Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibinin anti-Azərbaycan çıxışı ilə Bakı-Vaşinqton münasibətlərində gərginlik yaradan və səfərinə qadağa qoyulmuş köməkçisi hansı gündəmlə gəlib?
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın dekabrın 6-da Azərbaycana səfəri başlayıb. “Yeni Müsavat” yazır ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir. Sənəddən belə çıxır ki, O’Brayn Bakıda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycan rəsmiləri ilə görüşəcək.
Onun Bakıya gəlişinə şərait yaratmağı dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə telefon zəngində xahiş etmişdi. Eyni zamanda tərəflər qarşılıqlı rəsmi səfərlərə qoyulan qadağanın aradan qaldırılmasına razılaşmışdılar. Blinkenin köməkçisi Konqresdə anti-Azərbaycan çıxışı, Bakını ittiham etməsi, “907-ci düzəliş”in uzadılması təşəbbüsü ilə yadda qalmışdı. O’Brayn deyirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalasın. Əgər imzalamırsa, sanksiyalar, yüksək vəzifəli şəxslərin səfərləri, Azərbaycana silah satışı kimi məsələlərə də embarqo qoyulacaq. Əlbəttə ki, bu, Azərbaycan tərəfindən qəbuledilməz hal idi. Azərbaycan da bəyan etdi ki, bizim suverenliyimizi şübhə altına alan istənilən açıqlamaları, bizə qarşı olan qərəzli mövqeləri qəbul etmirik.
Bundan sonra münasibətlərdə gərginlik artmağa başladı. Lakin Vaşinqton məsələni uzatmadı, Blinkenin zəngi ABŞ-ın Azərbaycanla əlaqələri pisləşdirmək niyyətində olmadığını nümayiş etdirdi. O baxımdan, bugünkü səfər əhəmiyyət kəsb edir. Hər halda, ikitərəfli münasibətlər, sülh müqaviləsi, Vaşinqton masasının bərpası mövzusunda müzakirələr aparılacaq. Ümumiyyətlə, ötən ay ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində absurd teatr səhnəsini xatırladan dinləmələrin keçirilməsi, Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsi, bədnam “907-ci düzəliş”in yenidən qüvvəyə minməsi aydın göstərir ki, Ağ Ev Azərbaycanın öz milli haqqını bərpa etməsi ilə barışa bilmir. Təhlilçilərin qənaətinə görə, Blinkenin köməkçisini Bakıya gətirən səbəblərdən biri Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına, xüsusilə kommunikasiyanın İrəvanın “sülhün kəsişməsi” layihəsinə uyğun açılmasına razı salmaqdır.
Natiq Cəfərli
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqladı ki, Blinkenin köməkçisi Azərbaycan əleyhinə məntiqsiz və doğru olmayan fikirlər səsləndirib. Onun sözlərinə görə, indi bu səfər onun öz fikirlərini normal şəkildə izah etməsi üçün fürsətdir. N.Cəfərli ABŞ-Azərbaycan arasında ciddi, dərin münasibətlər olduğunu hesab edir və onun fikrincə, bu əlaqələri hansısa dövlət rəsmilərinin subyektiv fikirləri pozmamalıdır. “İlk dəfədir ki, gərginliyə səbəb yaradan tərəf Vaşinqtondur. Buna qədər adətən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı münasibətlərdə bir problem yaranardı. Ancaq bu dəfə ABŞ özü gərginliyə səbəb olan mövqe sərgiləyib. Üstəlik də haqsız idi. Ona görə də bu səfərdən sonra ikitərəfli əlaqələrə düzəliş edilməsinə ehtiyac yaranacaq. Hətta Azərbaycan xarici işlər nazirinin Amerikaya səfəri də mümkündür. Çünki noyabrın 20-də təxirə düşən bir görüş var və bunun baş tutması haqda Bakıda müzakirələr aparıla bilər. Eyni zamanda bu gedişatdan göründü ki, ABŞ Azərbaycanla münasibətləri pisləşdirməyi uzatmaq istəmədi”.
Asif Nərimanlı
Təhlilçi Asif Nərimanlıya görə, Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın yeni layihəsi və sülh sazişinə dair təkliflərinin qəbul edilməsi planından qaynaqlanır: “ABŞ-da anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə "təmas strategiyasına" qayıdırlar. Bu təklifləri Bakıya Blinkenin Əliyevdən səfərinə icazə verilməsini istədiyi Ceyms gətirəcək. Vaşinqtonun planının nədən ibarət olduğunu Obraynın açıqlamasından müəyyən etmək mümkündür: ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək, Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi nəzarətə götürmək istəyir".
Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ diplomatı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin detalları müzakirə edəcək: “Xüsusilə ABŞ diplomatı Azərbaycana Ermənistanın vəkili kimi gələcək. Avropa İttifaqının və Vaşinqtona arxalanan Paşinyan Azərbaycanla bərabər şəkildə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Ermənistan təklif edir ki, anklavlarla məsələ barter şəklində həll edilsin, qoşunlar "güzgü" prinsipi ilə geri çəkilsin, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını gündəliyə daşımasın, Ermənistan sülh qovşağı planının iştirakçısı olsun".
Məhəmməd Əsədullazadə
“Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko isə deyib ki, ABŞ-ın mövqeyi, təəssüf ki, Cənubi Qafqazda sülh üçün dağıdıcıdır. Korotçenkonun sözlərinə görə, ABŞ Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istərdi: “Ona (Bakıya - red.) necə təzyiq edə bilərik, onu Vaşinqtonun bəzi tövsiyələrinə əməl etməyə necə məcbur edə bilərik? Heç bir şəkildə. Və bu, Vaşinqtonun xoşuna gəlmir. Ona görə də Amerikanın erməni xəritəsindən, Qarabağ ermənilərinin xəritəsindən istifadə etmək cəhdləri var. Eyni zamanda başa düşmək lazımdır ki, bu, hələ hamısı deyil. Qərb Ermənistanı dəstəkləməyə köklənib. Serbiyanın xüsusi mövqeyini, Macarıstanın, İtaliyanın, Bolqarıstanın, Cənub Qaz Dəhlizi ilə Azərbaycandan qaz alanların hamısının xüsusi mövqeyini bilirik”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ