Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Avropa İttifaqı nasizmin dirçəlişi prosesində lider olduğu üçün mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına avropalı rəsmi şəxslərin qatılmasını istəmir.
Lavrov onu da deyib ki, Rusiya nasizm ideologiyasını həmişəlik məhv etmək üçün hər cür səy göstərmək niyyətindədir.
Bu, bir gerçəkdir: son illərdə Avropada da ksenofobiya meylləri (irqçilik, millətçilik, islamofobiya) güclənib, seçkilərdə əsasən “miqrantların Avropaya təhlükə olmasından”, “dövlətin öz dini, milli dəyərlərini qorumaq borcu”ndan danışan siyasi qüvvələr daha çox səs alırlar. Ancaq bu da bir gerçəkdir ki, Avropa ölkələrində neo-nasistlərin ideologiyası ciddi populyarlıq qazana bilmir. Onlar hansısa bir dövləti təkbaşına idarə edəcək qədər elektoral bazaya malik deyillər: ya seçki birincisi olsalar da, koalisiya qurmağa möhtac olurlar, ya da seçki ikincisi olur, amma hökumət kabinetinə daxil ola bilmir, ana müxalifət mövqeyində qalırlar.
Lavrovun xarici işlər naziri olaraq təmsil etdiyi Rusiyada isə əksinədir: artıq açıq şovinizm dövlət siyasətinə çevrilib. Bu ətraf dünyaya münasibətdə, eləcə də Rusiyanın daxilində yaşayan etnik azlıqlara, miqrantlara yanaşmada özünü bariz şəkildə göstərir. Hökumət adamları, deputatlar, sənət adamları, sıravi “patriotlar” hər fürsətdə “möhtəşəm rus xalqının öz tarixi əzəmətini bərpa etməsi”ndən danışır, irqi, dini, milli ayrıseçkilik edir və bunu qanuniləşdirir, “yadellilər”i xor görür, kütləvi şəkildə cəzalandırır, qonşu dövlətlərə qarşı təhdid sovururlar.
Bütün bunlar nasizmin necə bir təhlükəli ideologiya olduğunu görmüş, onun acılarını yaşamış Avropanın gözü qarşısında baş verir.
Avropa dövlətlərinin öz rəsmi şəxslərini nasizm üzərində qələbənin 80 illik yubileyini qeyd etmək üçün Rusiyanın paytaxtına göndərməməsinin əsas səbəbi məhz Kremlin Ukraynaya qarşı apardığı işğalçı müharibədir. Ötən əsrin 30-cu illərinin sonlarında nasist Almaniyası hansı bəhanələrlə necə siyasət yeridirdisə, indiki Rusiya da eyni şeyi edir. Avropalı rəsmilərin işğalçı ölkənin paytaxtına toplaşaraq 80 il əvvəlki hərbi qələbənin ildönümünü qeyd etməsi Rusiyanın indiki hərbi təcavüzünə dəstək vermək, onu legitimləşdirmək demək olardı. Avropa dövlətləri buna qarşıdır, ona görə də Qələbə paradını boykot edir.
Amerikalı general Eyzenhauer və müttəfiq qoşunların komandanları
Bu qələbəni qazanan isə təkcə Rusiya və ruslar deyil. Nasizm üzərində qələbədə keçmiş SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın hamısının, həmçinin ABŞ və Böyük Britaniyanın, Fransa, İtaliya, Yuqoslaviya müqavimət hərəkatlarının rolu var. Təkcə Rusiyanın ümidinə qalsaydı, Hitler Xabarovska qədər gedər, orada Yaponiya ilə sülh danışıqları aparar və SSRİ-ni bölərdi.
Bu gün hər bir tarixçi üçün bəlli faktdır ki, ABŞ-nin və Böyük Britaniyanın ölçüyəgəlməz hərbi yardımları olmasa, sovet-alman müharibəsi iki ilin içində başa çatardı.
Ancaq indi məhz Rusiya Hitler Almaniyası üzərində qələbəyə sahib çıxır və bu zaman özünə şərik qoşmur. Bu da Avropa dövlətlərini Moskvada keçiriləcək Qələbə paradında iştirakdan çəkindirəcək amildir. Avropalılar Moskvaya gələrək prezident Putinin bütün dünyaya hərbi qüdrət, əzələ nümayiş etdirməsi şousunda iştirak etmək istəmirlər.
Lavrov və digər Kreml təbliğatçıları kollektiv Qərbi bu mövqeyini nasizmin dirçəlişi kimi qələmə vermək istəyirlər, amma özləri deyir, özləri eşidirlər.
“Biz buna dözməyəcəyik, bu ideologiyanın baş qaldırmaması, birdəfəlik məhv edilməsi və Avropanın öz dəyərlərinə qayıtması üçün əlimizdən gələni edəcəyik”, - deyən Lavrova Avropa dövlətlərindən reaksiya verən yoxdur. Artıq “qoca qitə”də ruslarla polemikaya girmək istəmirlər. Onlar Kremllə hər hansı bir danışığın, sövdələşmənin xeyri olmadığı qənaətinə gəliblər.
Ancaq II dünya müharibəsindən sonra SSRİ-nin satellitinə çevrilmiş Macarıstan, Serbiya, Slovakiya kimi ölkələrin liderləri yəqin ki, Moskvaya gələcək, Qələbə paradına tamaşa edəcəklər. Vaxtilə təkrarən SSRİ-nin hərbi təcavüzünə məruz qalmış bu ölkələrdə, görünür, təsirli tərəfdarlar korpusu yaradılıbmış, ona görə də onlar hələ də Moskvaya boylanırlar.
Bir neçə gün öncə Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas bildirib ki, birlik Avropa liderləri və rəsmilərinin Moskvada 9 Maya dair mərasimdə istənilən formada iştirakını ciddi qəbul edəcək. Kallas Aİ-yə namizəd ölkələrin nümayəndə heyətlərinin səfərinə qarşı xəbərdarlıq edib. “Teleqraf” qəzeti yazıb ki, Serbiya prezidenti Aleksandr Vuçiç parad üçün Moskvaya gələrsə, ölkəsinin ittifaqa daxil olması rədd edilə bilər. Serbiya prezidenti isə Aİ-nin təzyiqinə baxmayaraq Moskvaya səfər edəcəyini bildirib.
Slovakiyanın baş naziri Robert Fiko da Moskvaya səfər etməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, Slovakiya suveren ölkədir, ona görə də heç kim ona hara getməli olduğunu deyə bilməz. Parad zamanı o, “Slovakiyanın azad edilməsində həlak olan minlərlə qırmızı ordu əsgərinin xatirəsini yad etməyi” planlaşdırır.
Keçmiş SSRİ respublikalarının çoxunun Moskvadakı paradda iştirakı bir neçə səbəbdən labüddür. Burada nasizm üzərində qələbədə pay sahibi olmaq faktı ilə yanaşı, hələ də postsovet məkanından caynağını çəkməyən “rus ayısı” amili də var. Hətta son illərdə Rusiya ilə “siçan-pişik” oynayan Ermənistanın baş naziri Nikol Paşinyan da Moskvaya gedəcək.
Ancaq bu, nasizm üzərində qələbənin 80 illiyi mərasiminin 45 il öncə boykot olunan “Moskva-80” olimpiadası kimi boykot olunmasının qarşısını almayacaq.
Araz Altaylı, Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ