İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya liderinin ardından bu ölkə lideri barəsində də qərar verdi  

 

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Əfqanıstanda “Taliban” hərəkatının liderləri barəsində həbs qərarı çıxarmaq qərarına gəlib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, BCM baş prokuroru Kərim Xan deyib ki,  “Taliban”ın ali lideri Mövlavi Heybətullah Axundzadə və Ali Məhkəmənin sədri Əbdül Hakim Həqqanini cinsiyyətə görə insanlığa qarşı cinayətlərdə ittiham etmək üçün “məntiqi əsaslar” var.

“Taliban” 2021-ci ilin avqustunda bütün Əfqanıstana nəzarəti ələ keçirdikdən sonra ölkəni idarə edir. Heybətullah Axundzadə Əfqanıstanda möminlərin əmiri vəzifəsindədir. O, “Taliban” hərəkatının siyasi, dini və hərbi işlərində ən yüksək səlahiyyətə malik liderdir.

Heybətullah Axundzadədən əvvəl “Taliban”ının lideri 2016-cı ildə Əfqanıstan-Pakistan sərhədində ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülən Əfqan Axtar Mansur olub. Tələbələrinin və digər yaxın tanışlarının dediyinə görə, Haybətullah Axundzadə Pakistanın cənub-qərbində yerləşən Kuçlak kəndindəki məscidin imamı olub və 15 il tələbələrə dərs deyib. O, 2016-cı ildə qəfildən ictimaiyyətin gözündən itib. İndiyə kimi o, özünü jurnalistlərdən, foto və videokameralardan uzaq saxlayır. Axundzadə “kölgədən idarə etməyə üstünlük verən lider” kimi təsvir edilir, danışıqlarda birbaşa iştirak etmir, əvəzində digər liderləri danışıqlara göndərməyi xoşlayır.

“Taliban” nümayəndələrinin ABŞ və müttəfiqləri ilə başlatdığı danışıqlar Əfqanıstanda 20 illik müharibəyə son qoymağa imkan verib. Axunzadə izdihamın qarşısına nadir hallarda çıxır, iqamətgah kimi Əfqanıstanın cənubundakı Qəndəhar şəhərini seçib. Orada verilən fərmanları, xüsusən də qızların məktəb və universitetlərdə oxumasını qadağan edən fərmanı paytaxt Kabildə yerləşən nazirlər icra edir. 2021-ci ildə “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra Əbdül Hakim Haqqani “Taliban” hökumətinin Ali Məhkəməsinin sədri təyin edilib. Əbdül Hakim Həqqani həm də Talibanın dini alimlər şurasının rəhbəridir. Xarici qoşunların Əfqanıstandan çıxarılmasından əvvəl Haqqani Qətərin paytaxtı Dohada Taliban və ABŞ arasında danışıqların nümayəndə heyətinə rəhbərlik edib.

“Afgan Analyst Network” araşdırma mərkəzinin məlumatına görə, Əbdül Hakim Həqqani ərəb dilində kitab yazıb və bu kitabda İslam əmirliyinin necə olması və onun necə idarə olunması ilə bağlı suallara münasibətini bildirib. Əfqan analitik şəbəkəsi yazır ki, kitabda Haqqani ölkənin müstəqilliyinin vacibliyini vurğulayır və hesab edir ki, kənar təzyiqlərə dözmək olmaz.

Xatırladaq ki, BCM 17 mart 2023-cü ildə Rusiya prezidenti Vladimir Putinin həbsinə dair order verib. O, Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasında ittiham olunur. Bu qərarla Putin BCM tərəfindən həbs orderi verilmiş ilk Rusiya dövlət başçısı oldu. Rusiya Roma Statutunu ratifikasiya etmədiyi üçün BCM-in yurisdiksiyasını tanımır. Bu səbəbdən, Putinin həbs edilməsi və məhkəmə qarşısına çıxarılması praktiki olaraq çətin görünür. Bununla belə, BCM-ə üzv olan 123 ölkədən birində Putin peyda olarsa, həmin ölkə onu həbs edib məhkəməyə təhvil verməlidir. Ümumilikdə, BCM-in Putinin həbsi üçün verdiyi order daha çox siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir və onun real olaraq həbs edilməsi ehtimalı hazırkı şəraitdə real görünmür.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR