İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizimkilər kim olacaq

Belə bir “saqqallı” lətifə var: “Ər evdə televizorda baxır. Arvad mətbəxdən səslənir ki, cəbhə xəttindən nə deyirlər. Ər deyir, bizimkilər qalib gəlir. Arvad soruşur, bizimkilər kimdir? Ər deyir: Kim qalib gəlsə bizimkilər odur”.

Bu lətifənin müəyyən bir xalqa aid, indiki terminlə  yazsaq, ksenofob variantı Sovet vaxtı çox məşhur idi. Sovetin vaxtında populyar olan el rəvayətlərindən biri də dövlətin şefi Mixail Qorbaçovun Amerikanın agenti, Mərkəzi Kəşfiyyat Agentliyinin casusu olmasıydı. Guya məhz onların tapşırığı, arzusu ilə Mixail Sergey oğlu o boyda hegemon dövləti böyrü üstündə qoymuşdu. Ancaq heç özünə sual edən yox idi ki, bu necə dövlətdir, bir casus dağıda bilir? Çünki o sualın arxasında duran həqiqətləri əslində hər bir sovet adamı - “homo sovetikus” gözəl başa düşürdü. Həmin həqiqətlər isə SSRİ-nin çürük, saxta dəyərlər üzərində qurulması, “gil ayaqlı nəhəng” olmasından başlayır, antixalq partnomenklatura, korrupsioner zavmaqlar və zavod müdirləri, kolxoz sədrləri ilə tamamlanırdı. Tankı konveyerlə buraxan dövlətin elementar üzqırxan (“lezva”), diş pastası, pal-paltar buraxmağa qabiliyyəti yox idi. Bunlar cəhənnəm, ət, yağ, şəkər kimi gündəlik ərzaqlar defisit idi, insanlar avara qalıb saatlarla növbədə dayanırdı. Ancaq yazdığım kimi, günahı casusda axtarmaq səmərəli üsuldur. Bunu Corc Oruell “1984" romanında cikinə-bikinəcən təsvir edib - hər bir totalitar diktaturanın öz hakimiyyətini sürdürmək üçün ”xarici düşmənə" ehtiyacı var.

Qorbaçovun xarici kəşfiyyata cəlb edilməsinin variantları da maraqlı və əyləncəli idi. Məsələn, bir versiya var idi ki, amerikalılar onu hələ Stavropol diyarında Sov.İKP katibi olanda “verbovka” ediblər. 1970-ci ildə. Guya 15 il Qorbaçovun partiyada qabağa gedib ta SSRİ-nin başçısı olmasına çalışılıb. Tam bir “Qurdlar vadisi” ssenarisiydi, çəkən olmadı. Bizim kəndçi Nanəzər xalanın versiyası isə uşaq yaddaşımda ilişib qalıb: “Bu lənətə gəlmiş Qorbaçov əslində nemesdir. Atası bizim kəndin altındakı nemes obasında yaşayırdı. Faşistlər müharibədə uduzandan sonra bunu altdan-altdan rəhbərliyə gətiriblər”.

Bütün bu əski söhbətlərin yadıma düşməsinin səbəbi isə Donald Trampdır. Hazırda bir çox dünya mediasında Trampın guya rus-sovet “KGB” casusu olması haqda məqalələr dərc edilir. Hətta 1980-ci illərdə SSRİ-dən Qərbə qaçmış “KGB” zabitlərini tapıb müsahibələr alırlar. Onlar isə and-aman edir ki, Tramp Sovet vaxtı Leninqrada gələndə Putin onun hansısa əyləncəli videosunu çəkib, indi bununla Trampı şantaj edir, Ukrayna əleyhinə danışdırır.

Əgər SSRİ paralelini davam etdirsək, məntiqlə Tramp çox tezliklə ABŞ-ı böyrü üstündə qoymalıdır. Ştatlar arasında qırğın çıxacaq, Kaliforniya erməniləri “Miatsum” bağıracaq, nə bilim, Melaniya xanıma bahalı brilyantlar hədiyyə ediləcək və sairə.

Vəziyyət oxşardırmı? Açığı, “komplo teoriləriylə” aram olmasa da, nə biləsən, deyir, dəlidən doğru xəbər... Birdən həqiqətən belədirsə? Üstəlik, son illər ağlımıza gəlməyən min iş başımıza gəlməkdədir. Həmçinin, Trampın və komandasının bəzi qərarları Qorbaçovun “zəhmətsiz gəlirlərlə mübarizə” (bax: USAİD və məmurlara qarşı Maskın savaşı), alkoqolizmin ləğvi, elmi-texniki sürətləndirmə (bax: Tayvandan çipləri istəmək, Marsa uçuş planı və sairə) qərarlarını çox xatırladır.

Təbii ki, orada da böhranı yaradan səbəblər bir şəxslə bağlı deyil, sistemlidir. Yoxsa Tramp bəzi söhbətlərini özü də qəbul eləmir, dünən Zelenskini diktator adlandırır, bu gün “mən belə söz deməmişəm” adıyla danır. Qərb, Avropa Birliyi, NATO sistemində çoxlu köklü problemlər yığılıb qalıb, bu isə əslində SSRİ dağılandan sonra 30 il Qərbin rəqibsiz, arxayın qalmasından doğub. Ancaq “demokratiyada çarə tükənməz”, Qərb və ABŞ bu işlərdən də uduşla çıxacaq, mən buna inanıram. Hökumə xanım demişkən, hər şey yaxşı olacaq.

Bu qovğada “bizimkilər” kimdir, biz gərək səbrlə gözləyək. Lətifəni girişdə o səbəblə yazdım.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR