Onlayn ictimai-siyasi qəzet
Bu gün - iyunun 5-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistana səfər edəcək. Ölkənin xarici işlər naziri Sergey Lavrovun səfərinin ardınca Matviyenkonun İrəvana gedişi diqqət çəkir.
Son zamanlar Rusiya-Ermənistan yaxınlaşması müşahidə olunmaqdadır. Belə görünür ki, Paşinyan Qərbdən lazımi dəstəyi ala bilmir. Artıq bəlli olduğu kimi, Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib ki, “Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır”.
Bu əslində o anlama gəlir ki, Rusiya xaricində heç bir ölkə, o cümlədən Paşinyanın ümid bəslədiyi Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyil. Moskvada belə düşünürlər.
Bəzi analitiklərə görə, Paşinyan Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyəcək, çünki İrəvan Kremlin iki səbəbdən Ermənistanın maraqlarına zərbə vurduğu qənaətindədir: birincisi, Paşinyan hesab edir ki, Rusiya 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda lokal antiterror əməliyyatı keçirməsinə imkan verməməli idi. İkincisi, Paşinyana görə, Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirdikdə Rusiya buna adekvat reaksiya göstərməyib. Halbuki Rusiyanın Azərbaycana mane olması üçün hüquqi əsası olmayıb.
Bu qəbil səfərlərin intensivləşməsi hansı geosiyasi reallıqlardan qaynaqlanır? Rusiya Ermənistan daxil, Cənubi Qafqazı öz təsir dairəsinə qaytara biləcəkmi?
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında mövcud durumdan heç bir halda narahat olmadığını qeyd etdi: “Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfəri, bu gedişin Sergey Lavrovun bu ölkəyə son səfərinin ardınca baş tutması Moskvanın Cənubi Qafqazda yenidən aktiv təsir imkanlarını gücləndirmək niyyətindən xəbər verir. Bu, xüsusilə də Ermənistanın Qərblə münasibətlərində gərginlik və müəyyən dərəcədə soyuqluq yaşandığı bir dövrə təsadüf edir. Rusiya açıq şəkildə Ermənistanın suverenliyinə və təhlükəsizliyinə təminat verməyə hazır olduğunu bəyan etməklə, həm İrəvana, həm də regiondakı digər oyunçulara geosiyasi mesaj verir: Kreml hələ də bölgəni öz ənənəvi nüfuz zonası hesab edir və bu təsiri itirmək niyyətində deyil. Ermənistanın Qərbə inteqrasiya cəhdləri, xüsusilə Fransadan gözlənilən dəstəyin reallıqla uzlaşmaması fonunda, Paşinyan hökumətini yenidən Moskva ilə taktiki əməkdaşlığa sövq edə bilər.
Bununla belə, Ermənistan cəmiyyətində və siyasi dairələrində Rusiyaya qarşı ciddi etimadsızlıq mövcuddur. Xüsusilə 2020-ci ildən sonra yaşananlar, o cümlədən 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirlərinə Rusiya tərəfindən müdaxilə edilməməsi və sərhəd məsələlərində passiv mövqe İrəvanda Moskvanın müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi qənaətini möhkəmləndirib. Halbuki bu, həm hüquqi, həm də praktik olaraq mümkün deyildi. Çünki Azərbaycan bütün hərbi ritorikasını BMT-nin bu tip situasiyalarda tərtib etdiyi davranış modeli əsasında həyata keçirmişdi. Lakin ermənilərin Rusiyadan təcavüzkar xarakterli addımlar tələb etməsi tarixi proseslərdən qaynaqlanan gözləntilər idi. Rusiya üçün bu səfərlər eyni zamanda geosiyasi balansı saxlamaq və Cənubi Qafqazda yaranan yeni güc nisbətlərinə uyğun mövqe tutmaq cəhdidir. Lakin Kreml əvvəlki təsir gücünü bərpa etmək istəyirsə, təkcə siyasi bəyanatlarla kifayətlənməməli, etimadı bərpa edəcək konkret addımlar atmalıdır. Əks halda, Ermənistanla Rusiya arasında münasibətlər müttəfiqlik deyil, zərurətdən doğan məcburi dialoq çərçivəsində davam edəcək. Nəticə etibarilə, Moskvanın Cənubi Qafqaza təsirini tam bərpa etməsi real deyil, çünki regionda artıq təkqütblü nüfuz modeli zəifləyib. Regional və qlobal güclərin maraqlarının toqquşduğu bu məkanda, çoxqütblü və dəyişkən diplomatik oyun davam edir".
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, bütün bu proseslər 9 may paradından sonra başlayıb: “Son vaxtlar Rusiya rəsmilərinin Ermənistana səfərlərinin intensiv hal alması təsadüfi deyil. Yaranan situasiyadan istifadə etməklə rəsmi Kreml Ermənistanda özünə qarşı olan mənfi münasibətlərdə müsbət istiqamətdə dəyişikliklər etməyə cəhd edir. Söhbət Paşinyan və komandasından getmir. Əsas hədəf son illər ərzində Ermənistan əhalisi arasında Rusiyaya qarşı formalaşmış neqativ fikirləri aradan qaldırmaqdır. Bu fikirlər aradan qalxmayana qədər Paşinyana hər hansı ciddi təsirlər etmək mümkün olmayacaq. Eyni zamanda özünə uyğun, müxalifətin xalq tərəfindən qəbul olunması imkansız olacaq. Hazırkı proses Paşinyanın 9 may tədbirləri üçün Moskvaya səfərindən sonra başladı. Hamıya məlum idi ki, Paşinyan bu səfərə məcburiyyət qarşısında gedib. Çünki ABŞ və Avropa İttifaqından əvvəllər olduğu münasibəti görmədiyindən və bu münasibətlərin ən azı əvvəlki səviyyəyə nə zaman qayıdacağını hələ bilmədiyindən Rusiya ilə əvvəlki ritorikada danışmamağa hələlik üstünlük verib. Bunu yaxşı anlayan Rusiya yaranmış vəziyyətdən istifadə etməklə Ermənistana yüksək ranqlı məmurlarını göndərməyə başlayıb. Səfərlərin bu cür intensiv hal alması əslində Paşinyana sərf etmir. Amma dediyim səbəblərdən buna razılıq verir. Düşünürəm ki, Rusiya üçün Matviyenkonun səfərinin nəticələri Lavrovun səfərinin nəticələrindən fərqli olmayacaq. Yəni son səfər Rusiya-Ermənistan münasibətlərinin müsbət istiqamətə dəyişə biləcəyi perspektivlərini göstərmədi. Paralel olaraq səfər gedişatında Ağ Ev rəsmilərinin təcili olaraq açıqlama verməsi Rusiyanın regionda fəallaşmasından narahatlığının nəticəsi idi. Yəni ABŞ Rusiyanın regiondakı bu aktivliyini bloklamağa çalışacaq. Eyni zamanda özünün və komandasının Rusiya ilə hər hansı bir siyasi gələcəyinin olmamasını yaxşı bilən Paşinyan da hazırkı münasibətlərdə dərinə getməyəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ