İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraq sistemindən xəbərsiz çimərliklər: Standartlar pozulur, qiymətlər uçur


Yay mövsümünün başlanması ilə çimərlik mövzusuna maraq artıb. Lakin ekoloqlar xəbərdarlıq edirlər:
Azərbaycanın çimərliklərinin əksəriyyəti nə beynəlxalq standartlara, nə də insan sağlamlığına uyğundur.

Mövzu ilə bağlı “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov Musavat.com-a danışıb. O bildirir ki, ölkəmizdə çimərliklər hələ də sistemsiz və pərakəndə şəkildə fəaliyyət göstərir:
“Çimərliklər həcminə, sahəsinə və adam tutumuna görə bir neçə kateqoriyaya bölünür. 200 nəfərə qədər olan birinci, 200-1000 nəfərlik ikinci, 1000-dən yuxarı isə üçüncü kateqoriyaya aiddir. Amma Azərbaycanda bu standartlara cavab verən çimərlik yoxdur”.

Həsənovun sözlərinə görə, beynəlxalq normalara görə birinci kateqoriyalı - yəni bütün standartlara cavab verən - çimərliklərə "göy bayraq" verilir. İkinci kateqoriyaya yaşıl, üçüncüyə isə sarı bayraq təqdim olunur. Lakin Azərbaycanda bu rəngli təsnifata düşən rəsmi çimərliklər yoxdur:

“Hövsan və Şıxovda bir neçə ictimai çimərlik yaradılıb, müəyyən qədər qaydalara uyğunlaşır. Amma bu çox azdır. Əksər çimərliklər kommersiya məqsədi daşıyır, qiymətlər bahadır, əksəriyyətin ora getmək imkanı yoxdur".

Ekoloq bildirir ki, bəzi sahələrdə kafelərin, restoranların çoxluğu artıq çimərlik anlayışını sıradan çıxarıb:
“Beynəlxalq norma tələb edir ki, çimərlik ərazisinin yalnız 8 faizi xidmət sahələrinə - kafe, restoran və s. ayrılmalıdır. Amma məsələn, Bilgəhdə insanlar bundan şikayətçidir. Orada restoranlar o qədər çoxdur ki, sahil boyu normal istirahət etmək olmur”.

Ekoloqun dediyinə görə, standartlara görə çimərlik ərazisi aşağıdakı kimi bölünməlidir:

30% yaşıllıq sahəsi,
40% istirahət zonası,
8% xidmət sahələri (restoran, kafe və s.)
10% idman zonası (futbol, voleybol)
5% piyada yolları,
7% uşaq əyləncə zonası,

Bundan əlavə, hər bir şəxsə minimum 2 kvadratmetr yer düşməlidir. Avtomobillər çimərlik zonasına daxil olmamalı, dayanacaqlar 700-1000 metr məsafədə yerləşdirilməlidir.

S. Həsənov bildirir ki, çimərliklərdə yalnız xilasetmə xidməti deyil, tibbi personal, təlimatçılar, sanitar qovşaqlar da mütləq şəkildə təmin olunmalıdır. Əraziyə yaxın çirkli suyun dənizə axıdılmasına isə qəti qadağa qoyulmalıdır:

“Hər il çimərlik mövsümünün əvvəlində dəniz suyunun çirklənmə səviyyəsi ölçülməli və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Bundan əlavə, səs-küy səviyyəsi 45 desibeldən artıq olmamalıdır. Qısa müddətdə isə maksimum 80 dB(A) qəbul olunur”.

Bütün bu tələblər və reallıqlar fonunda məlum olur ki, Azərbaycanda çimərlik turizmi hələ də ciddi çatışmazlıqlarla üzləşir. İctimai və pulsuz çimərliklər azlıq təşkil edir, kommersiya məqsədilə fəaliyyət göstərənlər isə həm qiymət, həm də keyfiyyət baxımından insanları qane etmir.

Ekoloqların fikrincə, dənizə çıxışı olan bir ölkədə bu vəziyyət qəbuledilməzdir və ciddi nəzarət və islahat tələb olunur.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR