İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəsdir özümüzü aldatdıq!..” - Paşinyandan “müharibə partiyası”na kritik həmlə

Bakı ilə yaxınlaşmağa can atan erməni baş nazirə qarşı “sualtı daşlar” çoxalır; bölgədə “2-ci cəbhə” arzulamayan Moskva “Brüssel formatı”nı pozmaq istəyir?..

Ermənistanda sərsəm “miatsum” tərəfdarları ilə Azərbaycanla sülh və barışıq tərəfdarı olanlar arasında mübarizə pik həddə gəlib çatıb.

İki əsas qonşu dövlətlə əlaqələrin normallaşmasına alternativin olmadığını anlayan az-çox mötədil qüvvələr, özəlliklə baş nazir Nikol Paşinyan, onun komandası və tərəfdarları dərhal “vətən xaini”, “türkə satılanlar” kimi damğalanmaqda, hətta hədələnməkdədirlər. Hərçənd Paşinyan “sülh”ün “s”-ni tələffüz eləsə də hələ ki, tam şəkildə “sülh” demir və əslində ikili oyun oynayır. Çünki “Bakı ilə anlaşma” ifadəsinə dərhal “artsax”ı pərçimləyir.

Bununla belə, iki qonşu ölkə arasında birbaşa dialoqun başlanması radikal-revanşist qüvvələrə başqa yandan od vurub. Ancaq yaxşı ki, cəmiyyətdə radikal-revanşistlərin elektoratı azlıqdadır. Bunu onların Brüssel görüşü əleyhinə təşkil elədikləri 5 aprel mitinqi də təsdiqlədi. Aksiyaya ortalama 10 minə yaxın etirazçı qatılmışdı ki, bu da əhalinin heç 2%-ini təşkil eləmir.

Gallup” sorğu keçirdi: Paşinyan yenə müxalifəti ÜSTƏLƏDİ

ABŞ şirkəti “Gallup”un Ermənistanda 2-4 aprel 2022-ci il aralığında keçirdiyi rəy sorğusundan isə məlum oldu ki, əgər seçkilər indi keçirilsə, əksəriyyət (20.4%) yenə Nikol Paşinyanın partiyasına səs verəcək. Eks-prezidentlər və Xocalı hərbi caniləri - Robert Köçəryanın “Ermənistan”, Serj Sərkisyanın həmsədri olduğu “Şərəf duyuram” blokları isə müvafiq surətdə 6.8 və 3.7% səslə yetərlənməli olacaqlar. Yəni radikal müxalifət üst-üstə cəmi 10.5% səs ala bilər (Son parlament seçkilərindəki göstəricidən də aşağı!). 

*****

Şübhə yox ki, məhz bu reallığı əsas götürən Nikol Paşinyan son vaxtlar, xüsusən də Brüssel səfərindən qayıtdıqdan sonra öz xalqına acı gerçəyi daha cəsarətlə çatdırmağa, elan elədiyi “sülh erası”nı" maksimum tez zamanda bitirməyə qərar vermiş kimi görünür. Çünki o, xüsusən də Ukrayna müharibəsi nəticəsində mövcud şərtlərin Ermənistana qarşı daha da pisləşdiyini görməmiş deyil.

Bu şərtlər fonunda Azərbaycanla sülh müqaviləsini uzatmaq İrəvana baha başa gələ bilər. Nə barədə ki, erməni baş nazir iki gün öncə parlamentdəki çıxışında ilk dəfə olaraq açıq danışıb, vəziyyət belə davam edərsə, yeni müharibə haqda xəbərdarlıq edib. Azərbaycanla sülh müqaviləsini tezləşdirməyin zəruriliyini bəyan edib. 

Dağlıq Qarabağın statusu məsələsi yoxdur” - Paşinyan - Unikal.org

“Biz qurbanlıq” statusundan qurtulmalıyıq". Bunu da həmin çıxışı zamanı N.Paşinyan söyləyib.

“Biz elə bir yol açırıq ki, xalqımızı ”qurbanlıq quzu" statusundan çıxaraq. Ermənistan suveren ölkədir və biz nəyisə özümüz həll etmək hüququnu qaytarmalıyıq. Biz qurbanlıq quzu deyilik ki, bizim necə kəsiləcəyimizi müxtəlif yerlərdə onlar qərar versinlər. Gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyəm", - Paşinyan deyib.

O, Fərrux ətrafındakı vəziyyəti misal göstərərək bir daha xəbərdarlıq edib: “İndiki yolla getsək, hər şeyi hissə-hissə təhvil verməyə başlayacağıq. Bəsdir bir-birimizi aldatdıq...”

*****

Ermənistanda daxili-siyasi döyüş: Köçəryan və Sərkisyan nə planlaşdırır?

İlkin və ehtiyatlı nikbinlik belədir ki, Paşinyan xüsusən də 6 aprel görüşlərindən sonra “Brüssel gündəliyi”ni irəli aparmağa cəhd edir. Hər halda, beynəlxalq vəziyyətin Ermənistan üçün nə dərəcədə ağırlaşdığını ondan yaxşı bilən yoxdur. Rusiyaya bağlı Köçəryan-Sərkisyan tandeminə sadiq separatçı-kriminal ünsürlərin, Araik Arutunyanın fəallaşmasının əsas səbəbi də budur. Hərgah, Moskvaya bölgədə yeni toqquşma və ya “2-ci cəbhə” gərək deyil. Ermənistan parlamentinin radikal üzvlərinin Qarabağa buraxılmaması ən əvvəl bu kontekstdə izah oluna bilər.

Maraqlıdır ki, məhz bu ərəfədə Rusiya XİN-i özünün ATƏT-in Minsk Qrupundakı həmsədri İqor Xovayevi Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin edib.

“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Sual yaranır: Azərbaycanla Ermənistanı barışdırmaq üçün Rusiya ilə Qərb arasında yarışmı başlayır, yoxsa Qərblə “qanlı-bıçaq” olan Moskvanın hədəfi başqadır? Hər necə olmasa, vasitəçilərin çoxluğu adətən işin xeyrinə olmur...

***** 

Справится ли Грузия с приездом Сергея Лаврова? | Eurasianet

“Yeni Müsavat” bu yerdə xatırladır ki, az öncə Rusiya XİN başçısı Sergey Lavrov Minks Qrupu formatında ABŞ və Fransanın Rusiya ilə əməkdaşlıqdan imtina elədiyini söyləmişdi. Ötən ay isə Xovayev MQ həmsədri qismində İrəvanda olmuş, XİN rəhbəri Ararat Mirzəyanla görüşmüşdü. Həm bu görüşün, həm də Xovayevin yeni təyinatının nə dərəcədə Bakı-İrəvan münasibətlərinin normallaşmasına töhfə verəcəyini tezliklə görəcəyik.

“Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır. Daha əvvəl qeyd etdiyimiz kimi, Bakının təklif etdiyi ”Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri" və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas olduğuna dəlalət edir. Bu mövzu bu il aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışıqlarında, eləcə də bir gün əvvəl Sergey Lavrovun Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlarda və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında müzakirə olunub. Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır". Bunu da Zaxarova söyləyib.

Elə ABŞ, Avropa Birliyi də neçə vaxtdır eyni şeyi deyir. İndi məntiqlə əgər hər iki güc mərkəzi bölgədə daimi sülhdə, Azərbaycanla Ermənistan arasında məlum 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, deməli, proses sürətlənməlidir. Sürətlənəcəkmi?.. 

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR