Onlayn ictimai-siyasi qəzet
Donald Trampın ABŞ-ın üzvü olduğu beynəlxalq təşkilatların əsas donorlarından biri olmasından imtina etmək istəyi BMT-nin gələcəyini təhdid edir.
ABŞ-da dövlət vəsaitlərinin xərclənməsinə nəzarət edən büdcə idarəsi ölkə prezidentinə və Konqresə BMT-nin sülhməramlı əməliyyatlarını maliyyələşdirməyi dayandırmağı təklif edib və bunu ölkə büdcəsindən xarici xərclərin azaldılması zərurəti ilə izah edib. İdarə bildirib ki, milyonlarla amerikalı vergi ödəyicisinin pulları səmərəsiz xərclənir.
Yada salaq ki, Birləşmiş Ştatlar BMT-nin bütün büdcəsinin 22%-ni (3,7 milyard dollar) verir, üstəlik, dünyada sülhməramlı əməliyyatlara xərclənən 5,6 milyard dolların 27%-i ABŞ-ın üzərinə düşür.
Ekspertlərə görə, maliyyə ixtisarları ABŞ prezidenti tərəfindən təsdiqlənərsə, oktyabrın 1-dən qüvvəyə minəcək. Demək, BMT-nin alternativ variant üçün 4 ay vaxtı qalıb. Ondan sonra ya BMT-də “kəmərsıxma” dövrü başlanacaq, ya da ümumiyyətlə, dağılma prosesi start götürəcək. BMT onsuz da mühüm problemlərin həllində acizliyə görə nüfuzunu itirməkdədir, maliyyə dəstəklərini itirdikləri halda isə böhran daha da dərinləşəcək.
Beləliklə, mövcud siyasi reallıqlar, münasibətlər sistemi göstərir ki, BMT-nin axırı yoxdur. Görünür, bu şişmiş təşkilat yaxın gələcəkdə buraxılacaq və yerində daha yığcam, az maliyyə tələb edən effektiv təşkilat yaranacaq.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Azərbaycanın BMT-yə üzvlük haqqı ödəməsinə heç bir əsas görmür: “Donald Tramp hələ birinci prezidentlik dövründə dövlət vəsaitlərinin xərclənməsi sahəsində qayda yaratmaq istiqamətində bir çox işlər görməyə qalxmış, hətta ölkəsinin bir sıra beynəlxalq təşkilatlardakı üzvlüyünə son vermişdi. Hakimiyyətə ikinci dəfə qayıdışı ilə o, nəinki ABŞ-ın bir sıra beynəlxalq təşkilatlardakı üzvlüyünə son verməyi, humanitar yardımları kəskin azaltmağı hədəfləyir. Tramp bu dəfə eyni zamanda ABŞ-ın daxili xərclərini ciddi şəkildə ixtisar etməyi hədəfləyib. O, bu məqsədlə xüsusi bir qurum yaradıb və milyarder İlon Maskı həmin quruma rəhbər təyin edib. Növbəti il üçün Donald Tramp administrasiyası ABŞ Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər, humanitar yardımları isə 54% azaltmağı təklif edir. BMT və NATO-nun maliyyələşdirilməsi isə tamamilə dayandırıla bilər. Əslində BMT kimi dişsiz bir təşkilatın indiki şəkildə qalması dünyanın bugünkü reallıqları baxımından heç bir məntiqə sığmır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının dərhal və qeyd-şərtsiz aradan qaldırılması barədəki 4 qətnaməsini sonda Azərbaycan Ordusu təmin etdisə, biz bir dövlət olaraq bu təşkilata nədən üzvlük haqqı ödəməliyik? ABŞ da ona lazım olduqda dünyanın istənilən bölgəsində, istənilən ölkədə istədiyi hərbi əməliyyatları keçirir və bunun üçün ona BMT Təhlükəsizlik Şurasının qərarları belə lazım olmur. BMT ilə bağlı bu gerçəklər ortadadırsa, o halda ABŞ bu təşkilata nədən milyardlarla dollar üzvlük haqqı ödəməlidir. BMT ya format olunaraq yenidən təşkil edilməli, ya da beynəlxalq təşkilat kimi öz fəaliyyətinə xitam verməlidir”.
Kamran Bayramov
Milli Məclisin deputatı Kamran Bayramov Trampın rəhbərliyi ilə həyata keçirilən xarici yardım siyasətindəki kəskin dəyişikliklərin BMT-ni ciddi şəkildə sarsıtdığını dedi: “Çünki BMT büdcəsinin 22%-ni (3,7 milyard dollar) verir, üstəlik, dünyada sülhməramlı əməliyyatlara xərclənən 5,6 milyard dolların 27%-i bu dövlətin üzərinə düşür. Yerdə qalan 78 faizlik maliyyə 192 dövlət arasında bölünür. ABŞ maliyyə yükünün altına o zamanlar girib ki, dünyanın şəriksiz olaraq ən varlı dövləti idi. Hazırda isə Çin, Yaponiya, Hindistan, eləcə də büdcəsi bir neçə trilyon dollar həcmində olan digər ölkələr var. Amerika Prezidentinin fikrincə, hamısı da maliyyə yardımına qoşulmalıdır. Hazırda dünyada doqquz sülhməramlı missiya fəaliyyət göstərir. Onların hamısı BMT-nin büdcəsindən maliyyələşir. ABŞ-ın BMT-nin pulunu kəsməsi bütün beynəlxalq sülhməramlı fəaliyyətlərin tam dayandırılmasına gətirib çıxaracaq. ABŞ-ın yeni prezidenti büdcədən bu cür xərcləmələri nəhəng vəsaitlərin mənasız israfçılığı hesab edir. Ağ Ev administrasiyası BMT strukturlarına ayrılan maliyyənin azaldılmasından, ABŞ-ın təşkilata yığılmış borclarını ödəməməkdən başlamaq qərarına gəlib. Hazırda ABŞ-ın BMT büdcəsinə borcu 1,5 milyard dollar, sülhməramlı büdcəyə isə 1,2 milyard dollardır. Əgər ABŞ bu ilin sonuna qədər borclarını ödəməsə, ən böyük beynəlxalq təşkilatın fəaliyyətində səsvermə hüququnu itirəcək. Lakin bu perspektiv, görünür, Tramp administrasiyasını xüsusi narahat etmir.
Fakt budur ki, BMT bir beynəlxalq problemi həll edə bilmir və bütün ölkələr belə hallarda (Ukrayna, İran, Şimali Koreya, Yaxın Şərq ətrafında eyni böhranlar) vasitəçilik üçün ABŞ-a müraciət edirlər. Bu halda, BMT nəyə lazımdır? Niyə ABŞ həm beynəlxalq konfliktləri həll etməlidir, həm də BMT-nin saxlanması üçün milyardlar verməlidir? Son iki ritorik sual Tramp komandasının üzvlərinə aiddir. Hazırda mövcud siyasi reallıqlar, münasibətlər sistemi göstərir ki, BMT-nin axırı yoxdur. Görünür, bu şişmiş təşkilat yaxın gələcəkdə buraxılacaq və yerində daha yığcam, az maliyyə tələb edən effektiv təşkilat yaranacaq".
K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq formatına yenidən baxacaq: “Rəsmi Bakının bu addımı atması yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyini itirməsi ilə izah olunur. Əməkdaşlıq formatına yenidən baxılacaq təşkilatlar sırasında BMT qurumları üstünlük təşkil edir. Vətən müharibəsi və antiterror əməliyyatından sonra Azərbaycanda, eləcə də bütövlükdə regionda yeni reallıqlar yaranıb. İndi Azərbaycanın ehtiyacları və prioritetləri fərqlidir. Azərbaycan 90-cı illərdəki kimi humanitar böhranla üzləşmiş ölkə deyil, artıq donor ölkəsinə çevrilib, başqalarına yardım edir. Azərbaycan əslində hazırda maliyyə resursu məhdud olan BMT-yə yardım edib. Onu əlavə ofislər saxlamaqdan xilas edir. BMT isə bu resursları konkret böhran zonalarına, ən çox ehtiyac duyulan ölkələrə yönəldə bilər.
Qeyd edək ki, ABŞ-ın və Azərbaycanın atdığı bu addımlar beynəlxalq təşkilatların fəaliyyətlərinin və maliyyə strukturlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir. Bu, həm də milli suverenliyin və maraqların qorunması baxımından əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ