İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq təşkilatdan Azərbaycan iqtisadiyyatına dair hesabat

“Fitch Solutions”: “2025 və 2026-cı illərdə Azərbaycan iqtisadiyyatı üçün artım riskləri var”

“Fitch Solutions” Azərbaycan üzrə iqtisadi artım proqnozunu dəyişməyərək 2025-ci il üçün 2,6 faiz, 2026-cı il üçün isə 3,2 faiz səviyyəsində müəyyən edib. APA-nın xəbərinə görə, bu barədə “Fitch Solutions” (FS) şirkətinin ölkə hesabatında deyilir.

FS 2027-ci il üçün Azərbaycanın real ÜDM üzrə proqnozunu 3,1 faizdən 3,2 faizə qaldırıb. Bildirilib ki, Azərbaycanda ÜDM-in təxminən 50 faizini neft sektoru təşkil etsə də, son aylar qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bununla belə, 2025 və 2026-cı illərdə Azərbaycan iqtisadiyyatı üçün artım riskləri var: “Bazar enerji ixracı gəlirlərindən asılı olaraq qalır ki, bu da onu qlobal neft qiymətlərindəki dalğalanmalara və potensial hasilatın pozulmasına qarşı həssas edir. Şaxələndirmə səylərinə baxmayaraq, neft-qaz sektoru hələ də Azərbaycanın xarici ticarət profisitinin əsas hissəsini və ixracın əhəmiyyətli hissəsini təşkil edir. Azərbaycanın iqtisadi sabitliyi üçün əsas risklər qlobal neft bazarlarında baş verən dalğalanmalar, regional münaqişələr və iqlim dəyişikliyinin təsiri ilə bağlı tədarükün pozulması kimi geosiyasi gərginliklər ola bilər”.

“Fitch Ratings”in baş direktoru və suveren reytinqlər qrupunun inkişaf etməkdə olan Avropa ölkələri üzrə rəhbəri Erik Arispe (Erich Arispe) bildirib ki, Azərbaycanın qaz hasilatında son illərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunub: “Bu il və ya gələn il bu hasilatın zirvəyə çatacağını proqnozlaşdırırıq”. O bildirib ki, son illərdə neft hasilatında davamlı azalma müşahidə edilib və bu tendensiya 2022-2023-cü illərdə sürətlənib.

“Fitch” 2024-cü ildə yeni hasilatın, xüsusilə də “Azəri Şərqi Mərkəzi” layihəsinin işə düşməsi ilə bu azalma tempinin 2025-2028-ci illərdə illik 2-3 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.

O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi yalnız dövlət maliyyəsi və ixrac məsələləri ilə məhdudlaşmır, eyni zamanda ümumi iqtisadi artımı da əhatə edir. Bir neçə ildir ki, enerji sektorunda azalma ümumi iqtisadi artıma mane olan faktor olub. Lakin 2024-cü ildə müşahidə olunan sabitləşmə və ya neft hasilatındakı azalmanın yavaşlaması ümumi iqtisadi perspektivlərə müsbət təsir göstərə bilər: “Əsas çağırış isə orta müddətli dövrdə hansı yeni inkişafların həyata keçirilə biləcəyi ilə bağlıdır. Qaz sektorunda isə gələcək artım əsasən Avropa İttifaqına ixrac imkanlarının genişləndirilməsindən asılıdır. Bunun üçün isə uzunmüddətli müqavilələrin bağlanması vacibdir. Həmin müqavilələr yeni qaz yataqlarının işlənməsi, hasilat gücünün artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün əsas şərtlərdən biridir”.

“Moody’s Ratings” beynəlxalq reytinq agentliyində isə hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür. Agentliyin müvafiq hesabatında qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 4,1 faiz artıb və 2025-ci ilin sonuna qədər təxminən 4 faiz artım gözlənilir. Bu, 2023-cü ildəki cəmi 1,1 faizlik artımla müqayisədə əhəmiyyətli bir irəliləyişdir. İqtisadi artım əsasən qeyri-neft sektoruna aid sahələr tərəfindən dəstəklənir: “Dövlət borcu ÜDM-in 30 faizindən aşağı qalacaq ki, bu da Azərbaycanın kredit etibarlılığı üçün müsbət amildir və Azərbaycanla eyni reytinqə malik olan ölkələr və digər neft istehsalçıları, məsələn, Qazaxıstan (Baa1 stabil) ilə müqayisədə daha aşağıdır”.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin yanvar ayında Azərbaycanda 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Azərbaycanda 5 faizlik ÜDM artımı qeydə alınmışdı. Qeyd olunan dövrdə neft-qaz sektorunda 2,6 faiz azalmaya qarşı, qeyri-neft-qaz sektorunda 12,3 faiz artım olmuşdu. Bu isə o deməkdir ki, bu ilin yanvarında neft-qaz sektorunda azalma 1,5 dəfəyə yaxın sürətlənib, qeyri-neft-qaz sektorunda artım isə 12 dəfədən çox yavaşıyıb.

ÜDM-in strukturunda ən böyük paya malik olan sənaye sektorunda bu il istehsalın azalması 2,6 faiz təşkil edib. Ötən ilin eyni dövründə göstərici -1,5 faiz idi. Sənayenin strukturunda mədənçıxarma sənayesi ötən il 66,6 faiz, bu il isə 61 faiz təşkil edib. Ötən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,4 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,3 faiz azalmışdı. Bu zaman sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,3 milyard kub metr təşkil etmişdi. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 8,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artmışdı.

2025-ci ilin yanvarında isə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz azalıb. Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.

Beləliklə, aydın olur ki, bu il neftlə yanaşı, qaz hasilatında da azalma qeydə alınıb. Qaz hasilatındakı azalma “Şahdəniz” yatağında hasilatın 10 günə yaxın dayanması ilə bağlıdır. Belə ki, yanvarın 10-da yatağın işlənməsi layihəsinin operatoru BP-Azərbaycan şirkəti “Şahdəniz Alfa” platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra “BP-Azərbaycan” şirkəti “Şahdəniz Alfa” platformasından hasilatı bərpa edib.

Qeyd edək ki, neft-qaz sektorunda hasilatın azalması Azərbaycan hökumətinin proqnozlarında əksini tapıb. “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alan proqnoza əsasən, 2025-ci ildə Azərbaycanda neftin hasilatı 28,7 milyon ton, əmtəəlik qaz hasilatı isə 38,4 milyard kubmetr olacaq, 2028-ci ildə isə qeyd olunan göstəricilər müvafiq olaraq 26,7 milyon tona və 36,6 milyard kubmetrədək azalacaq. Beləliklə də 2026-2028-ci illərdə neft və əmtəəlik qaz hasilatı (2027-ci il istisna olmaqla) üzrə azalmanın davam etməsi neft-qaz sektorunun azalmasına səbəb olacaq: “Ölkə iqtisadiyyatının artım dinamikasına neft-qaz sektorunda hasilatın həcmi əhəmiyyətli dərəcədə təsir edir. Qeyd edək ki, neft-qaz hasilatı proqnozları aidiyyatlı təşkilatların məlumatları əsasında hazırlanıb”.

Göründüyü kimi, Azərbaycan hökuməti ortamüddətli dövrdə neft-qaz sektorunda məhsul istehsalının azalmasının ölkənin ümumi iqtisadi artımına mənfi təsirini nəzərə alır. Mütəxəssislərə görə, bu təsiri minimuma endirmək üçün ölkə iqtisadiyyatında ciddi islahatların aparılmasına ehtiyac var. Bura ilk növbədə investisiya mühitinin, ümumilikdə iqtisadi mühitin liberallaşdırılması aiddir. Bildirilir ki, əks halda iqtisadiyyata investisiya qoyuluşlarında artıma nail olunmayacaq. Belə ki, ötən ilin ikinci yarısından etibarən Azərbaycanda iqtisadiyyata kapital qoyuluşlarında başlayan azalma bu ilin yanvar ayında da davam edib. Rəsmi statistikaya əsasən 2025-ci ilin yanvar ayında Azərbaycana əsas kapitala 787,0 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, yaxud 50,0 faiz azalma deməkdir. Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 faiz azalıb. Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 faizini daxili investisiyalar təşkil edib.

Eldeniz.jpg (385 KB)

İqtisadçı Eldəniz Əmirova görə, ölkədə qeydə alınan iqtisadi azalma tendensiyasının davamlı olacağını söyləmək doğru olmaz: “İlin əvvəlində ÜDM-in azalması bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər. Məsələn, dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması, bizneslərin yeni investisiya qərarlarını ilin ilk rüblərində ehtiyatla verməsi, ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda azalması, tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv olması və digər səbəblərdən qaynaqlana bilər. Odur ki, iqtisadiyyatın əsas sektorlarda canlanma və dövlət investisiyalarının sürətlənməsi ilə ilin sonrakı aylarında artım bərpa olunacağına şübhə etmirəm.

Amma bütün hallarda 0,9 faizlik azalma cidd siqnal olaraq qəbul edilməlidir. Ən azı ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artmışdı".

Dünya SAKİT,

“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR