Onlayn ictimai-siyasi qəzet
Bəhruz Valeh oğlu Səmədov aktiv sosial şəbəkə istifadəçiləri arasında "No War"çılar kimi tanınan təxribatçı dəstənin üzvü olaraq xatırlanır.
Həmin dəstə üzvləri özlərini hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq ölkəmiz üçün kritik dövrlərdə əsasən erməniləri və Ermənistanın Azərbaycana təcavüzünü müdafiə edib, Qarabağdakı separatçıları dəstəkləyiblər. "No War"çı dəstə dediyimiz qrupun ən parlaq siması Qiyas İbrahimov adlı oğlan olsa da, əsas dövrlərdə Bəhruz Səmədov da ondan geri qalmayıb. Həmçinin Bəhruz Səmədov özünü liberal dünyagörüşünün təmsilçisi kimi təqdim edən, hər fürsətdə milli özünəməxsusluğu, dəyərləri təhqir edib aşağılayan Cavid Ağa və eyni dünyagörüşünü, təxribatçı xarakteri daşıyan Səməd Şıxı ilə də bir cəbhədə olduğunu hər zaman nümayiş etdirib. Sülhsevərlik, tolerantlıq kimi ümumbəşəri pozitiv dəyərləri yorulmadan istismar edən sözügedən şəbəkənin əsl mahiyyəti isə birmənalı olaraq anti-Azərbaycan milli kimliyə, milli mentalitetə və suveren inkişafa qarşı fəaliyyətdir. Onlar hər məqamda bu hədəflərinə çatmaq üçün müxtəlif hadisələrdən təxribatçılıq niyyəti ilə istifadə ediblər.
Bəhruz Səmədovun ictimai qaydada, sosial şəbəkələrdə anti-Azərbaycan fəaliyyəti və erməni işğalçılarına, separatçılara dəstəyi təəssüf ki, yalnız sözdə - statuslarda, çıxışlarda, diskussiyalarda qalmayıb. Müəyyən edilib ki, o 2020-ci ildən, yəni Vətən müharibəsi dövründən başlayaraq Ermənistan Respublikasının Xüsusi Xidmət Orqanları nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib. Onlardan bəziləri İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar. Adlarını çəkdiyimiz şəxslərdən Lilit Şahverdiyanın üzərində xüsusi durmağa ehtiyac var. Azərbaycanın vaxtı ilə işğalda olan Qarabağ bölgəsindən olan bu qızcığaz Parisdə Siyasi Araşdırmalar İnstitutunda magistratura təhsili alıb. Hətta onu sözügedən instituta qəbulu münasibəti ilə öz "X" hesabında Fransanın Ermənistandakı səfiri Olive Dekotini də təbrik edib. Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur. Nəzərə alsaq ki, Ermənistan Xüsusi Kəşfiyyat Xidməti məhz Fransa tərəfindən qurulub və inkişaf etdirilir, Lilitin Ermənistan xüsusi xidmət orqanlarına təsadüfən cəlb olunmadığı aydın olur. Bəhruz Səmədov Ermənistan Respublikasının adıçəkilən vətəndaşlarının tapşırığına əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə həmsərhəd rayonları və Qarabağ iqtisadi rayonunda baş verən vacib proseslər barədə məlumatlar toplayaraq həmin şəxslərə təqdim edib, həmin tapşırıqların yerinə yetirilməsi qaydasında Azərbaycan ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq sosial şəbəkə platformalarındakı müxtəlif hesablarında paylaşıb, o cümlədən Ermənistan Respublikasının Xüsusi Xidmət Orqanlarına işləyən İrina Safaryanla "WhatsApp" mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qayıtması ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib. Ermənistan Respublikası Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq edən Lilit Şahverdiyanın "Lilit Stepanakert" adlı "Telegram" kanalı ilə apardığı yazışma zamanı isə Şahverdiyandan konkret tapşırıq alan Bəhruz Səmədov, ona şəkili göndərilən Azərbaycan Respublikası vətəndaşı barədə məlumatlar toplayaraq Ermənistan tərəfə ötürməklə Azərbaycan Respublikası əleyhinə düşmənçilik məqsədi ilə xarici dövlətə casusluq etmiş, xarici dövlətin təşkilat və nümayəndələrinə kömək göstərməklə Azərbaycan dövlətinə xəyanət etmişdir.
Bundan əlavə Bəhruz Səmədov vaxtı ilə Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti və bölgədə baş verən diqqətçəkən proseslər, həmçinin Azərbaycandakı radikal dini cərəyanlar, o cümlədən "Hüseyniyyun" cinayətkar birliyinin fəaliyyəti və üzvləri barəsində məlumat toplamaq tapşırığı aldığı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Yegiya Taşjyan adlı şəxsə onun tapşırığına uyğun topladığı geniş informasiyanı təqdim etmişdir. Qeyd olunan konkret əməllərin araşdırmalar nəticəsində ifşasından sonra Bəhruz Səmədov 21 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 23 avqust 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətinə həbs edilmişdir.
Bəhruz Səmədovun Azərbaycan Respublikası əleyhinə fəaliyyəti yalnız qeyd etdiklərimizlə kifayətlənmir. Onun apardığı digər fəaliyyətlər də təxribat-pozuculuq fəaliyyətinin və Azərbaycan düşmənçiliyinin onun əsas qayəsi olduğunu göstərir. O, erməni diasporu tərəfindən Çexiyanın Praqa şəhərində "Azərbaycan dövləti tərəfindən Qarabağda etnik təmizləmə aparılması, erməni mədəni irsinin məhv edilməsi" mövzusunda təşkil olunan tədbirdə iştirak edərək Ermənistan dövlətinin maraqlarına xidmət edən və ölkəmiz əleyhinə yönələn fikirlər səsləndirmiş, o cümlədən həmin tədbirdə iştirak edən zaman təsisçisi olduğu "SAMQ" "Telegram" qrupuna "milli kimliyimdən və qanımdan utanıram, azərbaycanlıların ermənilərə etdiklərinə görə onlardan üzr istəyirəm, Azərbaycanda yeganə pozitiv hərəkat birbaşa Azərbaycan adlı dövlətə və kimliyə qarşı olmalıdır" məzmunlu mesajlar yazaraq, dövlətə qarşı təbliğat təşkil etmişdir.
Bəhruz Səmədov 26 may 2024-cü ildə erməni kilsəsi tərəfindən Çexiyanın Praqa şəhərində təşkil olunmuş digər tədbirə də eyni məqsədlə cəlb olunmuş, orada da eyni mövqedən çıxış etmişdir.
Araşdırmalar zamanı məlum olmuşdur ki, Bəhruz Səmədov "Bakı Araşdırmalar İnstitutunun" rəhbəri, Bakı Dövlət Universitetinin sabiq müəllimi, son illər xaricdə yaşayaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Altay Göyüşovun təşəbbüsü ilə Qərb dövlətlərindən birinin xüsusi xidmət orqanları tərəfindən idarə olunan "Demokratiyaya Milli Dəstək Fondunun", yəni NED-in əməkdaşı Dauvel Ostin Elsvorsla 15 aprel 2024-cü il tarixdə Praqa şəhərində görüş keçirmiş və Azərbaycan Respublikasının dövlət siyasəti əleyhinə birlikdə fəaliyyət razılığı əldə etmişlər.
Bu məqamda Altay Göyüşovun kimliyini və mahiyyətini xatırlatsaq, yerinə düşər. Altay Göyüşov o şəxsdir ki, hər zaman Azərbaycan dövlətini və onun ordusunu zəif göstərməyə çalışıb, Azərbaycanın öz torpaqlarını işğaldan azad edə bilməyəcəyini aşılayaraq cəmiyyəti təslimçiliyə kökləməyə çalışıb. İnternet məkanı onun bu qəbildən olan axmaq və cılız iddiaları ilə doludur. Amma yalnız onun bu məşhur çıxışını burada təqdim etməklə çox şey demiş ola bilərik…
Bəli, Bəhruz Səmədovu Altay Göyüşovun nə üçün bu qədər dəstəklədiyi də gün kimi aydın olur.
Bu ilin 18-21 iyun tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi ilə Böyük Britaniyanın Mançester şəhərində keçirilmiş Azərbaycanla Ermənistan arasında mövcud vəziyyəti əks etdirən "Araz" konfransı çərçivəsində Bəhruz Səmədov və Altay Göyüşov yenidən görüşmüş, Göyüşov Bəhruzu "NED"in digər əməkdaşı, Gürcüstanda fəaliyyət göstərən Ben Dubovla əlaqələndirmişdir. Sonradan Bəhruz Səmədov 17 iyul 2024-cü il tarixdə Dubovla birlikdə Gürcüstanda keçirdiyi görüşdə NED-in nümayəndələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın dövlət hakimiyyətinin beynəlxalq aləmdə nüfuzdan salınması və mövqelərinin zəiflədilməsi məqsədi ilə ölkədə cərəyan edən ictimai-siyasi proseslər, bu ilin sentyabr ayının 1-də keçiriləcək parlament seçkisinə hazırlıqlar, namizədliyini vermiş şəxslər, müxalifətin mövcud vəziyyəti, hökumətin mümkün müdaxiləsi, dırnaqarası siyasi məhbuslar, Azərbaycan Prezidentinin gücü, plan və niyyətləri barədə məlumatlar təqdim etmişdir.
Dağıdıcı fəaliyyətinin ifşa olunduğunu anlayan Bəhruz Səmədov ona Ben Dudov tərəfindən elektron qaydada alınmış təyyarə bileti ilə həbs olunmaqdan qurtulmaq üçün 23 avqust 2024-cü il tarixdə Praqaya getməyə cəhd göstərmişdir.
Bəhruz Səmədovun Almaniyanın "Heinrich Böll" fondunun Cənubi Qafqaz regionu rəhbəri, Almaniya vətəndaşı olan Sonya Şiffersə qərəzli anti-Azərbaycan materialları təqdim etdiyi, COP29 ərəfəsində ölkəmiz əleyhinə planlaşdırılan bir sıra fəaliyyətlərdə əməkdaşlığa razılıq verdiyi məlum olmuşdur.
Həmçinin, Bəhruz Səmədov "EurasiaNet" xəbər portalının katibi Castin Burkenin tapşırığı və ödədiyi pul hesabına sözügedən saytda Azərbaycan əleyhinə təxribatçı və qərəzli materiallar yazmış, COP29 tədbirindən əvvəl, bu ilin oktyabr ayında ölkəmiz əleyhinə qara piar kampaniyası aparmağa razılıq da verib. Onu da qeyd edək ki, "EurasiaNet" portalı birbaşa Soros Fondundan maliyyələşir və bu resursun anti-Azərbaycan fəaliyyətə həvəsli olmasının kökü də məhz buradan qaynaqlanır.
Xocalı faciəsini soyqırımı hesab etməyərək ermənilərin haqlı olduğunu beynəlxalq aləmdə açıq şəkildə bəyan edən, 2020-ci ilin oktyabr ayında "Caucasus Talk" və 2022-ci ilin sentyabr ayında "Bright Garden Voices" dırnaqarası sülh platformaları tərəfindən hazırlanmış, müharibənin dayandırılmasını tələb edən və Azərbaycanı işğalçı dövlət adlandıran qərəzli bəyanatlara imza atan Bəhruz Valeh oğlu Səmədov 29 aprel 1995-ci ildə Bakı şəhərində anadan olub. Hər iki valideyni narkotik maddələrdən istifadə ediblər. Onun valideynləri 2002-ci ildə boşanıblar. Anası 2013-cü ildə psixi problemlər səbəbindən intihar edib, atası isə narkotik vasitələrin təsirindən 2021-ci ildə ölüb. Bəhruz Səmədovu ana nənəsi, ətrafında radikal müxalif dünyagörüşünə sahib biri kimi tanınan Zibeydə Osmanova himayə edib.
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının "Filologiya" fakültəsində bakalavr, daha sonra magistr, Macarıstanda Corc Sorosun təsis edib maliyyələşdirdiyi Mərkəzi Avropa Universitetinin "Beynəlxalq əlaqələr" fakültəsinin magistratura pilləsini bitirmiş, hazırda isə Çex Respublikasının Karlov Universitetinin "Siyasi elmlər" fakültəsinin doktoranturasında təhsili davam edən Bəhruz Səmədovun millətinə və dövlətinə qarşı olan dərin, ətürpərdici nifrətinə qəzəblənməmək mümkün deyil.
Baku TV
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ