Onlayn ictimai-siyasi qəzet
1992-ci ilin 28 yanvarında Xankəndi istiqamətindən Stinqer raketi ilə Azərbaycanın Mİ-8 helikopteri vuruldu. Ağdamdan Şuşaya uçan mülki helikopterə terror hücumu nəticəsində 3 ekipaj üzvü, əksəriyyəti qadınlardan və uşaqlardan ibarət olan 41 sərnişin həlak oldu. Pilot Viktor Seryogin sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Üstündən 32 il keçəndən sonra, Azərbaycanın mülki təyyarəsinin bu dəfə Rusiya səmasında, Qroznı yaxınlığında vurulması nəticəsində həlak olan pilotlar - əslən Azərbaycan türkü olmayan qəhrəman insanlara - Kşnyakin İqor İvanoviç (ölümündən sonra) və Kalyaninov Aleksandr Georgiyeviçə (ölümündən sonra) Prezident sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Bənzər terror aktları, bənzər talelər...
2024-cü ilin 25 dekabrda törədilən terror aktında Azərbaycanın itkiləri ilə bağlı yeni “rekord”a nail olmaq istəyirdilər. Pilotlarımızın sayəsində dinc insanların itkisinin sayı 28 yanvar terrorundan az oldu.
Xatırlatmaq yerinə düşər, 1992-ci ilin yanvar terrorundan iki ay əvvəl – 1991-ci ilin 20 noyabrında isə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 helikopterinin atəşə tutulması nəticəsində Azərbaycanın qiymətli dövlət xadimləri və media mənsubları, həmçinin digər şəxslər həlak olmuşdu. Həlak olanların içərisində Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov da var idi. Aktauda qəzaya uğrayan “yaralı” təyyarəmizdəki sərnişinlərin sırasında da qazax qardaşlarımız var idi.
Bu gün nəzərlər Astanaya dikilib – “qara qutu” həqiqətlərinin elan olunacağı doğma şəhərə, ünvana! O dəhşətli qəzadan bir ay ötür. Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin vurulmasını ört-basdır etmək istəyən tərəf bəllidir. 62 sərnişin və 5 ekipaj üzvünə qarşı nə insanlığa, nə beynəlxalq hüquqa, nə də dövlət adına yaraşmayan qəsdin edilməsini gizlətmək bəşəri cinayətə yol verməkdir. 38 nəfər günahsız insanın həlak olmasına, 29 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan xain hücum təkcə bir hava nəqliyyatına, təyyarənin sahibinə - AZAL-a, dövlətimizə deyil, həm də insanlığa qarşı cinayətdir! Nə yaxşı ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin baş moderatorluğu ilə həqiqətlərin üzərinə kül səpilməsinə, Rusiya mediasında hətta qəhrəman pilotlarımıza şər atılması kimi çirkin əməllərə əl atılmasına baxmayaraq, istintaqı aparan Qazaxıstan dövləti haqq-ədalətin yanındadır. “Qara qutu”ları materiallarının sürətinin Azərbaycan və Rusiyaya təqdim olunduğu bildirilir.
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevun söylədiyi kimi, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir! Bu, olduqca ciddi məqamdır. Rusiya tərəfi hətta pilotla dispetçer arasındakı dialoqu da saxtalaşdırmağa cəhd göstərdi, özünün ssenarisini yazdı. Onlar üçün gözlənilməz olub, çünki terroru həyata keçirənlər şahidin olmayacağına, dənizdə batırılacaq təyyarənin çıxarılmasının aylarla davam edəcəyini əsas gətirərək, prosesi maksimum uzadacaqlarına, ən nəhayət, “qara qutu”ların “zədələnməsi səbəbindən” oxunmasının mümkünsüz olduğunu açıqlayacaqdılar. Sonda da Rusiya tərəfinin iddia etdiyi kimi, günahı “quşların boynuna” qoyacaqdılar, beləcə, günahsız insanların qanı batırılacaqdı.
Alınmadı. Azərbaycan dövlətinin qətiyyəti, Prezident İlham Əliyevin prinsipiallığı, hər zaman olduğu kimi, vətəndaşına sahib çıxması, törədilən cinayətlə bağlı tələblərini irəli sürməsi qarşı tərəfi çıxılmaz vəziyyətdə qoydu. Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başısına zəng edərək təəssüfünü ifadə etməsi və baş verənlərə görə üzr istəməsi məhz İlham Əliyevin qətiyyətinin məntiqi nəticəsidir. Bəli, prezident Putin dekabrın 27-də təyyarə qəzasına görə üzr istəyərək, Rusiyanın hava məkanında “faciəvi hadisə”nin baş verdiyini deyib. Amma heç şübhəsiz ki, bu, yetərli deyil. Dövlət başçımız da bununla kifayətlənməyərək, mülki təyyarəmizi vuranların cəzalandırılmasını, Rusiyanın kompensasiya ödəməsini, ümumilikdə ədalətin rəsmi, hüquqi səviyyədə təmin olunmasını bir neçə dəfə qətiyyətlə tələb edib. “Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”-mövqeyi sıradan məsələ deyil.
Mülki təyyarəmiz vurulub, bu, şübhəsizdir, şahidlər-sübutlar ortada, təyyarənin qəlpə yerləri də “dil açıb, danışır”. Mümkün deyil ki, uçuş saatı bəlli olan, konkret qrafiklə Qroznıya enən mülki təyyarə hansısa PUA ilə dəyişik salınsın. Rusiya o hərbi imkanlara malikdir ki, dəfələrlə Xəzərdən min km-likdəki obyektləri vurub, fəxrlə Suriyadakı Bəşər Əsəd əleyhdarları olan silahlı qruplaşmaların mövqelərinə raket zərbələri endirdiklərini bəyan edib. Özü də Suriyada iki hərbi bazası olduğu halda, Xəzərdəki hərbi donanmasından Suriyaya raketlər “göndərirdi”. Ukraynaya da bir neçə dəfə hava zərbələri məhz Xəzərdən endirilib. Baxmayaraq ki, Xəzərin sülh dənizi olması razılaşdırılmışdı, hərbiləşdirilməsinə qarşı dəfələrlə çağırışlar olub. Amma Rusiya haradan gəldi, “düşmən” hesab etdiklərini hədəfə alıb, nöqtəli zərbələr endirib. İndi necə oldu 2 km hündürlükdən uçan AZAL təyyarəsini PUA ilə qarışıq saldı? Mümkünsüzdür! “Dovşanı araba ilə tutan” ölkə bu qədərmi orientiri itirib?
Rusiya XİN başçısı Sergey Lavrov İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulması ilə Azərbaycan təyyarəsinin qəzaya uğraması arasında paralellik aparmağa cəhd göstərməklə də böyük yanlışa imza atdı. Rusiyanın o boyda baş diplomatı bu qəsdin altından çıxa bilmədi, söz ehtiyatı onun normal ifadələr tapmağa belə, imkan vermədi. “Qara qutu”ların nəticələrini gözləmədən, “qara qutu” kimi danışmağa cəhd göstərdi. Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”larında “çox maraqlı məlumatlar” olduğunu iddia etməklə hamıdan “çox bildiyini” göstərməyə çalışdı, “qara qutu” məlumatlarının hazırda yayılan versiyaların çoxunu “dəstəkləmədiyini” dedi. Çox absurd iddia Rusiya XİN rəhbəri tərəfindən irəli sürüləndən sonra təbii ki, Rusiya mediasında, ayrı-ayrı rəsmi qurumlarında Azərbaycana qarşı çirkin kampaniya gözlənilən idi. Hətta Ararat Mirzoyanın Moskvaya çağırılması və onunla bağlı qapılar arasında iki saatlıq söhbətin içərisində də təyyarə söhbəti olmamış deyil. Ermənistanın qarşıdakı günlərdə təxribatları olacaqsa, orada da Rusiyadakı anti-Azərbaycan çevrələrin barmağını axtarmaq lazımdır. O barmaq tətiyi çəkməyə öyrəncəlidir. Fərqi yoxdur, 1991-ci ilin 20 noyabrında olsun, 1992-ci ilin 28 yanvarında olsun, yaxud 2024-cü ilin 25 dekabrında. Rusiyanın 366-cı alayının mövcud olduğu ərazidən Azərbaycanın mülki helikopterinə atılan “Stinqer”i heç şübhəsiz ki, Rusiya tərəfi erməni canilərinə hədiyyə etmişdilər.
2020-ci ilin noyabrında, qəhrəman ordumuz Şuşanı azad etdikdən sonra Rusiyanın Ermənistandakı bazasından hərbi helikpterin “azıb” Naxçıvan istiqamətinə uçması kimin planı idi, Lavrov bu barədə də danışsa, çox yaxşı olar? Bakı-Qroznı mülki təyyarəsinin uçuşu dövlətlərarası razılaşma ilə həyata keçirilir. Sərhədimizi qanunsuz keçməyə cəhd edən rus helikopterindən fərqli olaraq. Üstəlik, həmin helikopterin Azərbaycandan açılan atəşlə vurulması da tam məlum olmadı, məncə. Sadəcə, dövlətimiz böyüklük nümayiş etdirdi, üzrxahlıq etdi, kompensasiya ödədi. Lavrov paralelik aparırsa, 2020-ci ilin 9 noyabr axşamı naməlum uçuş həyata keçirən Mİ-24 helikopteri ilə AZAL-a məxsus mülki təyyarə arasında aparmasın, bu suala da cavab versin: 28 yanvar 1992-ci il helikopterini kim vurmuşdu?! Bu, 25 dekabr cinayətini gizlətmək istəyənlər üçün QAN YADDAŞIdır! 20 Noyabrla bağlı da suallar var!
Üstəlik, 9 noyabrdakı müəmmalı hadisə zamanı Rusiya helikopterində 2 hərbçi ölmüşdü, biri yaralanmışdı. İtkilərin miqyası arasında da yerlə-göy qədər fərq var. Mülki təyyarəmiz yanlışlıqla da vurula bilərdi, amma sistemin iflic edilməsi, onun enməsinə izn verilməməsinə nə ad verək?! Bu, 21-ci əsrin cinayətidir! Cəza qaçılmazdır!
Yaxud digər terror aktı: 1991-ci ildə Qarabağa, ermənilərlə danışığa gedən dövlət xadimlərimiz və digərlərini 300 metr yüksəklikdə vuran da ermənilərə bağışlanan silah idi.
Təsəvvür edin, o zaman günahsız insanların məhvinə səbəb olanları cəzalandırmaq, heç olmasa 3-5 ermənini sutkalıq həbs etmək əvəsinə, Xankəndidəki rus qarnizonunun hərbi prokuroru İ.Lazutkin 248-ci maddə ilə (RF CM) (“Uçuşun düzgün idarə olunmaması və insan tələfatı”) cinayət işi açdı. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına (?!-E.P.) müsahibəsində prokuror Lazutkin iddia edib ki, həlak olan azərbaycanlılara ilkin yardımı “ermənilər göstərib”. Bu ermənipərəst helikopterin “qara qutusu”-nu da ələ keçirmişdi. Sonra iddia etmişdi ki, qara qutu “istidən”, “yanğından” və “partlayışdan” sıradan çıxıb, əriyib. Helikopterə ABŞ istehsalı olan Barret M81A1 və Barret M82A1 silahından atəş açılmışdısa, o silahları “yazıq” ermənilər necə əldə etmişdilər?!
O zaman Rusiyanın İTAR-TASS agentliyi “DQMV”-nin komandirinə istinadən “helikopter dumanlı havada qayalara çırpıldığını” açıqlamışdı, hadisədən 2 saatdan çox keçəndəəən sonra. İstintaq zamanı, helikopterdə raket partlayışına aid deşiklər aşkarlansa da, “qara qutu”nun Moskvaya “oxunmaq” üçün göndərilməsi ilə məsələ it-bata salındı.
Bu günlərdə “Caliber” saytı mənbələrə istinadən yazıb ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi vurulduğunu təsdiq edir. Bəli, artıq hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir! Bu dəfə həqiqəti ört-basdır etmək mümkünsüzdür, çünki “qara qutu” tək deyil, ortada qutular var və onların sürəti Moskvaya verildiyi kimi, Bakıya da verilib, son söz Bakınındır! Əlbəttə, Qazaxıstanın obyektiv araşdırmaları açıqlamasından da çox şey asılıdır. Astananın ədalətinə güvənirik! Çünki bu atəş həm də Astanaya, Qazaxıstanın günahsız insanlarına açılıb.
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ