İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir başqa AZƏRBAYCAN

Bu gün Qubadlının işğaldan qurtuluş günüdür, Qubadlı Şəhəri Günüdür, bayram günüdür. Qutlu olsun! Vaxt vardı telejurnalistlərimiz küçə-meydanlarda sorğu keçirər, hansı rayonlarımızın, şəhərlərimizin işğal olunduğunu və bu işğalın nə vaxt baş verdiyini soruşar, doğru cavab almayınca da haqlı şəkildə üzüntülərini paylaşardılar. İndi hər kəndimizin, şəhərimizin qurtuluş günü var. Qoy, küçədə-meydanda kimdənsə hansı rayonumuzun, şəhərimizin hansı tarixdə azad olunduğunu soruşsunlar, doğru cavab almasınlar – zərər yoxdur...

Qələbə zərərləri örtən, yaraları sarıyan nemətdir. Biz qalib dövlətik. Və bizim qalibiyyətimiz qurama dövlətin, qondarma rejimin “qalibiyyət”inə tay deyil, əlbəttə! Birincisi, biz öz gücümüz hesabına qələbə çalmışıq; ikincisi, biz ədaləti bərpa etmiş, bizim olanı özümüzə qaytarmışıq. Amma bunlardan daha üstün olanı bizim məhz ləyaqətli müharibə aparmağımızdır! – Azərbaycan əsgəri mülki infrastruktura zərbələr endirməyib, yalnız legitim hərbi strukturlara zərbə endirib – düz edib. Bizim mülki insanlarla, hələ-hələ uşaqlarla, qadın və qocalarla işimiz olmayıb. Bir sözlə, Azərbaycan Silahlı Qüvvələri müharibədə qızıl ləyaqət göstərib. Müharibədən sonra da keçmiş işğalçı, keçmiş “qalib” Ermənistan kimi davranmamışıq: Azərbaycan dövləti qalib ədası ilə deyil, qalib əxlaqı ilə hərəkət edib, bütün olmuşlara baxmayaraq, qarşı tərəfi gələcək quruculuğuna səsləyib. Yadımıza salaq: məlum 10 noyabr Üçtərəfli Bəyanatından az sonra, qalıcı barış üçün Ermənistana 5 təməl prinsip təqdim olunmuşdu. O, 5 təməl prinsip beynəlxalq hüquq normalarına tam uyğun gəlir və qəbul etməmək, özünü beynəlxalq hüquq dışına atmaq yaxud üstün tutmaq anlamına gələrdi. Rəsmi İrəvansa nə elə nə belə, laübalı bir xətt tutmaq istədi, necə deyərlər, “həm qəbul edirəm, həm də qəbul etmirəm” kimi bir “sərzəniş”... Vaxtı ilə “Nə savaş, nə barış” durumunu, “danışıq xatirinə danışığ”ı, “status-kvo”nu, keçici gerçəklikləri qəbul etməyən Azərbaycana, ilin-günün bu vaxt, bu vədəsində hansısa şərt qəbul etdirmək mümkünmü? Əlbəttə, yox! Gerçəklik qəbul etmək yaxşıdırsa, buyursun, Ermənistan və havadarları son üç il içində yaranmış yeni gerçəklikləri qəbul etsin. Ermənistan və havadarları qəbul etsin ki, BMT-nin onilliklər boyu havadan asılı qalan 4 Qətnaməsini Azərbaycan Dəmir Yumruqla yerinə yetirib. Dəmir Yumruqsa zarafat etmir, xəbərdarlıq edir. Çox uzağa getməyək, nəinki 2020-ci ilin 27 sentyabrında, bu ilin 20 sentyabrında baş verən hadisələri yada salmaq yetərlidir. Bir sutkadan da qısa müddət içində işğalçı tör-töküntüləri ağ bayraq qaldırdı, təslim oldu. Ardınca əli qana batmışlar, cinayətlərə şahid olanlar, müharibə cinayətlərini “yenilməz Ermənistan ordusu”nun, hətta “qəhrəman Artsax ordusu”nun tarixi uğuru sananlar şərti dövlət sərhəddinin o üzünə getdi. (Paşinyanın dediyinə görə, heç oralarda da bənd ala bilməyiblər və daha uzaqlara – başqa ölkələrə getmək­dədirlər). Öz işləridir, biz Qarabağın erməni sakinləri ilə insanca davrandıq – un göndərdik, yanacaq göndərdik, təhlükəsizlik­lərinə zəmanət verdik, ölkədən çıxanların da qabağını kəsib, qurşuna düzmədik; onları ayağı yalın, başı açıq qovalamadıq. “Qurdlar vadisi”nin üslubu olmasın, “lənət gəlməsin içimizdəki insan sevgisinə”... Hətta, bizim telejurnalistlərimiz “Niyə gedirsiz”, “Sizə kim dedi ki çıxmalısız”, “Sizi incidən oldumu?” suallarını az qala hər köç iştirakçısına sordu. Bu boyda iltifatdan sonra gedən cəhənnəmə getsin... Geri dönənlərsə... – bax, burda bir balaca durmalıyıq: axı bizim də geri dönmək istəyənlərimiz var. Qayıtmaq yaxşı işdirsə, yaxşı olsun, gəlin ardıcıllıqla hərəkət edək – öncə, respublikamızdakı Qərbi Azərbaycan İcması mənsublarının öz dədə-baba yurdlarına ləyaqətli dönüşünə, təhlükəsiz yaşayışına münbit ortam yaradılsın. Sonra, Xankəndi və çevrəsinə qayıtmaq istəyən erməni sakinlər varsa, onlarçün müvafiq portal yaradılıb, buyursunlar, müraciət etsinlər. Onların içində Azərbaycan Konstitusiyası, qanunları əsasında yaşamaq istəyənlərin nə dərdi var? Kimin müharibə cinayətlərində iştirakı varsa, qanunauyğun cəzaya, kimin suçu yoxdursa, normal vətəndaş hüquqlarından yararlanmağa hazır olsun. Öncəki dəftərlər qapanıb, indi Xankəndidə, Xocavənddə, Xocalıda, Əsgəranda, Ağdərədə vandallıq quruculuqla, saxta bez parçası müqəddəs bayraqla, qondarma rejim xarakterli dövlətin müvafiq orqanları ilə əvəzlənib. Haqq incəlmişdi amma yenə də üzülmədi!

Xankəndi, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və digər yaşayış məntəqələrində bayraq ucaldan Prezidentin sözünün imzası qədər keçərli olduğunu dost da, düşmən də yaxşı bilir. Hər kəs yaxşı bildiyinə güvənsin. Müzəffər Ali Baş Komandan İlham Əliyev adıkeçən şəhərlərimizə yeni nəfəs, yeni mədəniyyət iqlimi bəxş etməkdədir. Artıq quruculuq var, pozuculuq yox; artıq qoruyuculuq var, dağıdıcılıq yox; artıq barış var, insanlıq var, vandallıq yox! Özü də, bu parlaq səhifələr birdən-birə peyda olmayıb, İlham Əliyevin 20 illik prezidentliyinin kamil sonuclarıdır. Bir daha sübut olundu ki, dövlət başçısı doğrudan da, nəyi, nə vaxt və necə etmək lazım olduğunu çox yaxşı bilir. Qalibiyyət dövlət başçımızın alın yazısı, necə deyərlər, mandat-missiyasıdır. Hər şey saat mexanizmi kimi, uhulət-suhulətlə görüldü, addım-addım, toxtaqlıqla məntiqi sonuca varıldı.

İlham Əliyev özünün Prezident andına sadiq qaldı, şərəflə yerinə yetirdi. Bu şərəfli anda sadiqlik və qalibiyyət əcdadımızın ruhunu şad edir, gələcək nəsillərə yol göstərir. Bu günümüz dünənimizdən üstün olduğu kimi, sabahımız da bu günümüzdən daha üstün, daha gözəl olacaq!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR