdən biri olan “George Heriot's School”da müəllim işləyir. Deyir ki, burada öz sahəsində müəllim işləyən yeganə xarici vətəndaşdır.
“Bütün səhvləri pozitiv qarşılayan müəllim öyrətməyi bacarır”
- Rəvanə xanım, valideynləriniz sizi mübariz və maksimalist adlandırır. Sizcə, maksimalist olmağınız ortancıl uşaq sindromundan irəli gəlib?
- Bəli, ortancıl uşaq olmağımın üstün cəhəti maksimalist olmaq, ən yaxşısını etməyə çalışmaqdır. Adətən, ortancıl uşaqlar düşünürlər ki, onlar ailələri tərəfindən çox sevilmirlər. Buna görə də daha çox mübariz olur və özlərini ailələrinə daim sübut etməyə çalışırlar. Bu, məndə də var idi. Valideynlərim məni nə qədər çox istəsə də, hər dəfə çalışırdım ki, fərqlilik edim, seçilim. Dərslərdə “5” alır, hekayələr yazıb valideynlərimə oxuyur, şeir müsabiqələrinə qatılır, tədbirlərdə aparıcılıq edirdim. Ən yaxşı olmağa çalışırdım. Dünyada da ortancıl uşaq sindromuna görə, valideynlərinin ona kifayət qədər diqqət yetirmədiyini düşünən uşaq, özünü onlara göstərmək üçün həddindən artıq hərəkətlər edə bilir. Bu sindrom məndə də pozitiv mənada maksimalist olaraq özünü göstərdi.
- Özünüzü yaxşı müəllimlərin əhatəsində olduğunuz üçün şanslı hesab edirsiniz. Yaxşı müəllimlərlə əhatələnən şagirdin üstünlükləri nədir?
- İki şagird təsəvvür edin. İkisinin də ingilis dili öyrənməyə ehtiyacı var. Biri kursa gedir və tərifli müəllimlə hazırlaşır. Bu müəllim standart dərs keçir, sərt olur, şagirdin uğurlarını deyil, əksinə, səhvlərini qabardır. Həmin şagird bu fənnə nifrət edir. Çünki səhərdən axşama qədər çalışmağına, bütün qrammatik qaydaları bilməyinə baxmayaraq, ingiliscə danışa bilmədiyinə görə, özünü bacarıqsız hiss edir və dili sevmir. Çünki müəllim onun aktiv dinləmə, danışma bacarıqlarını inkişaf etdirmir və ən əsası, neqativdir. Şanslı şagird isə tam fərqli inkişaf edir. Sadə müəllim yanında gedir, amma müəllim motivatordur. Uşağın dil səviyyəsinin sıfır olmasına baxmayaraq, bu dili sevdirir və sevərək mənimsətdirir. Həmin şagirdə bundan sonra bütün qapılar açılır. Hər bir uşaq səhv edə, çətin qavraya bilər. Amma bütün səhvləri pozitiv qarşılayan müəllim öyrətməyi bacarır. Mənim bəxtimə həmişə belə müəllimlər çıxıb. Ona görə də, bu gün xəyallarımın ardınca qaçıram. Azərbaycana gələndə müəllimlərimlə görüşür, onlara təşəkkür edirəm. Çünki inandığım şeylərin arxasınca getməyin bünövrəsi məktəbdə qurulub. Hər bir uşağın ən az bir yaxşı müəllimi mütləq olmalıdır.
Şagirdlərin fənləri sevməməsinin səbəbi...
- “Namizədin öz fənni ilə bağlı bilik və bacarıqlara sahib olması onu müəllim etmir”, - deyirsiniz. Bəs namizədi müəllim edən nədir?
- Çox insan bilikli ola bilər, amma hər kəs müəllim ola bilməz. Müəllim bildiklərini öyrətməyi bacaran şəxsdir. Son dövrün alimləri artıq bununla da razılaşmır. Onlar deyir ki, müəllim o şəxsdir ki, onun kifayət qədər bilik və bacarıqları var, öz bilik və bacarıqlarını qarşısındakına öyrədir, eyni zamanda, qarşısındakı şagirdin öyrənmə metodlarını bilir. Hər bir şagirdin öyrənməyə qarşı münasibəti müxtəlifdir. Məsələn, biri baxaraq, digəri eşidərək öyrənir. Yaxud şagird var ki, auitistdir, onun öyrənməyə yanaşması tam fərqlidir. Tutaq ki, şagirdin biri hiperaktivdir və dərsə qulaq asmır, dinləmir. Müəllim anlamalıdır ki, bu uşaq “tərbiyəsiz” deyil, sadəcə, özündən asılı deyil və bunun diaqnozu var. Həqiqi müəllim o şəxsdir ki, bu fərqlilikləri başa düşür və onlara pozitiv yanaşır. Dərsini də onların ehtiyaclarına uyğun tədris edir.
- Bu gün dünyada oyun əsaslı öyrənmə prosesi müzakirə edilir. Bəzi insanlar isə müəllimin sərt olmasının tərəfdarıdır. Siz necə düşünürsünüz?
- Peşəkar müəllim fəaliyyəti zamanı öyrətməyə birtərəfli yanaşmamalıdır. Çünki bu, şagird üçün də çox sıxıcı olur. Öyrənmə prosesi şagirdi cəlb etməli, onda maraq oyatmalıdır. Şagirdlərin bəzi fənləri sevməməsinin səbəbi öyrənmə prosesinin maraqsız olmasıdır. Bütün uşaqlar oyunu sevir, onları inkişaf etdirən maraqdır. Maraq yarandıqda nəyisə sorğulayırlar. Oyun əsaslı öyrənmə ən məşhur öyrətmə sistemlərindən biridir. Bunun da mühüm nüansları var. Müəllimin məqsədi uşaqlarla oynayıb, onları güldürmək olmamalıdır. Müəllim dərsdən əvvəl dərs planını hazırlayarkən hədəflər qoymalıdır ki, biz bu oyunu oynayarkən nəyi öyrənəcəyik və dərs planımız tamamlanacaqmı? Müəllim oyun oynayaraq məqsədinə çatırsa, deməli, bu, uğurlu dərsdir.
“Hər bir uşağın öyrənmə metodu fərqlidir”
- Tez-tez ətrafdakılardan “uşağın başı var, oxumur”, yaxud “başı yoxdur, öyrənə bilmir” sözlərini eşidirik. Bu ifadələr nə dərəcədə düzgündür?
- Bu, tamamilə yanlış yanaşmadır. Dünyaya gələrkən hamımız eyni potensiala sahib oluruq. Amma bu potensialın valideyn tərəfindən necə inkişaf etdirilib yönəldilməsi, valideyndən sonra müəllimin öyrətmə prosesini necə aparması əhəmiyyətlidir. Məsələn, uşağın hansısa fənnə yanaşması fərqlidirsə, bu fərqlilik müəllim tərəfindən susdurulub, yoxsa alqışlanıb? Hər bir uşağın öyrənmə metodu fərqlidir. Müəllim bu fərqliliyə necə yanaşıb? Hər bir uşağın “başı” var. Sadəcə, bu “baş”lar müəllim tərəfindən kəşf edilməyi gözləyir. Kəşf edilmirsə, bu, uşağın deyil, valideyninin və müəlliminin günahıdır.
- Rəvanə xanım, Edinburq Universitetində inklüziv təhsil üzrə magistraturada oxuyursunuz. Bu ixtisası nə üçün seçdiniz?
- Sinifdə normal uşaqlarla yanaşı, xüsusi uşaqlar da olur və olmalıdır. Çox təəssüf ki, indiki dövrdə xüsusi uşaqların öyrənmə çətinlikləri və yaxud məhdudiyyətləri var. İnklüziv təhsil də xüsusi uşaqların digər uşaqlarla birlikdə təhsilə cəlb edilməsidir. Azərbaycanda özəl məktəbdə işləyərkən də xüsusi şagirdlərim var idi. Bərabər hüquqlu olmaq, hamı ilə birlikdə təhsil almaq hər bir uşağın haqqıdır. Ölkəmizdə müəllimlərin əksəriyyəti təhsil dünyasında xüsusi uşaqları anlamırlar və onlar bu səbəbdən inkişaf edə bilmirlər. Müəllimləri inklüziv təhsillə bağlı maarifləndirmək ən böyük karyera məqsədimdir. İstər xüsusi uşaqlar, istərsə də digərləri, hər bir uşağın təhsilində ən yaxşı başlanğıcın olmasını təmin etmək üçün təhsil alır, xarici təcrübəni öyrənirəm. Hazırda Edinburq Universitetində tələbələr üçün bərabər və əlçatan öyrənmə mühitinin yaradılması nəzəriyyələri və təcrübələrini araşdırıram.
Azərbaycanlı qız ingilis uşaqlara necə dərs keçir?
- Bəs Böyük Britaniyadakı iş həyatınız necə başladı?
- Şotlandiyaya gələndə əsas məqsədlərimdən biri burada məktəbdə işləmək idi. Çünki onların məktəb təcrübəsi olduqca fərqlidir. Bu təcrübəni öyrənib, ölkəmdə tətbiq etmək istəyirdim. Ölkə üzrə ən nüfuzlu məktəblərdən olan “George Heriot's School”a müraciət etdim. “Harri Potter” əsərlərinin müəllifi C.K. Roulinqin uşaqları da bu məktəbdə oxuyub. Müsahibələrdən sonra məni işə götürdülər. Hazırda həftədə 17 saat işləyirəm. Tələbə vizası olduğu üçün 20 saatdan artıq işləyə bilmirik. Burada britaniyalı, şotland, irlandiyalı şagirdlərlə müzakirələr aparır, danışırıq. Direktorlarım da məndən razıdır.
- Böyük Britaniyada xarici tələbənin öz ixtisası üzrə iş tapması o qədər də asan deyil.
- Bəli. Yeganə xarici tələbəyəm ki, öz sahəm üzrə işləyirəm. Onlar daha çox öz millətlərinə üstünlük verirlər. Başqa ölkə vətəndaşlarına ikinci dərəcəli kimi baxırlar. İş yoldaşlarımın hər biri 35 yaşdan yuxarı britaniyalı, şotland, irlandiyalıdır. Uşaqlarla emosional bağın qurulmasında uğurlu olduğumu düşündüklərinə görə, işə qəbul aldım. Əslində, bu məktəbdə işə başlamaqda məqsədim pul qazanmaq deyil, təcrübə toplamaq idi. Hazırda müqaviləli şəkildə işləyir, aylıq maaş alıram. Məktəb tələbatımı qarşılayır, vergilər daha az hesablanır və bu, gələcəkdə təqaüdümə yazılır.
“Mən burada Rəvanə deyil, Azərbaycanam”
- Tam fərqli mühitdə oxuyur, çalışırsınız. İngilislərin azərbaycanlı xanımla münasibətləri necədir?
- Xarici ölkədə tələbə icması elədir ki, hər bir insan öz ölkəsini təmsil edir. Məsələn, mən burada Rəvanə deyiləm, Azərbaycanam, yaxud Con hamı üçün ABŞ-dir. Çalışıram ki, burada əcnəbi tələbələrlə əlaqələr qurum və ölkəmi təmsil edim. Dərs zamanı kifayət qədər aktiv oluram ki, azərbaycanlı olmağım diqqəti çəksin və ölkəmi yaxşı tanısınlar. Kurslarımız olur, orada aktiv şəkildə müzakirələrdə iştirak edirəm, bu qiymətlərə təsir etmir, amma insanlar səni tanıyır, müəllimin pozitiv münasibəti olur. Mən bu səbəbdən hər zaman kurs müzakirələrində debatlar aparıram. Həqiqətən, sonra mənə yaxınlaşıb Azərbaycan haqqında maraqlanırlar. Hətta ingilis tələffüzümə görə başqa ölkədən olduğuma inanmayanlar da olur. Hər kəslə münasibətlərim yaxşıdır, hətta ölkəmizə səfər etmək istəyənlər də var. Bizim hər birimizin xaricdəki simamız Azərbaycandır. Bunu hiss edərək hərəkət etməliyik.
- Qadının ən böyük şansı ona inanan, dəstək olan ailədə böyüməsidir, deyirlər. Siz də buna görə özünüzü şanslı hesab edirsiniz. Valideynlərinizlə hansı anı xatırlayırsınız ki, bu gün də sizə qürbətdə güc verir?
- Səkkizinci sinifdə valideynlərimə dedim ki, hekayə yazmışam, sizə oxumaq istəyirəm. Başdan sona qədər oxudum və onların kövrəldiyini gördüm. Mənə “əhsən”, “halal olsun sənə”, “səninlə fəxr edirik”, “bacaracağına inanırdıq” kimi sözlər dedilər. Bu sözlər mənə elə gözəl təsir etdi ki, özümü dünyanın ən güclü qızı hesab etdim. Daha sonra şeir müsabiqəsinə qatılırdım, anamdan xahiş etdim ki, məni izləməyə gəlsin, çünki yer tutmayacağımdan qorxur, o an tək qalmaq istəmirdim. Anam həmin gün işdə olacağı üçün gəlməyəcəyini dedi. Səhnədə olanda tamaşaçıların içində anamı gördüm. O anın möhtəşəmliyini, mənə verdiyi hissi izah edə bilmərəm. Bu yaşıma qədər bu iki anı unutmuramsa, əminəm ki, inkişafımda rolu böyük olub.
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ