İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanma statistikasında şok məqam - daha çox qadınlar....

Mahirə Əmirhüseynova: “Kor təbii şəkildə qadın hüquqlarından danışıb, bütün günahları kişilərin üzərinə atmaq doğru deyil”

Son illərdə boşanmalar ifrat həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Boşanmaların sayının artması ilə əlaqədar ötən ay Milli Məclisdə ictimai dinləmə keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva aprelin 17-də parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə Azərbaycanda ailə məhkəmələrinin və ailə psixoloqu institutunun yaradılmasını təklif edib. O qeyd edib ki, ailə psixoloqu institutunun yaradılması ilə yanaşı,  ailə məhkəmələrinin təsis olunması da çox vacibdir: “Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə məlum olur ki, orada psixoloqlar, sosial işçilər, hüquqşünaslar birlikdə ailələrə dəstək göstərirlər, ailə çəkişmələrinin təsirlərini azaldırlar, eyni zamanda ailələrin bərpasına böyük dəstək olurlar. Hazırda Azərbaycanda psixoloji xidmət istənilən səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin institusional səviyyədə həll olunmasının artıq vaxtı çatıb. Bu gün ailə məsələlərindən danışanda ən narahatedici məsələ boşanmaların artmasıdır. Ailədaxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq”.

Son zamanlar aparılan təhlillərdən belə maraqlı və xoşagəlməz mənzərə də meydana çıxıb ki, boşanma üçün müraciət edənlərin mütləq əksəriyyəti qadınlardır.

Halbuki, tarixən Azərbaycanda qadınlar ailənin qorunmasında daha böyük rol oynayıblar. Bəs indiki bu tendensiya haradan qaynaqlanır? Yanlış, ifrata varan “qadın azadlıqları” təbliğatının, serialların təsiri varmı? Yoxsa, qadınlar iqtisadi azadlıqlar əldə etdikcə sərbəst yaşamağı üstün tuturlar. Başqa səbəblər varmı? Obyektiv təhlillər onu deməyə əsas verir ki, ailə problemlərində günah heç də yalnız kişilərdə deyil, qadınlar da bərabər məsuliyyət daşıyırlar. 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) də boşanmalarla bağlı tədqiqat nəticəsini açıqlayıb. “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırlanan analitik-hesabatda Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. Deviant hesab olunan davranışların, yəni “ağır səbəblər”in boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasındakı artıma baxmayaraq, ailə münasibətlərinin insanlar üçün əhəmiyyəti ilə əlaqəlidir. Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb. Demoqrafik göstəricilərə görə, bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların 33,8%-i, kişilərin 20,6%-i belə cavab verib. Bu, zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib. Narkomaniya və alkoqolizmə həssaslıqda yaş qrupları arasında statistik əhəmiyyətli fərq qeydə alınmayıb. Şəhər əhalisi arasında narkomaniya və alkoqolozmi, ailədaxili şiddəti boşanmanı legitimləşdirən hal kimi göstərənlər daha çoxdur. Kənd yerlərindən olan respondentlər arasında xarakter uyğunsuzluğu və digər qohumların ailəyə müdaxiləsini seçənlər o biri qruplara nisbətən üstünlük təşkil edirlər. Ailəni hər bir halda qoruyub saxlamaq lazımdır deyənlər də, daha çox kənd tipli yaşayış yerlərindən olan respondentlər arasındadır. Bundan başqa, keçirilən sorğu nəticəsində ailəni boşanma qərarından saxlayan ən əsas səbəb kimi azyaşlı uşaqların olması (53,9%) göstərilib. Bu, Azərbaycan ailəsinin övlad mərkəzçiliyinin təzahürü hesab oluna bilər. Bu yanaşmaya görə, ailədə uşaqların tələbatları, onların fiziki, emosional inkişafı ön plana çəkilir, ailədəki digər məsələlər, hətta ər-arvad münasibətlərindəki narazılıqlar ikinci dərəcəli yer tutur. Qeyd edək ki, kişi respondentlərin 48,7%-i, qadınların isə 59,0%-i bu cavabı seçiblər.

Mahirə Əmirhüseynova: Dövlətimiz cəmiyyətlə birgə problemlərin tam həllinə  nail olacaq - "İki sahil"

Mahirə Əmirhüseynova

Mövzunu “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova ilə müzakirə etdik. Mahirə Əmirhüseynova qadınları müdafiə etmək üçün həqiqətləri gizləməyi doğru hesab etmir: “Problem təkcə kişilərdə deyil, paralel olaraq həm də qadınlardadır. Düşünmürəm ki, boşanmaların sayının artmasında sosial amillər ilk sırada yer alır. Bəzən qadınların sərbəstliyi ifrat dərəcədə olur. Əvvəllər qadınlar kişilərə hörmət əlaməti olaraq evin kişisi kimi baxırdılarsa, indi bəziləri əşya, xidmətçi kimi baxırlar. Bəzi qadınların davranışlarını müşahidə edəndə, kişilərə yazığım gəlir. Normal kişilər bütün gün ailəsi üçün çalışır, qazanırlar. Amma bəzi qadınlar kişiləri çox sıxır, həddən artıq tələbkarlıq edirlər. Bəlkə də kişilərin intiharetmə səbəblərindən biri də qadınlarla bağlıdır. O qədər bezdirirlər ki... Ailə quranda kişinin tələbləri ödəyib-ödəməyəcəyi nəzərə alınmalıdır. Ailə qurandan sonra tələblər artmağa başlayır, nəticədə problemlər yaranır. Bəzi kişilər “dır-dır” eşitməkdən bezib evə getmək istəmirlər. Bütün gün işləyən adam yorğun şəkildə evə gəlib söz-söhbət eşitmək istəmir. Bəzi hallarda isə kişilər qadınlardan qorxurlar. Odur ki, qadın hüquqlarından danışıb, bütün günahları kişilərin üzərinə atmaq doğru deyil. Bütün bu amilləri nəzərə aldıqda boşanmaların sayının artmasında qadınlarla bağlı səbəblər çoxdur”. 

Mahirə Əmirhüseynovanın fikrincə, boşanmaların sayının artmasında həm də sosial şəbəkələr, seriallar rol oynayır: “Bizə müraciət edənləri nəzərə alaraq deyə bilərəm ki, qadınlar təsir altına düşərək aşırı sərbəst  yaşayışa meyl edirlər. Seriallarda göstərilən səhnələrə aldanıb öz bildiyi kimi yaşamaq istəyənlər çoxalıb. Subay olanda asılı olan xanım ailə qurandan sonra sanki ”azadlığa çıxır". Şəxsən müşahidə etdiyim bir vəziyyəti misal çəkmək istəyirəm. Hələ ailə qurmamış nişanlı xanım “gedim gəlin olum, sonra azad yaşayaram” deyib. Sanki ata evindən ancaq azadlıq əldə etmək üçün çıxırlar. Problemin kökündə kor təbii şəkildə azadlıq istəyi dayanır. Hamı müstəqil yaşamaq istəyir. Bərabərhüquqluluq, gender bərabərliyi kimi ifadələrdən istifadə edərkən bu nümunələri də diqqətə almaq lazımdır. Amma müşahidələr göstərir ki, subaylar daha az aldanırlar. Xüsusilə, sosial şəbəkələrdə tora düşənlər əsasən boşanmış, məişət zorakılığına məruz qalan qadınlardır. Lakin istisnalar da var. Başqa bir nümunə çəkim. Regionlardan birində ailəli xanım gecələr başqa kişi ilə danışırmış. Əri bundan xəbər tutub xanımın ata evinə deyib. Qardaşı qadını döyüb. Sığınacağa gələn qadın isə deyib ki, onu yoldaşı döyüb. Hüquqşünas məsələni araşdırandan sonra həqiqət üzə çıxdı. Belə nümunələri çox çəkmək olar. Bəzi qadınlar sosial şəbəkələrdə quru vədlərə inanırlar. Ailə qurandan sonra sanki sərbəstlik artır. Əvvəllər ailənin böyüyü kişi idi, indi isə qadınların bir çoxu bunu qəbul etmək istəmir. Onlara görə, qadın nə deyirsə, o da olmalıdır, kişi də ola tabe olmalıdır. Bir məqamı da unutmaq olmaz ki, indi ailə quranlar ayrı yaşamağa üstünlük verirlər. Sərbəst yaşayış üçün can atırlar. Nəticədə ailəyə hörmət dəyərlərini görmürlər. Qadınlara ailə dəyərlərini aşılamaq lazımdır. Kişiləri hörmətdən salmaq olmaz. Kişiləri aşağıladıqca boşanmaların sayı artır. Boşanmaların bu qədər artması biabırçılıqdır. Maraqlıdır ki, uzun müddət bir yerdə yaşayanlar yox, daha qısa müddət bir yerdə yaşayanlar boşanırlar.  Mənə elə gəlir ki, sosial vəziyyəti daha yaxşı olanlar deyil, nisbətən pis olanlar boşanmağa meyl edirlər. Qarşı tərəfdən ev və s. əldə etmək, müstəqil yaşamaq üçün boşanmaq istəyən qadınlar da çoxdur".

Birlik sədri əlavə edib ki, boşanmaların sayının artması subayların da ailə qurmaq istəyini azaldır: “Kişilərə hörmət etməyən qadınlarla ailə qurmaq subayları qorxudur. Kişilər evlənməkdən qorxurlar. Digər səbəb bir çox boşanmış qadınların subayları ”cənginə" keçirməsidir. Məişət zorakılığı, narkomaniya, alkoqolizm və s. kimi  səbəblər də qızları qorxudur. Yəni bu, çoxtərəfli məsələdir". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR