İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizimləsən” və “Səni Axtarıram”da yığılan pullarla bağlı BƏYANAT

ATV və ARB telekanalları birgə bəyanat yayıb.

Musavat.com bəyanatın mətnini təqdim edir:

“Bu birgə bəyanatın səbəbi bəzi media resurslarında ATV və ARB telekanallarına qarşı vüsət almış kampaniyadır.

Hər cür uydurmalara, təxribat xarakterli bəyanatlara və heç bir fakta əsaslanmayan mülahizələrə cavab verməyə lüzum bilməsək də, ATV-nin “Bizimləsən” və ARB-nin “Səni Axtarıram” verilişlərində xeyriyyə tədbirlərindən yığılan vəsaitlərin mənimsənilməsi ilə bağlı səslənən ciddi xarakterli ittihamları cavabsız qoymaq olmaz. Bu ittihamlar tamamilə cəfəng, əsassız və böhtandır, lakin bu ittihama cavab verməyimiz müstəsna olaraq qeyd edilən verilişlərin milyonlarla tamaşaçısına və müsəlmanların müqəddəs Ramazan ayında xəstə uşaqlar üçün ianə toplama kampaniyalarında iştirak edən yüz minlərlə vətəndaşımıza hörmətdən irəli gəlir.

Bununla bağlı aşağıdakı FAKTLARI qeyd edirik:

1. Kampaniyalar elan olunmazdan əvvəl telekanallar xəstəlik və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazımi sənədlərin təqdim edilməsini tələb edir.

2. Müalicə üçün toplanan ianələr birbaşa xəstə uşaqların valideynləri tərəfindən təqdim edilən bank hesablarına edilir.

3. Telekanallarda vəsaitin təyinat yerinə köçürülməsi barədə sənədli dəlillər var.

4. Xeyriyyə marafonu efirdə canlı yayımlanıb, vəsaitlərin toplanması və ödənişlərin bütün mərhələləri vizual qaydada sənədləşdirilir.

5. Verilişlərin redaktorları uşaqların valideynləri, uşaqlar və onların müalicə olunduğu klinikalar ilə mütəmadi əlaqə saxlayırlar - bu əlaqələr həm də vizual olaraq sənədləşdirilir.

6. ATV kanalına qarşı ittihamlarla internet resurslarına müraciət edən bir qadın vətəndaşın məsələsini ayrıca qeyd etmək yerinə düşər: ATV telekanalının böhtanla bağlı məhkəməyə müraciət etməməsinin yeganə səbəbi həmin vətəndaşın ağır vəziyyəti və öhdəsində 4 uşağın olmasıdır. Lakin əsassız ittihamlar davam edərsə, telekanal öz şərəf və ləyaqətini məhkəmə vasitəsilə müdafiə etmək məcburiyyətində qalacaq.

Beləliklə, bildiririk ki, xeyriyyə məqsədilə toplanmış bütün vəsaitlər tam təyinatı üzrə yönəlib və xərclənib, lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq.

Biz keçmişdə telekanallarda, saytlar və sosial şəbəkələrdə əsl məqsədi biznes rəqiblərin gözdən salınması və sıradan çıxarılması olan məlum “media müharibələri” təcrübəsinin yenidən canlandırılması cəhdlərini səmərəsiz hesab edirik.

Biz həmkarlarımızı həm jurnalistikanın əsas prinsiplərinə, həm də media etikası qaydalarına əsaslanan məsuliyyətli mövqe tutmağa çağırırıq.

Eyni zamanda qeyd edirik ki, telekanalların və bu telekanallarda çalışan kollektivlərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ziyan vuran böhtan və birtərəfli, təhrif edilmiş məlumatları məsuliyyətsiz şəkildə yayan resurslara qarşı məhkəməyə müraciət etmək imkanını nəzərdən keçiririk”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR