İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir dəfə Kiyevdə... – Puşkinin zəngin, Cavidin şirin dili

Arada “rusdilli məktəblər bağlanmalıdır” kimi söhbətlərin şiddətləndiyinə baxmayın, o başqa söhbətdir, çox dil bilmək yaxşı şeydir.

Məndən olsa, azı 5 dildə sərbəst danışaram. Hətta hesab edirəm ki, danışmaq azdır, əsas məsələ xarici dildə sərbəst yazmaq olmalıdır. Danışmağa qalsa, Rusiyada yaşayan yüz minlərlə həmvətənimiz rusca danışa bilir, amma yazı (heç olmasa səhvsiz ərizə) yaza bilənlər çox azdır.

SSRİ vaxtı başqa xalqların rusca yaza bilən ədibləri Moskvada çox hörmətli idilər – İbrahimbəyov qardaşları, Çingiz Aytmatov, Çingiz Hüseynov, Fazil İsgəndər, gürcü yazıçıları və başqaları. Niyə? Çünki onlar ruscanı ruslardan yaxşı bilirdilər, incəliyinə qədər öyrənmişdilər.

Əslində müasir yazıçılarımız 20 il öncədən ingilis, ispan, alman dilini mükəmməl öyrənsəydilər və əsərlərini bu dillərdə yazardılar, indi dünyaya da çıxmış olardılar.

Bir sözlə, hansısa dili öyrənirsənsə, gərək yaxşı öyrənəsən. Təbii ki, bir dili ticarət etmək, yola vermək, çulu sudan çıxarmaq üçün də öyrənmək olar, amma ən yaxşısı mükəmməl öyrənməkdir.

O vaxt, 7-8 il qabaq “Dnepr”lə “Qarabağ”ın oyununa baxmaq üçün Kiyevdə olanda dili yaxşı bilməklə bağlı bir hadisə oldu. Oyundan bir gün qabaq baş məşqçilər - Miron Markeviçlə Qurban Qurbanov brifinq keçiridilər. Biz də zaldaydıq. Kiyevdə təhsil alan tələbələrdən biri prinsipial olaraq həmişə ana dilində danışan Qurban Qurbanova tərcüməçilik edirdi. Elə ilk sualda məlum oldu ki, gəncin rus dili bilgisi yalnız Kreşşatikdəki barda yerli qızları bişirməyə yaraya bilər. Pərtlik yaranmaqda ikən yanımda oturmuş gənc yazıçı-jurnalist, radio aparıcısı Cavid Osmanova dedim, qaqa, dur çıx rəyasətə, yoxsa biabır olacağıq. Onun rusdilli olduğunu və ana dilimizi səlis bildiyini bilirdim. Cavid bir anlıq tərəddüd etdi, sonra başa düşdü ki, burada millət, vətən söhbəti var, cəld durub brifinq keçirənlərə yaxınlaşdı, lazım olan sözü dedi, tərcüməçi oğlan durub yerini ona verdi. Ukraynalı jurnalistlər sualları yağış kimi yağıdırırdılar, Cavid onların sualını Puşkinin zəngin dilindən Qurban Qurbanov üçün Hüseyn Cavidin şirin türkcəsinə tərcümə edirdi, sonra “Qarabağ”ın baş məşqçisinin cavablarını ruscaya çevirib jurnalistlərə çatdırırdı. Amma necə? Məlum olduğu kimi, Qurban bəy suallara lakonik cavab verir, artıq söz demir. Cavid isə onun cavablarını təhrif etmədən, amma daha ifadəli və koloritli şəkildə tərcümə edir, sözə öz yanından bir-iki kəlmə yumor da qatırdı. Jurnalistlər cavabları alqışlayırdılar.

Bəli, xarici dili biləndə də gərək elə biləsən. Yoxsa 11 il rus sektorunda oxu, axırda da gəl universitetə imtahan verəndə zorla 3-4 yüz bal topla. Yəqin ki, oxucuların xəbəri var. 3-4 il öncə Azərbaycan bölməsində oxuyan və test imtahanı verən gənclər 650 balla BDU-nun hüquq, ATU-nun müalicə-protilikatika (el dilində desək, can həkimliyi) fakültəsinə girməkdə çətinlik çəkdikləri vaxt, rusdilli gənclər bu fakültələrə 450 balla daxil olurdular. Çünki maksimum bilikləri bu qədər idi. Onlar orta məktəbdə rus dilində təhsil almağın çətinliyi ilə üzləşmişdilər. Əvəzində universitetə daha rahat, az balla qəbul olurdular. Sovet vaxtının rusdilliləri isə çox fərqliydi, gerçəkdən də çox savadlıydılar. Bircə minusları vardı ki, bir xeylisi ana dilimizi bilmirdi. Bu da bir şey deyildi, ana dili onlara lazım olmurdu.

Amma get-gedə vəziyyət dəyişir, ana dili lazımlı olmağa başlayır. Bu proses bir elə sürətlə getməyəcək, hıqqana-hıqqana, gücənə-gücənə gedəcək, amma gün gələcək ki, Nigerdə, Seneqalda, Əlcəzairdə fransız dili çox adama lazım olmadığı kimi, Bakıda da rus dili çox adama lazım olmayacaq.

İngilis dili isə başqadır. İngilislər bütün dünyanın boynuna qoyublar ki, bu, əsas beynəlxalq dildir. Doğrudan da ingilis dilini bilirsənsə, dünyanın 200 ölkəsində başını dolandırıb öz evinə qayıda bilərsən. Rus dilini bu gün Polşada belə yalnız yaşlı adamlar bilir, gənclərin çoxu ingiliscə danışır. Halbuki bir zamanlar bütün Polşa rusca Feliks Dzerjinski və marşal Rokossovski kimi təmiz danışırdı. Daşkənddə gənc özbəklərdən rusca söz soruşursan, ya Anadolu türkcəsində cavab verirlər, ya da Yorkşir ingiliscəsində.

Dilimizi əcnəbilər sevdirməyi də unutmamalıyıq. Bir dəfə Astanada yaşayan eloğlumuz zəng edib otelə taksi çağırdı, mindik, başladıq yol getməyə. Bir də gördüm, qazax taksist böyründən keçənlərə, önündə gedənlərə bizim dildə “ala, gicqulu, bu necə maşın sürməkdir” deyir. Həmvətəndən soruşdum ki, bu dilimizi hardan bilir, eloğlu qürur duya-duya dedi ki, mən öyrətmişəm.

P.S. Ana şəkil Kiyevdə, mətndə sözü gedən oyun zamanı çəkilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR