Onlayn ictimai-siyasi qəzet
Boliviyadan Bakının Sabunçu qəsəbəsinə qədər gəlib çıxan 1 milyon manatlıq kokain partiyasının ələ keçməsi bu ağır narkotikin Azərbaycanda geniş yayılması ehtimalına “ayaq” verir.
Ötən həftə diqqətçəkən əməliyyatlardan biri də Sabunçuda baş tutub. Polisin keçirdiyi kokain əməliyyatı zamanı özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb.
Ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb.
H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. Hüseyn Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin, Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb. Kokainin mənşə ölkəsi əsasən Cənubi Amerika regionu – Kolumbiya, Peru, Boliviya hesab olunur. Kokain Erythroxylum coca adlı bitkidən alınır. Kokainin sənaye miqyasında istehsal üçün çoxlu koka yarpağı lazımdır. Bu bitki əsasən Cənubi Amerikanın dağlıq və tropik ərazilərində yetişir.
Kokain ilk növbədə “stimullaşdırıcı dərman” kimi istifadə olunur. Kokain koka yarpaqlarından hazırlanır. Bu yarpaq kimyəvi aşınmalar üçün hazırlanır və ammonyak, natrium bikarbonat və ya sulfat turşusu, su ilə toz halına gətirilir.
Koka yarpağı Cənubi Amerikanın bir sıra ölkələrində geniş şəkildə becərilir və bütün dünyaya yayılır. Koka yarpaqları dəniz səviyyəsindən 76 20000 metr hündürlükdə istehsal olunur. Bəlkə də elə bu xüsusiyyətidir ki, istifadəçisini yerdə olduğu zaman özünü “göyün 7-ci qatında” hiss etməsini şərtləndirir.
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) “Qlobal Kokain Hesabatı 2023”də 2020-ci ildə dünyada ümumi kokainin 61 faizinin Kolumbiyada istehsal olunduğu bildirilir. Hesabatda kokainin 26 faizinin Peruda, 13 faizinin isə Boliviya və ətraf ərazilərdə istehsal edildiyi qeyd olunur. Narkotiklərlə Mübarizə Departamentinin hesabatına görə, İraqda da koka yarpağı istehsalı yüksəkdir. O vaxt iraqlı çobanlar qoyunlarını tarlaya buraxırdılar. Koka yarpaqları qoyun yemi kimi istifadə olunurdu.
2003-cü il martın 19-da Bağdadın havadan bombalanması ilə başlanan, rəsmi olaraq “İraqın azadlığı” əməliyyatı adlanan, faktiki isə ABŞ işğalından sonra vəziyyət dəyişib, İraqda da kokain laboratoriyaları peyda olub.
Narkokartellər kokaini əsasən Amerika, Avropa ölkələrinə daşıyırlar. Afrika və başqa ölkələrə, həmçinin Azərbaycana da kokain daşınır. Kokain kartelləri milyardlarla dollar dövriyyəsi olan “qara bazar”ı yaradır.
Azərbaycanda 2024-cü il ərzində qanunsuz dövriyyədən ümumi dəyəri 154 milyon 579 min manat kimi qiymətləndirilən kokain, heroin, həşiş, tiryək və psixotrop maddələr çıxarılıb.
Belə məlum olur ki, Azərbaycanda ən baha narkotikin – kokainin topdansatış qiyməti 1 kiloqram üçün 250-300 min manatdır. Heroin 17-20 min manat, tiryək 3-3 min 500 manat, yerli marixuana 10-12 min manat, İran mənşəli marixuana 6-8 min, həşiş 2-2 min 500 manat, metamfetamin 22-23 min, ekstazi həblərinin ədədi 20-25 manatdır.
Narkotiklərin pərakəndə satış qiymətləri isə fərqlidir. Kokain pərakəndə satışda 1 kiloqramı 500-600 min manat, heroin 25-40 min manat, tiryək 10-12 min manat, marixuana 20-25 min manat, həşiş 7-8 min manat, metamfetamin 50-70 min manat, ekstazi həblərinin ədədi 30-35 manatadır.
Qramla satışda isə qiymətlər bir qədər də artır. Məsələn, 1 qram kokainin qiyməti 100 dollara qədər gedib çıxır.
İndi sual budur ki, kokainin istifadəsi hansı fəsadlara yol açır? Kokainin insan orqanizminə təsiri digər narkotiklərdən hansı ağırlaşmalarına görə fərqlənir?
Həkimlər deyirlər ki, kokain istifadəçilərinin infarkt, insult, iflic kimi xəstəliklərə mübtəla olmaları qaçılmazdır. Kokain istifadəçisində ilkin mərhələdə özünə inam artır. Uzun müddət kokain istifadə edən şəxsdə isə əks proses başlayır və depressiya, xroniki yorğunluğa gətirib çıxarır. Əksər hallarda kokain istifadəçiləri əhval-ruhiyyənin dəyişməsi ilə üzləşirlər və bəzən təhlükəli davranışlarla məşğul olurlar.
Kokain əslində stimullaşdırıcı bir dərman olsa da, insan orqanizminə 2 növ ziyan vurur. Kokaindən istifadə edən insanlar qısa və uzun müddətdə ciddi sağlamlıq və psixoloji risklərlə üzləşirlər. Kokain istehlakdan 48 saat sonra sidikdə qalır. Hansı ki, digər dərmanlarda rast gəlinmir. Bundan əlavə, kokain istifadəçilərinin infarkt keçirmə ehtimalı digər narkotik istifadəçilərinə nisbətən 30 dəfəyə qədər artır.
Həkimlər deyirlər ki, kokain istifadəçiləri həddindən artıq həyəcandan əziyyət çəkir, həddindən artıq danışırlar. Burun qanaxmaları, burundan davamlı su damcılarının axması müşahidə olunur.
Kokain yuxu, çəki itkisinə yol açır, iştahsızlığa səbəb olur. Həddindən artıq kokain istifadəsi ürək döyüntüsünü artırır, bu da qan dövranına maneə törədir və son nəticədə infarkt baş verir. Bundan başqa, həddindən artıq kokain istifadəsi beyin damarlarında partlamalara, qanaxmaya və insulta, iflicə səbəb ola bilər.
Kokain istehlakdan 90 gün sonra belə bədəndə tapıla bilən bir narkotik növüdür. 90 gündən sonra belə istifadəçinin saçları yoxlansa, kokain istifadəsinə dair dəlillər tapıla bilər.
Həkimlər deyirlər ki, kokain aludəçiləri həddindən artıq özlərinə laqeyd olmaları, üst-başlarının çirkli olmaları ilə fərqlənirlər. Sağlamlıq problemlərini isə ümumiyyətlə unudurlar.
Kokain tozu ağ toz kimi buruna yapışır. Diqqətçəkən başqa bir məqam da odur ki, kokain istifadəçiləri tək qalmağa üstünlük verirlər, nəticədə onlar asosial olurlar. Onlar təbiətcə itaətsiz olurlar. O, istifadəçini yalançı təxəyyül dünyasına aparır.
Kokainin kiçik dozalarda istifadəsi narkomanlara dərhal həzz versə də, sonda asılılığa gətirib çıxarır. Nəticədə kokain qəbulunun səviyyəsi yüksəlir. Narkomanlar kokaini 2 şəkildə istehlak edirlər. Birincisi, burundan nəfəs alır və ya siqaretlə qəbul edilir, ikincisi, bədənə vurulur. Bəzi narkomanlar kokainlə heroini qarışdırıb istifadə edirlər.
Kokain beyni stimullaşdırır, heroin isə insanın sinir sistemini depressiyaya salır. Narkomanlar bu iki narkotiki arasında əks reaksiya almağa, bu reaksiyanın həzzini yaşamağa çalışırlar. Kokain beyində ehtiyac hissi yaradır, ona görə də istifadəçi qəbul etməsə depressiyaya düşür. Kokain istifadəçiləri getdikcə başqa növ narkotiklərə, o cümlədən pivəyə, spirtə aludə olurlar. Nəticə isə qaçılmazdır – erkən ölüm.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ