İnsanlara hürriyət, millətlərə istiqlal!

Binalarda qaz təhlükəsizliyi - kim cavabdehdir...

Həm dəm qazına, həm də qaz sızmasına qarşı detektorlar quraşdırılmalıdır; həyət evində yaşayanlar evlərini qazlaşdırmaq üçün qeyri-peşəkar şəxslərə müraciət edirlər

Hər il havalar soyuyanda dəm qazından boğulmalar, mənzillərdə partlayışlar baş verir. Dekabrın 3-də Sumqayıtda çoxmənzilli binada, Novxanıda isə fərdi evdə partlayış baş verdi. Hər iki hadisənin qaz sızmasından olduğu bildirilir.

Bu cür faciələr mütəmadi baş verir. Bəs qarşısını necə almaq olar? 

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” -  MÜSAHİBƏ | 1news.az | Xəbərlər

 Elmar Nurəliyev

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat”a bildirdi ki, evlərdə qaz və elektrik sahələrinin düzgün quraşdırılması mütləqdir:

“Ümumiyyətlə, çoxmənzilli yaşayış binalarında, fərdi yaşayış evlərində texniki təhlükəsizlik məsələsi ön planda olmalıdır. Əgər evdə elektrik və qaz cihazları varsa, onların istismarı mütləq müəyyən qaydalar əsasında həyata keçirilməlidir. İlk növbədə bu cür xətlərin layihələndirilməsi, quraşdırılması və təmir işlərinin aparılmasını ixtisaslaşmış müəssisələr həyata keçirməlidir. Avadanlıqların, cihazların hər biri normativ standartlara uyğun olmalıdır. Hər hansı bir kənar müdaxilə yolverilməzdir. Çox vaxt qaz cihazından düzgün istifadə olunmadıqda dəm qazının yaranmasına səbəb olur. Qanunvericiliyə əsasən, həm dəm qazına, həm də qaz sızıntısına qarşı detektorlar quraşdırılmalıdır. Əlbəttə, bu detektorların işi olduqca funksionaldır. Yəni dəm qazı əleyhinə olanlar lazımi məqamda xüsusi səs siqnalı vasitəsilə xəbərdarlıq edir. Qaz sızması əleyhinə olan detektor da eyni qaydada hərəkət edərək klapanı bağlayır və təchizat dayanır. Beləliklə, hansısa bədbəxt hadisənin, faciənin qarşısı alınmış olur. Ona görə də mütləq bu kimi təhlükəsizlik məsələləri hər zaman ciddi yanaşılmalı, diqqətdə saxlanmalı olan məsələlərdir”.

Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

 Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə açıqlamasında qazdan düzgün istifadənin və təhlükəsizlik qaydalarını bilməyin vacibliyini qeyd etdi: “Qaz təchizatına istehlakçılar cavabdehdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qaz təchizatçısı yalnız sayğaca qədər məsuliyyət daşıyır. Qaz, istilik həyat üçün vacibdir, lakin unutmaq olmaz ki, bu, evlərimizə girmiş əcəldir. Qazdan düzgün istifadə etmədikdə sızma baş verə və ölümlə nəticələnə bilər. Dəm qazından boğulma halları, adətən qazla təchiz edilməyən rayonlarda yaşayan, evində qaz istifadə etməyən insanların başına gəlir. Xüsusilə  rayonlardan gəlib şəhərdə kirayə yaşayan insanların yaşadığı evdə, mənzildə qaz sızması halları baş verir. Təəssüf ki, ən çox da qış fəslində, soyuq havalarda dəm qazından ölüm halları baş verir. Müşahidələrə əsasən, daha çox həyət evində yaşayanlar evlərini qazlaşdırmaq üçün qeyri-peşəkar şəxslərə müraciət edirlər. Mütəxəssis olmayan insanların qaz təchizatı ilə məşğul olması qaz sızmalarına zəmin yaradır. Çünki bu zaman standartlar gözlənilmir. Müəyyən peşəkar briqadalar olmalıdır ki, əhali qaz təchizatı ilə bağlı onların xidmətindən istifadə etsin”.

Ekspert vurğuladı ki, qaz sızması və dəm qazından boğulma halları daha çox hamam otaqlarında baş verir: “Bəzi insanlar evi qızdırmaq üçün qazı açıq qoyurlar, saatlarla yanan qaz nəticədə boğulmaya səbəb olur. Küləkli havada daha diqqətli olmaq lazımdır. Əhali bilməlidir ki, kənara çıxan qaz və kombi boruları küləyə qarşı olarsa, hər an boğulma baş verə bilər. Bəzən qaz sobalarının yararsız olduğunu deyir, səbəbi qaz avadanlığında görürlər. Lakin bilinənin əksinə olaraq, İrandan gələn qaz sobaları istehsal olunduğu ölkədə standartlara uyğundur. Səbəb Azərbaycan qazının təzyiqi ilə düzgün gəlməməsidir. Qaz sobasının dəliyini genişləndirirlər, bu zaman da standart pozulur və bədbəxt hadisələr baş verir. Qazı heç vaxt açıq qoyub yatmaq, evi tərk etmək olmaz. Bunlar bəsit təhlükəsizlik qaydalarıdır, lakin çox vaxt insanlar laqeyd yanaşırlar. Yanan qazdan, plitələrdən evi isitmək üçün istifadə etmək də düzgün deyil. Havanın dövr etməsi üçün hamam otağının qapısında mütləq dəliklər olmalıdır. Bacası, havalandırması olmayan yerdə qazdan istifadə etmək düzgün deyil. Qaz işçiləri bu ildən evlərdə monitorinq aparırlar. Bu, müsbət haldır, düşünürəm ki, faydalı olacaq və əhali qazdan istifadə ilə bağlı daha çox maariflənəcək”.

Fövqəladə Hallar Nazirliyi isə bir neçə gün öncə dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən bildirilib ki, havaların soyuması məişətdə dəm qazı təhlükəsini daha da artırır: “İstiliyə tələbatın artdığı bu mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir.

Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

- istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!"

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR