İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhruz Məhərrəmov: “2024-cü il yeni başlanğıc, arınmaq ilidir”  

 

Milli Məclisin iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan xalqı Konstitusiyanı qəbul edərkən hər kəsin firavanlığının təmin olunması, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini arzulayıb.

“Müstəqillik tariximizi təhlil etsək, səmimi şəkildə deyə bilərik ki, 2023-cü ildə nəhayət biz bütün prinsipial konstitusion niyyətlərin realizəsini başa çatdıra bilmişik. Apreldə sərhəd tamlığı, sentyabrda isə bütün ərazimizdə konstitusiya quruluşunun bərqərar edilməsi ilə dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü qətiyyətlə təmin olunub. Bütün yad meyllər zərərsizləşdirilərək, iri güclərin agentura şəbəkəsi çökdürülərək - xalqın iradə ifadəsi kimi qanunların aliliyini təmin edən qüdrətli dövlət qurulub”, deputat əlavə edib. 

B.Məhərrəmov bildirib ki, Azərbaycan xalqının layiqli rifahı önündə əsas əngəl olan işğala birdəfəlik son qoyaraq, azad olunmuş ərazilərə böyük qayıdışın əsas mərhələsinə start verərək hamının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində həlledici addımlar atılıb: “Siyasi islahatların dərinləşməsi ilə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verilib.

Bir sözlə, Heydər Əliyev ilində, Ulu Öndərin bütün konstitusion hədəfləri reallaşıb. Bu mənada, gələn il, 7 fevral növbədənkənar prezident seçkiləri əslində həm də dövlətçilik tariximizin yeni inkişaf mərhələsinə keçid olacaq. İndi növbə vətəndaşındır, seçkidə aktivlik göstərməklə yeni quruculuq prosesinə töhfə hər bir azərbaycanlının vəfa borcudur. Əlbəttə, hər kəs seçimini sərbəst edəcək və burda heç bir çağırış etmək niyyətində deyilik. Amma artıq Qorbaçovun xeyir-duası ilə formalaşan cəbhə təfəkküründən qurtulmaq vaxtıdır. Hakimiyyətə münasibətdə ucuz tənqid, yaxud sosial mediada xoruzlanmaq müstəqilliyin göstəricisi ola bilməz.  Hər bir cəmiyyətdə ən müstəqil şəxslər elə dövlətinə arxalanan adamlardır. Ona görə də artıq Azərbaycan vətəndaşı dövlətin adamıyam deməkdən nəinki çəkinməməli, Heydər Əliyev dövlətinin adamı olmaqdan qürur duymalıdır. Ən azı ötən 3 illik dövr göstərdi ki, Azərbaycanda dövlət, hakimiyyət və vətəndaş ayrı cəbhələrdə deyil. Buna tənə etmək istəyənlərin əslində özlərinin kimin adamı olduğunu hamımız görürük. Bu gün ya Avropada kiminsə qucağında oturub, ya da Bakıda çiyinində çantası səfirliklərin ətrafında veyillənərək özünü xarici ölkələrə satır”.

Deputat bildirdi ki, 2024 yeni başlancığdır, bizim üçün təməlində böyük uğurlarımızın, zəfərlərimizin dayandığı milad ilidir, arınmaq ilidir: “Şansdır, arınsınlar, təmizlənsinlər bu çirkabdan və qalibiyyətin çətiri altına yığışsınlar! Qalib ölkənin vətəndaşına həmrəylik yaraşır. Qarşıdan da həmrəylik günü və yeni il gəlir.

Əziz həmkarlar, bu bayramlar münasibəti ilə, başda müzəffər Ali Baş komandan və ailəsi olmaqla, o cümlədən Milli Məclisin bütün heyətini, şəhid ailələri və müharibə iştirakçıları başda olmaqla, xalqımızı, ələlxüsus təmsil etdiyim Biləsuvar sakinləri təbrik edir və 2024-də hər bir azərbaycanlıya məhz dövlətin adamı olmağı arzulayıram”.

E.Paşasoy,

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR