Onlayn ictimai-siyasi qəzet
Bərdə şəhərində məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, şəhərin bir sıra küçələrində, xüsusilə də Bərdə Şəhər Uşaq xəstəxanasının və Dost Mərkəzinin yaxınlığında vəziyyət dözülməz həddə çatıb.
Onların bildirdiyinə görə, aidiyyəti qurumlar zibilin daşınmasına lazımi nəzarəti həyata keçirmir. Tullantılar günlərlə ərazidə qala-qala həm çirkin mənzərə yaradır, həm də isti yay günlərində kəskin qoxu ilə ətrafı bürüyür. Sakinlər deyirlər ki, qoxu hətta yaxınlıqdakı evlərə və müəssisələrə qədər yayılır, bu isə həm insan sağlamlığı, həm də şəhərin sanitar-gigiyenik vəziyyəti üçün ciddi təhlükədir.
Şikayətçilərin sözlərinə görə, vəziyyət xüsusilə uşaq xəstəxanası yaxınlığında daha narahatedici hal alıb:
“Buradan hər gün onlarla uşaq keçir, bəziləri xəstədir. Ancaq tullantılar məhz bu ərazidə qalaqlanır. Həm gigiyenik, həm də mənəvi baxımdan bu, qəbuledilməzdir”.
Sakinlər aidiyyəti qurumlara çağırış edərək problemin tez bir zamanda aradan qaldırılmasını, tullantıların vaxtında daşınmasını və ərazidə sanitar-gigiyenik qaydalara əməl olunmasını tələb edirlər.
Bərdə RİH başçısının nümayəndəsinin müavini Əziz Əzizov Musavat.com-a açıqlamasında bildirib ki, zibilin yığılması ilə Bərdə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi məşğul olur.
Birliyin sədri Natiq Qasımovla əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermədi.
Şahanə Rəhimli,
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ