İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi dövlətlər Minsk Qrupundan çıxa bilər

Aydın Quliyev: “Gözləyirəm ki, Belarus Minsk Qrupu konfransına ev sahibliyi eləyən ölkə statusundan imtina edəcək”

Azərbaycan ATƏT-in Minsk Qrupunun rəsmi buraxılması tələbini son bir ayda daha ardıcıl şəkildə qoyub. Lakin hələ ki, ATƏT rəhbərliyindən gərəkən addım atılmır. 

Xatırladaq ki, 1992-ci ildə Azərbaycanla Ermənistan, o zaman ATƏM adlandırılan ATƏT-ə üzv qəbul edilərkən iki ölkə arasında konfliktin aradan qaldırılması üçün Minskdə konfrans keçirmək qərara alındı. Lakin həmin qərarın ardınca Ermənistan Azərbaycanın digər ərazilərini də işğal etməyə başladığına görə konfrans baş tutmadı. O zamandan bəri də həmin qrupa üzv olan dövlətlər heç zaman bir yerə yığışmayıblar. Sadəcə olaraq, Minsk Qrupuna həmsədrlik edənlərin mandatı təsdiqlənib. Azərbaycan öz gücünə münaqişəni həll etdiyi üçün ATƏT təsisatlarının uzun illər heç bir nəticə verməyən fəaliyyətinə də ehtiyac yoxdur. Ermənistanın sülh danışıqlarına həmsədrləri cəlb etmək cəhdləri alınmadı. 

O səbəbdən ATƏT Minsk Qrupunu və ona bağlı qurumların ləğvi haqda mümkün qədər tez qərar verməlidir. Çünki nə problem var, nə də onunla məşğul olmağa ehtiyac.

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirib ki, əslində ATƏT rəhbərliyi Minsk Qrupunu 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatan kimi dərhal  buraxmalı idi. Çünki BMT-nin mandatı altında o zamankı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün təsis edilmiş və missiyasını yerinə yetirməmiş bir təsisatı saxlamağın mənası yox idi: “Müharibə bitəndən sonra 2021-ci ilin yanvarında da Azərbaycan Prezidenti ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsinin nümayəndəsini qəbul edərkən çox açıq mövqeyini ortaya qoydu, Qarabağ məsələsinin artıq Azərbaycanın öz gücü ilə həll edildiyini və bundan sonra onlara ehtiyac qalmadığını bildirmişdi. Bu sözlərdən sonra ATƏT-in rəhbərliyi təəssüf ki, Minsk Qrupunu indiyə qədər buraxmayıb. Ona görə də Bakı məsələni son zamanlar daha tələbkar formada qaldırmaqda haqlıdır. Əslində heç bir hüquqi, siyasi əsası olmayan Minsk Qrupunun rəsmi qaydada buraxılmaması ATƏT-in özünə hörmət gətirmir. Çünki dünyada ATƏT-ə qarşı hətta bəzən ittihamçı tonda suallar yaranmağına səbəb olur. Sual verilir ki, əgər münaqişənin həll olunmasında heç bir rolun olmadısa, münaqişəni Azərbaycan özü gücü ilə həll etdisə, artıq ölü bir qurumu formal olaraq saxlamaqda məqsədiniz nədir? ATƏT Minsk Qrupunu bu günə qədər ləğv etməyibsə bu, onun bölgədə gedən proseslərlə bağlı arxa və gizli niyyətlərinin olduğu barədə nəticəyə gəlməyə əsas vermirmi? Bütün bunlardan ATƏT rəhbərliyi nəticə çıxarmalıdır. Nəzərə almalıdırlar ki, Minsk Qrupunun hələ də saxlanması bölgədə gedən proseslərə qarşı təxribatdır. O mənada təxribatdır ki, xüsusilə Minsk Qrupunun hüquqi qaydada ləğv olunmaması Ermənistanda bütün revanşist dairələrə ilham verir. Onlar düşünürlər ki, Minsk Qrupu indiyə qədər rəsmi buraxılmayıbsa, deməli, Azərbaycanla Ermənistan arasında ”Dağlıq Qarabağ münaqişəsi" guya həll olunmayıb, guya Azərbaycan-Ermənistan sülh prosesi lazımi nəticəni verməyəcək və guya Azərbaycanla Ermənistan arasında yenidən müharibə vəziyyəti yaranacaq və bu zaman Minsk Qrupu kimi bir vasitəçiyə yenidən ehtiyac əmələ gələcək. Minsk Qrupunun saxlanması bölgədə təxribatlar üçün ideya mənbəyi rolunu oynayır. Eyni zamanda Minsk Qrupunun rəsmən buraxılmaması bəzi dövlətlərə hələ də onun adından sui-istifadə eləmək, manipulyasiya imkanı verir. Ermənistanın özündə, media orqanlarında “ATƏT-in Minsk Qrupunun həmsədrləri, Fransadan olan həmsədri” kimi ifadələrə rast gəlirik. Hansı ki, münaqişə yoxdursa ATƏT-in Minsk Qrupunda hansı həmsədrdən söhbət gedə bilər?! Əlbəttə, bütün bunlar Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə izafi və ziyanlı müdaxilədən başqa bir şey deyil".

A.Quliyevin sözlərinə görə, ATƏT rəhbərliyi Minsk Qrupunu rəsmi olaraq buraxmaq barədə ciddi şəkildə düşünməli və gərəkən qərarı qəbul etməlidir. Oturub gözləməli deyillər ki, Azərbaycanın ardınca digər ölkələr də ard-arda bəyanat verib Minsk Qrupundan çıxsınlar: “Mən gözləyirəm ki, ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko  Minsk Qrupu konfransına ev sahibliyi eləyən ölkə statusundan yaxın zamanlarda imtina edəcək. Eləcə də Türkiyə, Çexiya, Slovakiya və digər ölkələr  bəyanatlar səsləndirəcək. Nə qədər ki, ATƏT-in nüfuzuna böyük zərbə olacaq bu addımlar atılmayıb ATƏT rəhbərliyi Azərbaycanın çağırışına məsuliyyətli yanaşmalı, qərar verməlidir”.     

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR