Onlayn ictimai-siyasi qəzet
Aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub. Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.
Bundan bir neçə gün qabaq isə Qarabağda (Ağdam) iki nəfər (biri ANAMA əməkdaşı) müxtəlif yerlərdə mina partlaması nəticəsində ağır xəsarət almışdı. Beləcə, bir həftə ərzində 3 partlayış qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.
Bəs mina faciələri niyə artıb? Səbəb insanların səhlənkarlığıdır, yoxsa? Nədən ANAMA əməkdaşı da partlayışa tuş gəlir?
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə mina məsələsini olduqca həssas sayır: “Qarabağ bölgəsi ilə yanaşı Naxçıvanda və Qazaxda da mina partlaması son dövrlərdə Ermənistanla sərhəd xəttimizin bu istiqamətlərində hərbi təxribatların artması ilə əlaqələndirilə bilər. Aprelin 5-də bölgəmiz və bölgə dövlətləri üçün mühüm nəticələri özündə ehtiva edən Brüssel görüşü ərəfəsində Naxçıvan istiqamətdə silah səsləri yüksəldi, hərbi təxribat və toqquşma ssenariləri gündəmə gəldi. Hətta bundan bir neçə gün əvvəl erməni mediasında informasiya yayıldı ki, Naxçıvan istiqamətində Ermənistan öz qoşunlarını cəmləyir. 31 martda Müdafiə Nazirliyimiz bununla bağlı məlumat da yaydı. Aprelin 7-də Naxçıvanın Şahbuz rayonunda hərbi təxribat baş tutdu. Görünən o ki, cəbhənin müxtəlif istiqamətlərindəki mövcud gərginlik Naxçıvan istiqamətinə doğru keçməkdədir və bu, hələ ki, genişmiqyaslı əməliyyata keçməyərək, lokal mina partlayışları ilə müşayiət olunur.
İstənilən halda mina məsələsi olduqca həssasdır. Mina partlayışları həm daha böyük prosesin göstəricisi, həm də gələcək proseslər üçün müəyyən başlanğıc nöqtəsidir. Bu proseslərin gedişində Rusiya sülhməramlılarının Qarabağda minatəmizləmə işinə cəlb olunacağı və bu adla fəaliyyət müddətini uzadacağına dair xəbərlər gündəmə gəldi və buna ictimai münasibət heç də birmənalı olmadı. Daha sonra, xüsusilə vurğulayım ki, Brüssel görüşündən sonra Rusiya öz sülhməramlılarının Qarabağı tərk etməsi barədə qərar aldı.
Odur ki, mina məsələsindən istifadə etməyə çalışan beynəlxalq güclər mütləq ki, vardır. Bütün bunlardan ölkəmiz lehinə faydalanmaq lazımdır. Minatəmizləmə işi olduqca çətin vaxt və resurs aparan proses olduğu üçün bu işdə Azərbaycana nə qədər çox xarici yardım olarsa (sülhməramlı qrup şəklində deyil), o qədər yaxşıdır. Qeyd edim ki, bu yaxınlarda Ermənistanın Tavuş ərazisində (Tovuzla sərhəddə) də mina partlayışı baş vermiş, erməni hərbçisi yaralanmışdı. Ümumiyyətlə, Ermənistan-Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi prosesi, təəssüf ki, bu cür partlayışlarsız keçməyəcək, çünki, Ermənistan öz sərhəddini tamamilə minalayıb. Lakin bu minaların yerləşmə nöqtəsini bizə bildirmədiyi üçün, bizim tərəfimizdə baş verən faciəvi hallar daha çoxdur. Ermənistan-Azərbaycan normallaşması baş tutarsa, gələcəkdə Zəngəzur dəhlizi boyunca mina təmizləmə işinə birgə komanda da cəlb oluna bilər. Qoy keçmişdə torpaqlarımıza minaları basdıranlar gəlib indi o minaları özləri təmizləsinlər”.
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd minatəmizləmə prosesinin səbr tələb etdiyini söylədi: “Mina Azərbaycan üçün baş ağrısına çevrilib. Açığı müharibədən sonra bunun olacağı gözlənilən idi. Məsələ ondadır ki, təkcə işğaldan azad edilmiş yerlərdə yox, 90-cı illərdən qalan minalara düşərək xəsarət alanlar, həyatını itirənlər də var. Müharibədən sonra ordunun mühəndis istehkamçılarının da minaya düşməsi qeydə alınmışdı. Müharibə zamanı çoxlu sayda keçid açan mühəndis istehkamçının minaya düşərək ayağını itirməsinin şahidi olmuşam.
Mina təmizləmə işi son dərəcə ağır və səbr tələb edən prosesdir. Bəzən peşəkarlar belə səhlənkarlıq edir. Standartlardan kənara çıxılma ağır nəticələr verir. ANAMA əməkdaşlarının minaya düşməsi də səhlənkarlıqla bağlı olub. Bu məsələnin hansı şəraitdə baş verməsini bir qədər araşdırdım, aldığım informasiyalar məhz səhlənkarlıq yönündə olub. Dəqiq bilirəm ki, ANAMA-nın əməkdaşları ciddi kurslara cəlb olunur və onlar ixtisaslaşıb. Yəni, onların peşəkarlığı ilə bağlı problemin olacağını düşünmürəm. Ehtiyatsızlıq, özgüvən, qaydalara əməl etməmə və səhlənkarlıq mühəndis istehkamçıların həyatları bahasına başa gəlir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ