İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin ölkəmizdəki “mina”ları təmizlənir

“Qırmızı Xaç”a da “krest”; ehtiyac qalmayan xarici təşkilatların fəaliyyətinə son verilir - reaksiyalar

Azərbaycan bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq formatına yenidən baxacaq. Rəsmi Bakının bu addımı atması yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyini itirməsi ilə izah olunur.

Rəsmi Bakının BMT-nin Azərbaycandakı dörd ofisinin bağlanması barədə qərarı haqda ötən sayımızda məlumat vermişdik. Söhbət BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondundan (UNICEF) gedir. Azərbaycan hökuməti BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərib.

APA bu mövzuda təhlilində yazır ki, 44 günlük Vətən müharibəsi və aniterror əməliyyatından sonra Azərbaycanda, eləcə də bütövlükdə regionda yeni reallıqlar yaranıb. İndi Azərbaycanın ehtiyacları və prioritetləri fərqlidir. Azərbaycan 90-cı illərdəki kimi humanitar böhranla üzləşmiş ölkə deyil, artıq donor ölkəsinə çevrilib, başqalarına yardım edir. Belə olan halda bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq humanitar təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi əhəmiyyətini itirmiş sayılır. Onların əvvəl məşğul olduqları problemlər və məsələlər artıq mövcud deyil.

Bununla yanaşı, digər beynəlxalq təşkilatlar kimi, BMT-nin strukturları da uzun illər ərzində Azərbaycana münasibətdə heç də ürəkaçan fəaliyyət göstərməyib. Azərbaycan vaxtilə məcburi köçkünlər məsələsini qaldıranda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bu məsələnin onların mandatına uyğun olmadığını bildirdi. UNHCR mandatının məcburi köçkünlər deyil, qaçqınlarla məşğul olmaq olduğunu vurğulayırdı. UNHCR-in 2021-ci ildə Azərbaycan tərəfinin təkidinə baxmayaraq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Talış kəndinə getmək istəməməsi də unudulmayıb. 2022-ci il avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər, minatəmizləmə və digər aidiyyəti məsələlərə həsr olunmuş beynəlxalq konfrans təşkil edilmişdi. BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəsi Şuşa şəhərinə səfərdən imtina etmişdi. Azərbaycan hökuməti BMT ilə əməkdaşlığı davam etdirmək niyyətini dəfələrlə qeyd edib. Azərbaycanın BMT ilə əməkdaşlığı davam edəcək. Bu əməkdaşlıq birbaşa BMT-nin mərkəzi qərargahı və ya regional ofisləri ilə qurulacaq.

Aydın Mirzəzadə: Rusiya ilə ərazicə birləşmək qeyri-mümkündür - Oxu.az

 Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, bir zamanlar Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra BMT-nin müəyyən fondlarının Azərbaycanda fəaliyyətinə ehtiyac var idi: “Söhbət BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondundan (UNICEF), Qırmızı Xaç Komitəsinin nümayəndəliyindən və digər bir neçə istiqamətlər üzrə missiyadan gedir. Həmin dövrdə Qırmızı Xaç Komitəsinin də burada fəaliyyəti ümumən tələblərə cavab verirdi. Ancaq keçdikcə problemlərin böyük bir hissəsi öz həllini tapdı və ona görə də həmin strukturların Azərbaycanda fəaliyyətinə ehtiyac qalmır. Azərbaycan artıq qarşısında duran digər məsələlərin həlli ilə bağlı BMT-nin mərkəzi ofisi ilə birbaşa işləməyə üstünlük verir. Hesab edirəm ki, digər fondların fəaliyyəti üçün problemlər qalmayıb. Söhbət miqrasiyadan, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin təmin edilməsindən, uşaq problemlərindən, Qırmızı Xaç Komitəsinin fəaliyyətindən gedir. Bu istiqamətlər üzrə Azərbaycanın dövlət strukturları və sərbəst fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. BMT-nin Bakı nümayəndəliyi Azərbaycanın bu istəyinə anlamla yanaşıb. Bundan sonra da Azərbaycan-BMT münasibətləri ikitərəfli əlaqələr və hansısa bir məsələ meydana çıxarsa, onun müzakirəsi davam edəcək”. 

Xəyal Bəşirov yazır: "Bizim ən böyük bəlamız korrupsiyadır,  rüşvətxorluqdur" » Newscenter.az

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, hər bir dövlət hansısa beynəlxalq təşkilata üzv olanda üzərinə öhdəliklər götürdüyü kimi, həmin beynəlxalq təşkilatdan da gözləntiləri olur: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən əsrin 90-cı illərinin əvvəllərində BMT-yə üzv oldu. BMT üzvü olduğumuz dönəmdən Azərbaycan Ermənistan tərəfindən təcavüzə, işğala məruz qaldı. Həm Azərbaycanın, həm Ermənistanın BMT üzvü olması bu beynəlxalq təşkilatdan təcavüzün qarşısını almaq, işğala son qoymaq kimi gözləntilər yaratmışdı. Ancaq BMT Qarabağ münaqişəsini həll etmədi. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi və həmin qətnamələrin tələbləri yerinə yetirilmədi. BMT isə özünün qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün gərəkən addımları atmadı. Biz 30 ilə yaxın müddət ərzində işğala məruz qaldıq, işğal nəticəsində böyük problemlərlə üz-üzə qaldıq. BMT-nin bir sıra fondları həmin dövrdə öz profillərinin tələb etdiyi istiqamətdə müəyyən fəaliyyət həyata keçirdilər. Lakin onların bir çoxu sınaqdan yaxşı keçmədilər. Onlardan biri də Qırmızı Xaç Komitəsi oldu. Qırmızı Xaç Komitəsi çox vaxt Azərbaycana qərəzi ilə seçildi. Qırmızı Xaç Komitəsi Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərindən olan Xankəndidə də fəaliyyət göstərirdi. Halbuki bu, tamamilə qanunsuz və Azərbaycan qanunlarına hörmətsizlik idi. Artıq münaqişə yoxdur və yeni reallıqlar yaranıb. Həm də bu amil Azərbaycanı bir sıra beynəlxalq fondların, təşkilatların ərazimizdə fəaliyyət məsələsini yenidən baxmağa sövq edir. Bu da təbiidir”.

Ekspert vurğuladı ki, dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərməyən istənilən beynəlxalq təşkilatla münasibətlərimizə yenidən baxmaq haqqımızdır: “Ona görə də bu addımları atırıq. BMT-nin Bakı nümayəndəliyi ilə isə münasibətlərimiz davam edəcək. Azərbaycan BMT-nin üzvü kimi bu beynəlxalq təşkilatla münasibətlərini davam etdirəcək. Bu, həm bizim BMT qarşısında öhdəliklərimizin davam edəcəyi deməkdir, həm də Azərbaycanla da bağlı BMT-nin öhdəlik və vəzifələrinin davam etməsi olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

08 Mart 2025

BÜTÜN XƏBƏRLƏR