Onlayn ictimai-siyasi qəzet
Dövlət katibinin sözlərinə görə, Vaşinqton İrəvana dəstəyi gücləndirmək üçün Ermənistandan gələn “bir sıra sorğuları” nəzərdən keçirir; görünür, Paşinyan ölkəsinin təhlükəsizliyi üçün narahatdır
ABŞ Vaşinqtonun İrəvana dəstəyi gücləndirmək üçün hansı addımlar ata biləcəyini müəyyən etməkdən ötrü Ermənistandan gələn “bir sıra sorğuları” nəzərdən keçirir. “Yeni Müsavat” xatırladır ki, bu bəyanatı ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə səsləndirib.
“Biz Ermənistana dəstəyimizi gücləndirmək üçün başqa nə edə biləcəyimizi müəyyən etməkdən ötrü Ermənistandan gələn bir sıra sorğuları nəzərdən keçiririk” - Amerika diplomatiyasının rəhbəri bildirib. Eyni zamanda, Blinken sorğuların təfərrüatını açıqlamayıb, lakin xatırladıb ki, aprelin əvvəlində Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü olub. Amerikanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu məsləhətləşmələr məhz ABŞ və Aİ-nin “Ermənistanı dəstəkləmək üçün daha nə edə biləcəyini” öyrənmək üçün aparılıb. “Və biz bir sıra müxtəlif sahələrdə irəliləyəcəyik”- deyə, Blinken əlavə edib.
Yada salaq ki, həftənin əvvəlində Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti ilə İrəvanda görüşüb. Müzakirələrin təfərrüatı açıqlanmayıb.
Sözügedən Brüssel görüşündən qayıdandan sonra Paşinyan Qərbin Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bəyan edib. İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini dondurub. Putinlə Paşinyanın Kremldəki son görüşündən sonra İrəvanın ABŞ-a sorğular göndərməsi də diqqət çəkir. Paşinyan o görüşdən sonra açıq anti-Rusiya ritorikasından demək olar ki, imtina edib. Belə ehtimal etmək olar ki, İrəvan ABŞ-dan təhlükəsizliyi üçün dəqiq cavab istəyir. Çünki baş nazir əvvəllər də deyib ki, Ermənistan təhlükəsizliyin təminatında yeni müttəfiqlər axtarışındadır. O, bu məsələdə Rusiyaya güvənmədiklərini açıq şəkildə bəyan edib. Hərçənd, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini rus hərbçiləri qoruyur. Amma görünən budur ki, İrəvan ABŞ-dan bu məsələdə ciddi nəticələr almaq istəyindədir. Bəs, bu sorğular nədən ibarətdir? ABŞ Ermənistanın müraciətini necə qiymətləndirəcək?
Natiq Cəfərli
“Yeni Müsavat”a danışan REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hesab edir ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı həddindən artıq yüksəkdir, xüsusən də enerji asılılığı var. Onun fikrincə, Ermənistanın ABŞ-a sorğuları bu asılılığı azaltmaq yönündə məsləhətləşmələr aparılması ola bilər: “Çünki Rusiya Ermənistanı cəzalandıracaq qərarlar verə bilər. Ermənistan neft məhsullarını və qazı Rusiyadan alır, qazın cəmi 15 faizini İrandan alır, o da sənaye müsəsisələrinin şəbəkəsinə çatmır, qaz idxalında 85 faiz yeri Rusiya tutur. Neft məhsullarının isə 90 faizini Rusiyadan alırlar. Ona görə də bu məsələ ilə bağlı Vaşinqtonla İrəvan birgə müzakirələr apara bilər”. N.Cəfərli təhlükəsizliyin qarantiyası rolunda ABŞ-ın hansısa addım ata biləcəyini istisna edir: “Amerika təhlükəsizlik sahəsində nəsə edə bilməz. Hazırda Ermənistan KTMT üzvü olaraq qalır, Türkiyə və İran sərhədlərində rus hərbçilərin olması son görüşdə razılaşdırıldı, Gümrüdə 102-ci baza yerləşir... Yəni ABŞ təhlükəsizlik sahəsində diplomatik bir iş görə bilər, praktik addım ata bilməz. Əsas məsələ Rusiyadan olan iqtisadi, enerji daşıyıcıları asılılığını azaltmaqla bağlı müraciətdir. Amma Ermənistanı da bu vəziyyətdən çıxara biləcək yeganə ölkə Azərbaycandır. Fikrimcə, bu məsələ ABŞ-Azərbaycan danışıqlarında müzakirə oluna bilər. Xatırlayırsınızsa, bir neçə həftə əvvəl Ermənistan rəsmiləri Azərbaycandan təbii qaz ala biləcəklərinin anonsu vermişdilər...”
Telman Qasımov
Hərbi ekspert Telman Qasımovun sözlərinə görə, ABŞ bir neçə dəfə Ermənistanın təhlükəsizliyinə qarant ola biləcəyini dilə gətirib. Onun sözlərinə görə, ABŞ-dan İrəvana son səfərlər isə İranla əlaqədar görünür: “Çünki Azərbaycanla bağlı məsələlər həllini tapıb. Vaşinqton da maraqlıdır ki, sülh müqaviləsi imzalansın, amma öz paketi ilə. Hətta delimitasiya prosesini alqışladılar. Ona görə burada Rusiya və İran məsələləri qalır”. T.Qasımovun fikrincə, Ermənistanda hərbi ocaqlar var idi və rus qoşunları yerləşmişdi: “Onların çıxarılması ilə bağlı ABŞ-Ermənistan danışıqları gedə bilər. Yəni ruslar Tavuşdan çıxdılar, Zəngəzur və Gümrüdən də çıxdıqca, Amerika Ermənistana dəmir dəbilqə, çadırlar verə, bu ad altında regionda möhkəmlənməsini sürətləndirə bilər. Hazırda rus hərbi kontigentinin İran- Ermənistan sərhədindən geri çəkilməsi istənilir. Bununla həmin sərhədin ABŞ-ın nəzarətinə keçməsi nəzərdə tutulur. Vaşinqton istəyir ki, Zəngəzur dəhlizi açılarsa rusların yox, amerikalıların kontrolu olsun”.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Ermənistan ABŞ-dan daha ciddi siyasi-iqtisadi dəstək proqramları istəyir. Onun sözlərinə görə, Paşinyan kabinetinin müraciətinə təhlükəsizlik sahəsində strateji dəstək verilməsi istəyi ola bilər: “Amerikalı hərbçilərlə keçirilən təlimlər, ABŞ ordusunun Avropadakı komandanı ilə görüşlər, aprelin 5-də keçirilən Brüssel görüşündə ayrılan maliyyə dəstəyi Ermənistanı həvəsləndirib. ABŞ Ermənistanda Rusiyanın təsirlərinin azaldılması üçün çırmanıb, amma buna tam nail olmaq mümkün deyil. Çünki Ermənistan həm iqtisadi, həm təhlükəsizlik sahəsində Rusiyadan asılı vəziyyətdədir. Amerika gəlib bu regionda Ermənistan üçün nə edə bilər? Əgər Paşinyanın praqmatizmi varsa, Zelenski və Saakaşvili nümunələrindən ibrət götürüb Rusiya ilə gərginliyi tam sıfırlamalıdır”. Təhlilçi əks təqdirdə İrəvan - Moskva münasibətlərinin pisləşməsindən Ermənistanın zərər görəcəyini düşünür: “Rusiya heç nə itirmir. Onsuz da nəzarət və təzyiq mexanizmlərini əlində saxlayıb. Amma davamlı gərgin əlaqələr Ermənistan iqtisadiyyatına zərər vurur. O baxımdan Ermənistan ABŞ-la yaxınlaşma siyasətində Rusiya amilini həmişə nəzərə almağa məcburdur”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ