İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgə turizmi can verir - səbəb, çıxış yolu

Ekspert: “Regionlardakı aeroportlara uçuşların sayını artırsaq, turistlərin rayonlara marağını stimullaşdıra bilərik”

Bu ilin yanvar ayında Azərbaycana 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Azərbaycana ən çox turist Rusiyadan gəlib - 41min 490 nəfər. 2-ci sırada 31 min 632 nəfərlə Türkiyə, 3-cü yerdə isə 17 min 73 nəfərlə Hindistan yer alıb. Bu ay ərzində Azərbaycana İrandan 15 min, Gürcüstandan 8,7 min, Səudiyyə Ərəbistandan 6,1 min, Qazaxıstandan 5,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Pakistandan 5,2 min, Küveytdən 3,7 min,  Özbəkistandan 2,9 min, Türkmənistandan 2,8 min, Çindən 2,6 min, Ukraynadan 2,4 min, İsraildən 2 min turist gəlib.

Statistik məlumatlara əsasən, 2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verib. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Avropa, Asiya və Afrika ölkələrindən minlərlə turist gəlir. Turist axınının bu qədər genişlənməsi ölkəmiz üçün iqtisadi baxımdan çox vacibdir. Turistlərin axını qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərir. Lakin Azərbaycana səfər edən turistlərin böyük hissəsi paytaxt Bakı və ətraf bölgələrə yönəlir. Halbuki ölkənin müxtəlif regionları da təbii gözəllikləri, tarixi abidələri və zəngin mədəniyyəti ilə turistlər üçün cəlbedici ola bilər. Bakının hotellərinin qiymətləri xarici qonaqlar üçün daha uyğundur. Mütəxəssislərə görə, regionlarda isə ilk növbədə çox yüksək səviyyəli hotellər azdır, olanlar da çox bahadır.

Amma artıq xarici turistlərin, əsasən də Avropadan və ABŞ-dan gələn turistlərin profili, istəkləri dəyişib. Onlar bir gecə yatmaq üçün 200-300 dollar vermək istəmirlər, əsasən 2-3 ulduzlu hotellərə üstünlük verirlər. Regionlarda isə bu imkanlar demək olar ki, yoxdur. Bundan başqa, bölgələrdə xarici turist görən kimi xüsusilə kafe və restoranlarda qiyməti kəskin artırırlar ki, bunun da ciddi təsiri var.

Vüqar Bayramov — Vikipediya

Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov mövcud vəziyyəti rəqəmlərlə ifadə edib: “2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verib. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən heç 2-si də Bakıdan kənara, rayonlara getmir. Ötən il əcnəbilərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakının payına düşüb. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 4,6 faizi sözügedən rayonda qalıb. Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük verib. Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Bakının infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqət çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.

V.Bayramov diqqətə çatdırıb ki, əcnəbilərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2 milyon 348 min olub: “Bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

WhatsApp Image 2025-02-10 at 15.37.48 (1).jpeg (141 KB)

Ceyhun Aşurov

Turizm eksperti Ceyhun Aşurov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, ötən ilin müvafiq dövründə də bənzər statistika təqdim edilmişdi. Ekspert vurğuladı ki, Azərbaycana gələn turistlərin 80 faizi Bakıda gecələməyə üstünlük verir: “Turistlərin Bakıda gecələməyə üstünlük verməsinin səbəblərindən biri budur ki, Bakıda hotellərin sayı regionlara nisbətən daha çoxdur. Bayram günlərində, tətillərdə paytaxtda əlverişli qiymətə hotel tapmaq daha asandır. Lakin əsas səbəb quru sərhədlərin bağlı olmasıdır. Bu da o deməkdir ki, turistlərin ölkəyə girişi və çıxışı yalnız Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə mümkündür. Hətta sərhədlər açıq olduqda da uçuşların 90 faizi Bakıya idi. Yəni turistlərin giriş-çıxışı Bakıdan olduğu üçün bu amil istər-istəməz statistikaya təsir göstərir. Respublikanın digər bölgələrində olan hava limanlarının daha səmərəli çalışması, uçuşların sayının artırılması yaxşı olardı. Azərbaycanda 8 beynəlxalq hava limanı var. Amma buna baxmayaraq, uçuşların 90 faizindən çoxunun, hətta bəzi rəqəmlərə görə 97 faizinin Bakıdan həyata keçirilməsi paytaxta konsentrasiyanı artırır. Halbuki Gəncə, Qəbələ hava limanlarında uçuşların sayını artırsaq, bu turistlərin Azərbaycanın rayonlarına marağını  stimullaşdıra bilərik. Hazırda qış turizm mövsümündə Şahdağ, Qəbələ, Quba, Qusar istiqamətləri populyardır. Həftəiçi əcnəbilər, həftəsonları isə həm yerli, həm də əcnəbi turistlər bu bölgələrə səfər etməyə üstünlük verirlər”.

C.Aşurov infrastruktur amilinə də diqqət çəkdi: “Paytaxt Bakıda hotellər, restoranlar, ticarət mərkəzləri çoxdur. Bundan başqa, turistlər üçün Bakıda zaman keçirmək daha maraqlıdır. O ki qaldı qiymət amilinə, paytaxtda hotel sayı çox olduğu üçün təsnifata uyğun fərqli qiymətlərlə  gecələmək daha asandır”. 

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin rəsmi saytındakı məlumata əsasən, Azərbaycanda Bakı, Füzuli, Zaqatala, Zəngilan, Gəncə, Qəbələ, Yevlax, Lənkəran və Naxçıvan Beynəlxalq hava limanları fəaliyyət göstərir.

Hazırda Naxçıvan və Gəncə hava limanlarından İstanbul və Moskva reysləri var.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR