İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizə də “kiçik burjua yazarı” desəydilər...  

Hündür binalardan, xüsusən də göydələnlərdən heç vaxt xoşum gəlməyib, ona görə ki, adam başını qaldırıb onlara baxanda müvazinətini itirir.

Amma böyük supermarketləri, şadlıq saraylarını - restoranları seyr etməyi sevirəm, onlardakı bolluq, səliqə-səhman, hətta təmtıraq ürəyimi açır...

Di gəl, onları sevsəm də yenə də özümünkü, ən başlıcası isə, özümü onlarınkı hesab etmirəm.

Tüstülü “pivnoy”ların, xırda-xuruş kafelərin, xırda-mırda mağazaların, nə bilim, kiçik dönərxanaların, cızbızxanaların daxili və xarici durumu məndə böyük simpatiya yaratmasa da yenə də özümü onlarla eyni sosial sinifdən hesab edirəm – fikirləşirəm bunlar kiçik burjuaziyadır, bizlərsə onlara yaxın kiçik burjuaziya ziyalıları...

Ola bilsin, kimsə bununla qəti razılaşmayacaq, deyəcək ki, yox, ən azı biz ziyalılar elə indi də lümpen proletariatlarıq!

Gəlin özümüzü çox da kiçiltməyək, əbəs yerə vay - şivən də qoparmayaq. Marksın dediyi proletariat daha heç yerdə yoxdur, indi ən aşağı sosial təbəqəyə aid olanların belə “zəncirlərindən savayı itirməyə” nəyisə var...

Hələ sovetin vaxtında akademik- dissident Andrey Saxarov bunu deyirmiş. Bəli, kişi söyləyirmiş ki, ay ideoloqlar, “sosialist” – kommunist düşərgəsindən başqa heç yerdə daha proletariat yoxdur, onları da biz süni şəkildə davam etdiririk, bütün dünyada siyasi-sosial proseslərin hərəkətverici qüvvəsi tələbələrdir, ziyalılardır və bir də kiçik burjuaziyadır.

Bunun hətta dünyada təsdiqi də vardı onda–məgər altmışıncı illərdə Fransanı tələbələr qarışdırmamışdımı? Həmin vaxt elə ABŞ-da anti-irqçilik hərəkatının, insan haqlarının müdafiəsinin önündə ziyalılar getmirdimi? Məgər Martin Lüter Kinq proletar və yaxud da ki, proletar lideri idi?

İndi bildiniz, niyə kiçik burjuaziyaya simpatiyam var? Çünki onlar da daim siyasi, sosial, iqtisadi, hətta hüquqi diskomfort hiss edirlər. Daim özlərini qorumaq məcburiyyətindədirlər!

Böyük burjuaziya isə belə deyil, o, hər yerdə hər şeyi ələ keçirəndən sonra kef içində hökm sürür. Mən hələ onu demirəm ki, onlar xüsusən trans - milli korporasiyalar (TMK-lar!) dünyada insan haqlarını pozma potensialına görə avtoritar dövlətlərə bərabər tutulurlar! Onlara qarşı tək anti - qlobalistlər deyil, həm də insan hüquqları müdafiəçiləri çıxırlar, çünki TNK-ları dünyada, ən əsası üçüncü ölkələrdə təkcə təbii ehtiyatlar, bazarlar deyil, həm də ucuz, sosial müdafiəsiz işçi qüvvəsi cəlb edir...    

Mənim üçün böyük burjuaziya böyük totalitar dövlət maşını kimidir – sonuncunu, total dövlət maşınını sovetin vaxtında görmüşdüm, elə böyük burjuaziyanın da caynaqlarını sovetin vaxtında hiss etmişdim, amma ədəbiyyatdan...

Yəqin, Cek Londonun “Dəmir daban”ı yadınızdadır. Bədii məziyyətlərini deyə bilmərəm, amma digər cəhətlərinə görə möhtəşəm əsərdir və neçə illər bundan əvvəl rusiyalı solçular da (bu məsələdə isə onlardan etibarlı mənbə ola bilməz!) özləri də etiraf etdilər ki, inhisarçı-monopolist böyük kapital ideyası V.Lenindən əvvəl bəzi yazıçıların ağlına (xüsusən də amerikalı!) gəlib və onlar bunu irəlicədən görüblər...

Amma “kiçik burjuaziya” ilə bağlı daha bir detal da olub mənim həyatımda. Yenə də sovetin vaxtı idi. Böyük bacı-qardaşların bir hissəsi humanitar profilli ixtisaslara hazırlaşdıqlarından evimiz ədəbiyyata aid kitablarla dolu idi.

Çoxnu da mən oxuyurdum. Onda, məsələn, “Ümumi dilçilik”, “Sovet xalqlarının ədəbiyyatı”, nə bilim, “Azərbaycan ədəbiyyatı tarixi” və s. kitabları oxumuşdum. İndi hamısının müəllifini və hətta dəqiq adlarını da unutmuşam.

Amma, inanırsınız, bu kitabları oxuduğuma qəti peşman deyiləm, baxmayaraq ki, bəziləri deyə bilər ki, bütün bunlardansa Borxersdən və ya Prustdan nəsə oxuyardın!

Amma mən “Ümumi dilçilik” kitabından, məsələn, Misir heroqliflərini oxuyan Jan - Fransua Şampolyon haqda oxumuşdum. Başqa bir vaxt bunu harada oxuyacaqdım, axı əvvəl humanitar profilli adam deyildim!      

“Sovet xalqlarının ədəbiyyatından”, misal üçün, qazax yazıçıları Abay Kunanbayev və Muxtar Auezov haqda oxumuşdum.

İş elə gətirdi ki, rayon kitabxanasında Muxtar Auezovun “Abay” romanını da tapdım. Çox sonralar isə bildim ki, M.Auezovu milli baxışlarına görə indiki Mərkəzi Asiya yazarlarının demək olar ki, hamısı, hətta böyük Ç.Aytmatov da özünün müəllifi hesab edirmiş!..   

Amma hətta bu da hamısı deyil. İndiki kimi yazımdadır ki, Moskvada bir qazax tələbə yoldaşıma Abay, Muxtar Auezov haqqında bir-iki kəlmə deyəndə gördüm bədbəxtin gözləri dolubdur! Mənə dedi ki, inana bilmirəm, Azərbaycanda hansısa gənc Abayı, Muxtar Auezovu tanıyır!

Amma “kiçik burjuaziya” ilə bağlı ən əsas təəssüratımsa indi deyəcəyimdir. Azərbaycan ədəbiyyatının tarixinə aid köhnə kitablardan birində səhifənin aşağısında  yazmışdılar: Hüseyn Cavid – kiçik burjua şairi...

O vaxt mən, əlbəttə, Cavidi artıq müəyyən qədər tanıyırdım. Amma bu təqdimat daha ciddi tanışlığın əsasını qoydu. Ən maraqlısı, bilirsiniz, nədir? Rejimin buyruqlarını yerinə yetirən müəllif bəlkə də düşünmüşdü ki, Cavidi, necə deyər, ən aşağı sosial pillələrdən birində yerləşdirib! Axı onda hətta Mirzə Cəlilə, Sabirə də inqilabçı - demokratlar deyirdilər!

Amma işin tərsliyindən o müəllif istəmədən belə Hüseyn Cavidi həqiqətən də çox layiqli bir pillədə - kiçik burjua yazıçısı kimi təsnif etmişdi.

Bəli, məhz o kiçik burjua ki, bütün dünyada əsl azadlığın və demokratiyanın hərəkətverici qüvvəsi hesab olunur. Hətta o yerdə ki, demokratiya yoxdur, adətən deyirlər ki, yəqin, hələ orada kiçik burjua inqilabı olmayıbdır!..

Odur ki, kimsə mənə də “kiçik burjua yazarı” desəydi buna yalnız sevinərdim, çünki nə monopolist böyük burjua, nə də totalitar dövlət maşını mənlik deyil. Total dövlət aydın məsələdir, o, qədim Spartadan tutmuş, Platondan baslamış çox filosofların beynini məşğul edib, bir növ onların “saqqızını oğurlayıbdır”.

Böyük burjuaziyaya gəldikdə isə, onları heç kim sevmir, hətta liberal-sağçı demokratları belə onların nökərləri hesab edirlər, solçu liderlərdən fərqli olaraq onların adları ətrafında romantik oreollar qurmurlar. Bəli, ifrat liberal - sağçı demokratları da sevdirmək cəhdləri var, amma bunlar o qədər də uğurlu deyil.

Bir neçə il bundan əvvəl hətta bir türk şairinin (bəlkə də nəğməkarının!) “Yorğun demokrat” şerini oxudum. Bəli, bu, Nazim Hikmətin hətta solçu şeirlərinin fonunda çox sönük görünürdü!

Amma kiçik burjuaziya tamam başqa məsələdir, həm də ona görə ki, hətta böyük fikir adamlarının özlərinin çoxunu bu sosial təbəqəyə aid etmək olar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR