İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson istefa versə… -politoloqların ŞƏRHLƏRİ

 

Böyük Britaniyanın baş naziri Boris Consonun istefaya gedəcəyi xəbəri son bir neçə saatda ən çox müzakirə olunan mövzudur. Azərbaycanlı politoloqlar bu ehtimalı aşağıdakı kimi şərh ediblər.

Musavat.com xatırladır ki, ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Böyük Britaniyada hökumətin çalxalandığını, nazirlərin isə ard-arda istefa verməklə baş naziri sıxışdırdıqlarını bildirib: “Məqsəd Boris Consonu istefaya məcbur etməkdir. Kənar müşahidəçilərdə Boris Consonun istefaya məcbur edilməsi suallar doğura bilər.

Conson səhvlərinə rəğmən, xarizmatik baş nazirdir, Böyük Britaniyanın Avropa İttifaqından uzaqlaşmasını xətasız-bəlasız həyata keçirdi və s. Digər tərəfdən Consonun partiyası parlamentdə səs çoxluğuna malikdirsə, partiyadaşlarının ona qarşı qiyam qaldırmaları da suallar doğurur.

Məsələ burasındadır ki, Böyük Britaniyada uğurlu, xarizmatik, o cümlədən parlamentdə səs çoxluğuna malik baş naziri rəqibləri deyil, öz partiyadaşları devirə bilərlər. Sadə məntiq budur ki, hakim partiyada başqaları da özlərini baş nazir olaraq sınamalı və hakim partiyanın digər komandası iş başına keçməlidir. Böyük Britaniya tarixində Marqaret Tetçer ən uğurlu baş nazirlərdən biri idi. O 1979-cu ildə baş nazir seçildi.

Tetçer ciddi islahatlar həyata keçirdi, ölkə iqtisadiyyatını ağır durumdan qurtardı, Argentina ilə müharibədə qələbə çaldı. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində onu müxalifət deyil, öz partiyadaşları devirərək Con Meydcoru həm Mühafizəkarlar Partiyasının başına, həm də baş nazir kürsüsünə gətirdilər. O zaman da indiki üsuldan istifadə edilmişdi.

Tetçeri istefaya məcbur etmək üçün indiki kimi hökumət üzvləri ard-arda istefa vermişdilər. Daha uzaq tarixə getsək, böyük britaniyalılar İkinci dünya müharibəsində ölkəsinin və bəşəriyyətin alman faşistləri üzərində qələbəsini təmin edən Uinston Çörçilə müharibə bitdikdən sonra səs vermədilər. O, müxalifətə keçdi. Buna baxmayaraq, ingilislər növbəti parlament seçkilərində yenidən onun partiyasına səs verdilər və Çörçil daha 4 il baş nazir kürsüsündə oturdu. Yəni Boris Conson istefa versə də, qayıdacağı istisna deyil”.

Politoloq Şahin Cəfərli isə hesab edir ki, Boris Conson istefaya getsə də, bu, Britaniya siyasətinin dəyişəcəyi anlamına gəlmir: “Consonla bağlı ilk qalmaqal koronavirus məhdudiyyətlərinin olduğu günlərdə ofisində əyləncə məclisi təşkil etməsi idi. İkinci qalmaqal isə mühafizəkarların "parlament qamçısı"nın müavini Kris Pinçerin nalayiq davranışlarını bildiyi halda, onun bu vəzifəyə təyin olunmasına razılıq verdiyinin üzə çıxması oldu ("Parlament qamçısı" qanunverici orqanda partiya millət vəkillərinin intizamlı çalışmasını təmin edən şəxsə deyilir). Demokratik ölkələrdə belə yanlışları bağışlamırlar. Mühafizəkarların yeni lideri - yeni baş nazir müəyyən olunana qədər Conson vəzifəsinin icrasını davam etdirəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR