İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən dünyaya “isti SOS” - bəşəriyyət təhlükənin ağuşundadırmı?

Uzun illərdir qlobal istiləşmədən, onun fəsadlarından danışılır və qarşıda böyük fəlakətlərin, buzluqların əriyəcəyinin, dünyanın xeyli hissəsinin su altında qalacağının anonsu verilir.

Düzdür, son bir neçə ildə yay aylarına xas olmayan sərin, bol yağıntılı havaların keçdiyinin də şahidi oluruq. Ancaq bütün bunların fonunda Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, dünya getdikcə daha intensiv isti hava dalğaları ilə üzləşməyə hazır olmalıdır.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının ekstremal istilər üzrə baş müşaviri Con Neyrn Cenevrədə jurnalistlərə bildirib.

“Bu hadisələr intensivliyi artmağa davam edəcək və dünya daha güclü isti hava dalğalarına hazırlaşmalıdır”, - deyə o qeyd edib.

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev  açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan

Ənvər Əliyev: “50-ci illərdən etibarən planetdə kiçik buzlaşma dövrünün başlanacağı barədə proqnozlar verilir”

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq alim Ənvər Əliyev “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, BMT-nin xüsusi alimlər qrupu iqlim dəyişikliyi, qlobal istiləşmə ilə bağlı müraciət hazırladılar və insanları təşvişə salmağın düzgün olmadığını qeyd etdilər: “Planetdə bəzi qanunauyğunluqlar var. Onlardan biri də dövrilikdir. Məlumdur ki, buzlaşma uzun illər öncə baş vermişdi. 50-ci illərdən etibarən planetdə kiçik buzlaşma dövrünün başlanacağı barədə proqnozlar verilir. Hazırda planetin ən böyük problemlərindən biri torpaq məsələsidir. Dünya əhalisinin təxminən 80 faizini qida ilə təmin etmək də müzakirə mövzularında biridir. Əhalinin qida təhlükəsizliyi, deqradasiya, suvarma sistemlərinin yenilənməsi və s. kimi önəmli məsələlər də müzakirə predmetidir. İqlim dəyişikliyinə hazır olmaq üçün ilk növbədə suvarma sistemləri yenilənməlidir. Əhalinin artımı ilə əlaqədar olaraq bu və ya digər sahələrdə texniki vasitələr təkmilləşdirilməli, müasirləşdirilməlidir. Suvarma sistemləri min illər ərzində dəyişilməyib. Sudan istifadə məsələsini diqqətdə saxlamalıyıq. Şoran torpaqların yuyulub yenidən şoranlaşmaması üçün önləyici tədbirlər görülməlidir”.

Alim hələ ki ciddi təhlükənin gözlənmədiyini qeyd etdi: “Planetdə bu və ya digər fəsadların qarşısının alınması üçün alimlərin kifayət sayda tədqiqatı, təklifi var. İnanıram ki, bu tədqiqatlar öz bəhrəsini verəcək”.

Qorxmaz İbrahimli Şuşadakı aksiyada bəzilərinin kürk geyinməsinə münasibət  bildirdi Pravda.az

Qorxmaz İbrahimli: “Təbiətə ən çox zərəri ABŞ, Rusiya, Çin, Hindistan verir”

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a bildirdi ki, qlobal istiləşmə nəticəsində təbiətdə ciddi dəyişikliklər getməyə başlayıb: “Milyon illərdir dünyada yaşayan insanlar təbiətə dağıdıcı zərərlər vurmaqdadır.  Eyni zamanda atmosfer, litosfer, hidrosfer təkcə insanların deyil, müxtəlif təbiət hadisələrinin də ciddi təsirinə məruz qalmaqdadır. Lakin ətraf mühitə ən intensiv zərər sürətli sənayeləşmə ilə dəyməyə başlayıb. Dəmirin kəşfindən başlayan bu çirklənmənin təsiri isə hava hərarətinin intensiv ölçülməsi və öyrənilməsi ilə ortaya çıxdı. Təxminən üç yüz il ərzində qlobal istiləşmə nəticəsində təbiətdə ciddi dəyişikliklər getməyə başlayıb. Buraya böyük müharibələr, nüvə silahından istifadə, aclıq və qalaktikada gedən proseslər də əlavə olunduqda, vəziyyətin həqiqətən ciddi olduğunu anlamaq olar.  Kömürün kütləvi istifadəsi 19-20-ci  yüzillərdə karbon dioksidin havada çəkisini yüksəltdi. Buraya bir çox digər təbii komponentləri də əlavə etmək olar.  20-ci əsrin ikinci yarısı və 21-ci əsrdə isə sənayenin güclü inkişafı ilə bəşəriyyət qlobal istiləşmə ilə üz-üzə qaldı.  Qütblərdə buzlaqların əriməyə başlaması ilə dünya okeanının səviyyəsi və havanın hərarəti yüksəldi. Bu gün dünyada qlobal istiləşməyə qarşı mübarizə gedir. BMT, Avropa Birliyi və digər təşkilatlar bunun üçün müəyyən addımlar atmağa çalışırlar.  Lakin təbiətə ən çox zərər verən ABŞ, Rusiya, Çin, Hindistan kimi böyük ölkələr lazımi addımları ya atmır və ya ata bilmirlər.  Düşünürəm ki, qlobal ətraf mühitin mühafizəsi üzrə təşkilatlar bu məsələdə daha da sıx birləşməlidirlər. Xüsusən G-20 Sammiti ölkələrini qlobal istiləşmənin qarşısını almaqda real addımlar atmağa məcbur etmək lazımdır.  Qlobal istiləşmənin, quraqlığın bir neçə yüz il sonra öz yerini soyuma və buzlaşmaya verəcəyini də göz önünə alaraq indi daha çox Tanrının bizə dolu verdiyi Yer kürəsi və Qalaktikanı qorumağa çalışmalıyıq.  Bunun üçünsə maarifləndirmə, çevrə duyarlığının yüksəldilməsi önəmlidir”.

Qeyd edək ki, BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) həmçinin xəbərdarlıq edib ki, Yerin şimal yarımkürəsini bürüyən isti hava dalğası ilə bağlı sağlamlıq riskləri hələ də aktualdır. Bildirilir ki, isti hava dalğaları ən ölümcül təbiət hadisələri sırasında yer alır. ÜMT-nin baş müşaviri Con Neyrn, öz növbəsində, ekstremal temperaturların tezliyi, müddəti və intensivliyi ilə bağlı xəbərdarlıq edib. O deyib: “Gecə temperaturlarında oynamalar insan sağlamlığı üçün xüsusilə təhlükəlidir, çünki bədən uzun müddət davam edən həddindən artıq istiləşmədən tez bərpa oluna bilmir. Bu, infarktların sayının və ölüm nisbətinin artmasına səbəb olur”. ÜMT-nin son hesabatına görə, Avropa ölkələrinin erkən xəbərdarlıq tədbirlərinə baxmayaraq, keçən yay bu qitədə ifrat dərəcədə istilər 60 min insanın ölümünə səbəb olub. Təşkilat həmçinin Asiya, Şimali Afrika və Birləşmiş Ştatlarda isti havalardan ölüm riskinin artacağı barədə xəbərdarlıq edib.

Təşkilat bəyan edib ki, şəhər infrastrukturlarının uzun müddət yüksək temperatura uyğunlaşması, eləcə də həssas əhali qruplarının ifrat dərəcədə istilərlə bağlı risklər barədə məlumatlılığının artırılmasına təcili ehtiyac var. Anomal istilər sürətli urbanizasiya, artan temperatur fonunda ekstremal hava şəraiti və əhalinin qocalması səbəbindən sağlamlıq üçün daha çox təhlükə yaradır. Bu il geniş və intensiv istilik dalğaları həyəcanvericidir, lakin onların müddəti proqnozlara uyğun olduğu üçün sürpriz deyil. Con Neyrnin sözlərinə görə, indiki temperatur sıçrayışları süni iqlim dəyişikliyi nəticəsində yarandığı üçün normal hava hadisəsi sayıla bilməz. Eyni zamanda Şimal qütbündəki buzlar sürətlə əriyir və bu tendensiyanı gücləndirir.

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının səhiyyə üzrə fövqəladə hallar qrupunun rəhbəri Panu Saaristo isə ifrat isti dalğaları “görünməyən fövqəladə hallar” adlandırıb. O vurğulayıb ki, belə dövrlərdə səhhəti ilə bağlı həssas vəziyyətdə olan insanlara diqqət yetirmək, eyni zamanda sosial-iqtisadi şəraiti və həyat keyfiyyətini nəzərə almaq vacibdir, çünki bu amillər əlavə risklər yaradır. Onun sözlərinə görə, hazırda Avropa şəhərlərində ən çox aşağı gəlirli bölgələr zərər çəkir. Ekspert qeyd edib ki, isti hava dalğaları iqtisadi məhsuldarlığı azaldır, səhiyyə sistemlərində gərginliyi artırır və elektrik enerjisinin kəsilməsinə səbəb olur.

ÜMT vurğulayır ki, dünyada getdikcə daha intensiv və ifrat isti hava dalğası labüddür və şəhərləri, evləri, iş yerlərini yüksək temperaturun uzun müddət qalmasına uyğunlaşdırmaqla buna hazırlaşmaq lazımdır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR