Onlayn ictimai-siyasi qəzet
Yanvarın 27-də Belarusda prezident seçkisi keçirilib. Seçkini izləmək üçün müşahidəçi qismində Azərbaycandan da nümayəndə heyəti Belarusa səfər edib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a seçkinin nəticələri ilə bağlı şərhində bildirib ki, müşahidəçilər üçün qanunvericilikdə nəzərdə tutulmuş şərait yaradılıb:
“Beynəlxalq müşahidəçi qismində Azərbaycan parlament nümayəndə heyəti olaraq Milli Məclisin sədr müavini Musa Qasımlı və parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə ilə birlikdə Belarusda keçirilən prezident seçkilərinin gedişatını Minsk və Zaslau şəhərlərində izlədik. Seçkilər kifayət qədər sakit, ictimai qayda və asayişin təmin olunması şəraitində, seçki fəallığı ilə müşahidə olundu. Seçicilər çox rahat və şəffaf şəraitdə iradələrini ifadə edə bildilər. O cümlədən müşahidəçilər üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərait yaradıldı ki, proseslə bağlı hüquqlarını həyata keçirsin”.
Deputat seçkilərlə bağlı formalaşdırılmağa çalışan mənfi rəy barədə bunları deyib:
“Bəzən insanlar Belarusa və bu ölkədə dövlət-hakimiyyət münasibətlərinə Qərb təbliğat maşınının pəncərəsindən baxır, lakin birmənalı şəkildə demək olar ki, bu ölkə barədə Qərb təbliğatı tam mənada yalan üzərində qurulub. Məsələn, Qərb təsisatları seçkilərdən az qala həftələr əvvəl nəticələrlə bağlı bəyanatlar verdilər və bu o deməkdir ki, onlar üçün belarusluların suveren iradəsinin heç bir önəmi yoxdur. İnsan haqları və demokratiya dəyərləri altında pərdələnən Qərb imperializmi, ələlxüsus şər yuvası olan Avroparlamentin timsalında Avrostrukturlar üçün xalqların müstəqil iradəsi, suverenliyi, haqları önəm daşımır. Sadəcə Qərb imperializmi girə bilmədiyi mətbəxləri çirkli elan edir, marionet olmayan iqtidarlar Qərb üçün avtomatik düşmənə çevrilir. Eyni zamanda avtomatik olaraq bu proseslərdə imperializmin bütün coğrafiyalar üzrə 5-ci kolonları aktivləşir, eyni tezisləri tirajlayırlar. Azərbaycanda da antimilli ünsürlərin bəyanatları və paylaşımları fonunda eyni yanaşma müşahidə olundu. Bu mənada Belarusda dinc şəraitdə baş tutmuş seçkiləri Belarus xalqının qələbəsi hesab edə bilərik”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ