Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın maliyyə naziri Skott Bessent bu həftə Ukraynaya gələcək.
Musavat.com xəbər verir ki, Bloomberg Agentliyi səfərin əsas məqsədinin ABŞ-ın kritik minerallara çıxışını təmin etmək üçün ilkin danışıqlar aparmaq olduğunu bildirir.
Qeyd olunur ki, Skott Bessent Trampın komandasının Ukraynaya səfər edən ilk nümayəndəsi olacaq.
Maraqlıdır ki, Bessentin səfəri ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukraynanı Rusiyanın işğalından müdafiə etmək müqabilində Ukrayna ilə resurslara çıxışla bağlı razılaşma əldə etmək istədiyini söyləməsindən bir neçə gün sonraya təsadüf edir. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransından əvvəl Ukraynada Tramp administrasiyasının “ciddi adamları” ilə görüşməyi planlaşdırdığını bildirib. Ukrayna prezidenti həmçinin Ukraynanın bəzi mineral ehtiyatları müqabilində ABŞ-a daha çox dəstək verəcək sazişə açıq olduğunu bildirib.
Ukrayna əhəmiyyətli uran ehtiyatlarına və titan, litium və qrafit də daxil olmaqla bir sıra mühüm minerallara malikdir. Ukrayna hökuməti onların trilyonlarla dollar dəyərində ola biləcəyini təxmin edir.
Prezident Donald Tramp deyib ki, Vaşinqtonun Kiyevə verdiyi hərbi yardımın ödənişi kimi Ukrayna 500 milyard dollarlıq mineral ehtiyatları ABŞ-a təhvil verməyə “əslində razıdır”. O, əvvəllər təkid edirdi ki, Rusiya ilə sülh sazişinin əldə edilib-edilməməsindən asılı olmayaraq, ABŞ Ukraynanın təbii ehtiyatlarına çıxış əldə etməlidir.
Musavat.com
12 Fevral 2025
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ