İnsanlara hürriyət, millətlərə istiqlal!

Biznes kreditlərinə tələbi artıran səbəblər - III rüblə bağlı proqnoz

Natiq Cəfərli: “Aqrar sahədə kredit səviyyəsi çox aşağıdır”

2024-cü ilin II rübündə sorğu nəticələrinə əsasən mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar tərəfindən növbəti rübdə MKOS subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam etməsi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda isə dəyişiklik olmaması gözlənilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələrində qeyd edilib ki, 2024-cü ilin II rübündə MKOS subyektlərinə verilən kreditlərə tələbdə artım davam edib. Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə tələbdə artım müşahidə olunacaq.

Vüqar Bayramov: “İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr  artırılmalıdır”

Millət vəkili Vüqar Bayramov hesab edir ki, sözügedən proqnoz real sektorda aktivliyin növbəti rübdə daha da artacağı ilə bağlıdır. “Yeni Müsavat” şərhində millət vəkili AMB-nin biznes kreditləşməsinin sayının artmasında maraqlı olduğuna diqqət çəkdi:

“Bir tərəfdən biznes kreditlərinə əlçatanlığın artırılması istiqamətində Mərkəzi Bank müəyyən qaydaların təkmilləşdirilməsini həyata keçirir, eyni zamanda bankların özlərinin real vəsaitlərinin biznesə yönəldilməsi ilə bağlı təşviqedici tədbirlər davam edir. Həmçinin biznesdə aktivliyin artması nəticədə kreditlərə tələbi artırır. Bu, banklar tərəfindən biznes kreditlərinin verilməsinə gətirib çıxarır. Mərkəzi Bank praktik olaraq ümumi kredit portfelində biznes kreditləşməsinin sayının artmasında maraqlıdır. Buna görə də AMB banklar tərəfindən biznes kreditlərinin daha çox verilməsinə çalışır. Eyni zamanda biznes kreditlərinə tələbin artması və bu tələbin real iqtisadiyyat tərəfindən dəstəklənməsinə ehtiyac var. Növbəti dövrdə, yəni III rübdə real sektorda gözlənilən aktivlik biznes kreditlərinə tələbin artmasına və banklar tərəfindən real sektora daha çox kreditlərin yönəldilməsinə gətirib çıxaracaq”.

WhatsApp Image 2024-09-05 at 11.26.11.jpeg (283 KB)

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a şərhində bildirdi ki, kredit portfeli üzrə göstəricilər böyük istiqamətlər üzrə qənaətbəxş hesab edilə bilər: “Biznes kreditlərinin həcmi getdikcə artmaqdadır. Sadəcə olaraq, kredit faizlərinin yüksək olması bu mövzuda ürəkaçan olmayan iki amildən biridir ki, bu da başadüşüləndir. Bu bilavasitə kredit faizlərini formalaşdıran faktorlardan qaynaqlanır. Məsələn, depozit faizlərinin 8-10, bəzən 12 faizə qədər olduğu hallarda təbii ki, digər xərcləri də üzərinə gəldikdə, mənfəət götürmək amilini nəzərə aldıqda kredit faizlərinin yuxarı olması anlaşılandır. Getdikcə KOB subyektləri yaxud mikro, kiçik və orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması məqsədilə müxtəlif qurumlar tərəfindən aparılan birgə fəaliyyət, o cümlədən KOBİA və digər qurumların Mərkəzi Bankla və Banklar Assosiasiyası ilə apardığı birgə işlər nəticədə KOB subyektlərinin maliyyə əlçatanlığında  irəliləyişlərin əldə olunmasına imkan verir. Mərkəzi Bankın açıqlamasında göründüyü kimi, prosesdə müsbət dinamika var”.

E.Əmirov prosesin mənfi cəhətlərini də şərh edib: “Əsas çatışmazlıq biznes kreditlərində regionların payının həddən artıq az olmasıdır. Kredit portfelində regionların payı 20 faiz civarındadır. Bakı və Abşeronun payı isə təxminən 80 faizdir. Regionların 20 faizlik payı məhz istehlak kreditlərinin payına düşür. Hazırda ölkədə kredit münasibətlərində ən ciddi problem regionlarda biznes kreditlərinin göstəricilərinin çox pis vəziyyətdə olmasıdır. Bu da kompleks amillərdən qaynaqlanır”. 

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin də fikirlərini öyrəndik. Ekspertin fikrincə, AMB-nin gözləntisi  xoş niyyətdən qaynaqlanır. Belə ki, reallıqda istehlak kreditləri ümumi kredit portfelinin az qala yarısını təşkil edir: “Mərkəzi Bank haqlıdır. Biznes kreditlərinin artması üçün faizlər aşağı düşməli, şərtlər yumşaldılmalıdır. Məsələn, aqrar sahədə kredit səviyyəsi çox aşağıdır, risklər çox olduğu üçün banklar fermerlərə kredit vermək istəmirlər. Onu da qeyd etmək lazımdır ki, Mərkəzi Bank kommersiya banklarının faiz dərəcələrinə birbaşa təsir göstərə, yaxud göstəriş verə bilməz.  Sadəcə olaraq, tənzimləyici tədbir kimi müəyyən yumşalmaları həyata keçirərək onları təşviq edə bilər. Yəqin ki, Mərkəzi Bank təşviqedici müəyyən addımları atmağı düşünür. Çox güman ki, sentyabr ayından başlayaraq uçot dərəcəsini aşağı salmağa başlayacaq. Bu və başqa yumşaldıcı tədbirlər biznes kreditlərinin artmasına təkan verə bilər. Beləliklə, proqnoz bu ehtimal üzərinə verilib”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR